"Dəyərli oxucular, bildirmək istəyirəm ki, bu gündən etibarən mən Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri deyiləm, bundan sonra öz fəaliyyətimi elmi yaradıcılıq istiqamətində davam etdirəcəyəm”.
Ovqat.com xəbər verir ki, prezidentinin sabiq köməkçisi Əli Həsənov son kadr dəyişiklikləri ilə bağlı facebook statusunda belə yazıb.
O, xüsusi olaraq vurğulayıb ki, bundan sonra da 25 illik siyasi “vərdişini” davam etdirəcək:
“... Mən öz siyasi karyerama Heydər Əliyev kursunun sadiq əsgəri kimi başlamış, 25 il bu kursa, bu kursun davamçısı olan cənab İlham Əliyevə sədaqətlə xidmət etmişəm və bundan sonra da bu kursa xidmət edəcəyəm. Mənim Azərbaycan dövlətçiliyinə, Heydər Əliyev siyasi kursuna və İlham Əliyevin yürütdüyü siyasətə sədaqətim dəyişməzdir. Hər kəsin bilməsini istəyirəm ki, mən həmişə Heydər Əliyev ideyalarının daşıyıcısı, İlham Əliyevin siyasi kursunun dəstəkçisi olaraq qalacağam.
Azərbaycanda başlamış yeniləşmə kursuna inanır, həyata keçirilən islahatların ölkəmizə və xalqımıza uğurlar gətirəcəyinə əminliyimi ifadə edirəm.
Cəmiyyətimizin bütün təbəqələrini bundan sonra da Heydər Əliyev siyasi kursuna dəstək verməyə və cənab İlham Əliyevin ətrafında sıx birləşməyə çağırıram".
Məsələ burasındadır ki, Əli Həsənov yeniləşən dünya şərtlərinə ayaq uydura, xüsusilə media siyasətində köhnə qəliblərdən çıxa bilmədiyi üçün Prezidentin yeni komandasından kənarda qaldı. O, xüsusilə medianı siyasi müxalifətə qarşı söyüş arenasına çevirməklə Azərbaycanda siyasi mübarizəni də öz məhvərindən uzaqlaşdırdı və nəticədə həm hakimiyyəti, həm də özünü çətin vəziyyətə saldı. Xüsusilə Ata Abdullayevin Ermənistan baş naziri qarşısında biabırçı məğlubiyyəti Əli Həsənovun 25 illik vərdişinin işə yaramadığını bütün çılpaqlığı ilə ortaya qoydu.
O isə hələ də 25 illik təcrübəsindən qürur hissilə danışır və məğlubiyyətinin əsl səbəbini anlaya bilmir. Bu təfəkkürlə onun bundan sonrakı elmi yaradıcılığında uğur qazanıb-qazanmayacağı belə mübahisəlidir. Hər halda biz Əli müəllimə yeni çalışma sahəsində uğur arzulayırıq.
Paylaş: