Ağstafa rayon İcra hakimiyyətinin başçısı həbs edilib.
Ovqat.com xəbər verir ki, bu gün mətbu orqanlarda hansısa rayonun icra hakimiyyətinin başçısının həbs olunduğu və müavininin saxlandığı barədə məlumat yayılsa da, onun kimliyi gizli tutulmuşdu. Məlumatda o da qeyd olunurdu ki, həmin icra başçısının evində axtarış aparılmaqdadır.
Azinforum.az bu müəmmaya aydınlıq gətirərək icra başçısının kimliyini açıqlayıb. Bu şəxsin Ağstafa rayon icra başçısı Nizaməddin Quliyev olduğu bildirilib.
İH-dan alınan məlumatda isə bu iddia təsdiq edilməsə də, Nizaməddin Quliyev ezamiyyətə getdiyi vurğulanıb.
Qeyd edək ki, Nizaməddin Quliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 05.04.2019-ci il tarixli Sərəncamı ilə Ağstafa rayonu İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 3 övladı var.
Ovqat.com-un əldə etdiyi məlumatlara əsasən, həbs olunduğu bildirilən icra başçısı yeni təyinatından əvvəl 2009-2019-cu illərdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıbmış. Yəni "təcrübəli" kadrlardanmış.
O hətta 2 sentyabr 2014-cü ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilibmiş.
İqtisad elmləri namizədi olan Nizaməddin Quliyevin hansı səbəbdən həbs olunduğu bildirilməsə də, o, sabiq Nəqliyyat naziri Ziya Məmmədovun adamı kimi ad çıxarmışdı. 2017-ci ildə Ziya Məmmədov işdən qovulanda o zaman Goranboyun başçısı olan Nizaməddin Quliyevin də çırağının söndüyü və kabinetini boşaldaraq Sərəncam gözlədiyi iddia olunurdu.
Bu isə Nizaməddin Quliyevin təkcə Ziya Məmmədova bağlılığından irəli gəmirdi. İddalara görə, həmin vaxt Hesablama Palatası və Maliyyə Nazirliyinin Goranboyda apardığı yoxlamalarda ciddi maliyyə nöqsanları və yeyinti halları aşkarlanaraq hesabat hazırlanmış və yuxarılara təqdim olunmuşdu. Hakimiyyətin yuxarı eşalonları isə qarşılarına qoyulan hesabatla tanış olduqdan sonra onun “qələmini qırmışdılar”. Bu ilin aprel ayında Nizaməddin Quliyevin Ağstafaya transfer edilməsi iki il əvvəl yayılan məlumatların səhihliyinə kölgə salsa da, bu gün icra başçısının həbsi xəbərləri gəldi və köhnə söz-söhbətin əsassız olmadığını təsdiqlədi.
Qeyd edək ki, bir müddət əvvəl Maliyyə Nazirliyi Nizaməddin Quliyevin Goranboydakı fəaliyyəti dövründə yol verdiyi cinayətləri yenidən yoxlamaq qərarına gəlmiş və bu məlumat rəsmən təsdiqlənmişdi. Bu barədə Goranboy İcra Hakimiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a bildirilmişdi: “Maliyyə Nazirliyi tərəfindən sabiq icra başçısının fəaliyyət dövrü barədə müvafiq yoxlama işləri aparılıb. Lakin yoxlama zamanı koorrupsiya və ya digər neqativ halların aşkar edildiyi barədə hələ ki rayon İcra Hakimiyyətinə heç bir rəsmi məlumat verilməyib”.
Ovqat.com
Paylaş: