Qorxulan oldu. Azərbaycan da koronavirusa yoluxmuşlar siyahısına düşdü.
Ovqat.com xəbər verir ki, bir sıra xarici media orqanlarında fləş xəbər kimi keçən bu məlumatda Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahının rəsmi mövqeyinə istinad edilir.
Məlumata görə, operativ qərargah Azərbaycanda ilk koronavirus (COVİD-19) infeksiyasına yoluxma faktının qeydə alındığını təsdiqləyib.
Operativ qərargahdan "Report"a verilən məlumata görə, xəstələnən şəxs Rusiya Federasiyasının vətəndaşıdır. İran İslam Respublikasından Azərbaycana daxil olarkən onda xəstəliyin əlamətləri müəyyən olunub, həmin şəxs xəstəxananın xüsusi rejimli infeksion boksunda yerləşdirilib. Aparılmış müayinələr və testlər nəticəsində koronavirusa yoluxma testi müsbət nəticə verib.
Ovqat.com-un İranda oxuyan tələbələrin yaxınlarından aldığı məlumata görə isə, bu virusa yoluxan təkcə Rusiya vətəndaşı da deyil.
İddiaya görə, Qumda oxuyan tələbələrdən bəzilərində də bu virus aşkarlanıb.
Adının çəkilməsini istəməyən qaynaq Qum tələbələri ilə Təbriz tələbələrin Cəlilabaddakı bir tibb ocağında saxlanılmasından bildirərək Azərbaycan səhiyyə sisteminin bu səhlənkarlığından gileylənib. Onun sözlərinə görə, bu səhlənkarlıq Təbriz tələbələrinin də virusa yoluxma riskini artırır: “Bizim uşaqlar İrandan sap-sağlam şəkildə Azərbaycana qayıdıblar. Müayinə zamanı onlarda yoluxma faktı qeydə alınmayıb. Amma sərhəddi keçdikdən sonra həmin uşaqları virusa yoluxma riski yüksək olan Qum tələbələri ilə eyni tibb ocağında saxlanılıb.”
Dünyanın bir sıra ölkələrində koronavirusla mübarizə tədbirləri barədə xəbərləri izlədiyini bildirən xəstə yaxını oralarda bu xəstəlik üçün xüsusi xəstəxanaların tikildiyini və virus daşıyıcıları müalicə olunduqdan sonra həmin tibb ocaqlarının tamamən yandırıldığını xatırladıb: “Bizdə isə sağlam uşaqlarla xəstəlik riski yüksək olan uşaqları bir yerə qatıb müayinə edirlər. Üstəlik, həmin xəstəxana Cəlilabadın mərkəzində yerləşir ki, bu da virusun daha sürətlə yayılmasına yol aça bilər”.
Həmsöhbətimiz Azərbaycan səhiyyə sisteminin öz vətəndaşlarımızda virusa yoluxma faktını gizlətdiyinə, əcnəbi vətəndaşlarda isə bunun açıq elan olunmasına da təsadüfi baxmır: “Görünür, xarici vətəndaşın öz ölkəsinə gedəndə bu faktın üstünün açılacağını bildiklərinə görə bunu etiraf etmək məcburiyyətində qalıblar. Çünki bundan əvvəl Azərbaycandan Gürcüstana keçən bəzi əcnəbilərdə bu virus aşkar olunmuşdu və bizim səhiyyə sistemi ciddi tənqidlərə məruz qalmışdı. Yəqin eyni əqibətlə üzləşməmək istəmədiklərindən bu yolu tutublar. Öz vətəndaşlarımızda virus faktını gizlətməkdə nə məqsəd güddüklərini anlamaq mümkün deyil. Onsuz da həmin rusa görə Azərbaycanın da adı koronavirusa yoluxmuşlar sırasına daxil edildi. Barı bundan sonra əsl həqiqəti boyunlarına alsınlar”.
Xəstə yaxını tələbələrin virusa yaxalanarsa, bunun məsuliyyətini Azərbaycan Səhiyyə Nazirliyi daşıyacağını bildirərək, ölkə başçısından sözügedən tibbi səhlənkarlığa yol verənləri ciddi cəzalandırmağı xahiş edib.
Paylaş: