Xəbər lenti
 
 
“Çin XİN-nin mətbuat katibi sarsaq-sarsaq danışır, ölkəsinin bütün dünyaya yaydığı ağrı-acının və qırğının istiqamətini dəyişdirmək istəyir”.
 
Ovqat.com xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp dünən Twitter paylaşımında Çin Xarici İşlər Nazirliyinin mətbuat katibi Caonun ABŞ-a dair açıqlamalarını bu cür qiymətləndirib.
 
Prezident Çin rəsmisinin necə “sarsaqlamasına” da aydınlıq gətirib: “Çinin Amerika və Avropaya qarşı apardığı dezinformasiya və anti-təbliğat siyasəti rüsvayçılıqdır”. 
 
Trampa görə, Caonun “sarsaqlama”sı da səbəbsiz deyil: "Çin böyük bir dezinformasiya kampaniyası aparır; çünki yuxuda olan Jo Baydenin prezident seçkilərində qazanacağına və mən hakimiyyətə gələnə qədərki on illər boyu olduğu kimi yenə ABŞ-ı aldada biləcəklərinə ümidlərini itiriblər".
 
Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Caonun “sarsaqlamasına” gəlincə, o, paytaxt Pekində keçirdiyi ənənəvi mətbuat konfransında ABŞ prezidentinı yıxıb-sürümüşdü.  Caonun fikrincə, Tramp Ümumdünya Səhiyyə Təşkilatı ilə bağlı verdiyi son açıqlamaları ilə dünya ictimaiyyətini aldadir, Çinin koronavirus (COVID-19) epidemiyası ilə mübarizədəki səylərini ləkələməyə və ABŞ-ın bu epidemiya qarşısında aciz qalmasını ört-basdır etməyə çalışır.
 
"Bəzi Amerika siyasətçilərinə kimisə ittiham etməyi və məsuliyyətdən yayınmağı buraxıb, beynəlxalq birliklə əməkdaşlığı gücləndirməyi və epidemiyanı birgə səylərlə aradan qaldırmağı tövsiyə edirik”, - Cao açıqlamasının sonunda Tramp hakimiyyətinə bu tövsiyələrdə bulunmuşdu.
 
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bazar ertəsi günü Ümumdünya Səhiyyə Təşkilatının direktoru Tedros Adhanom Qebreyesusa göndərdiyi məktubunda qurumu Çinin təsiri altında qalmaqda günahlandırmış və öz mövqeyinə yenidən baxmağı, “ciddi islahatlar aparmağı” məsləhət bilmiş və bunun üçün ona 30 gün möhlət vermişdi. Əks təqdirdə ABŞ bu qurumu maliyyələşdirməyi tamamilə donduracaqdı. 
 
Bundan əvvəl isə Tramp mətbuata verdiyi bir çox açıqlamalarında Covid-19-un Çinin bioloji silahı olduğunu, epidemiyanın real nəticələrini və təhlükəliliyini qəsdən dünya ictimaiyyətindən gizlətdiyini bildirmişdi. Hətta bu infeksiyanı “Çin virusu” adlandırmışdı.
 
Çin Xarici İşlər Nazirliyinin sözçüsünün Tramp tərəfindən qəzəblə qarşılanan və “sarsaqlama” kimi qiymətləndirilən məlum açıqlama məhz bu ardıcıl informativ hücumlardan sonra verilmişdi. 




Ana səhifəyə qayıt        Baxış: 2 878          Tarix: 21-05-2020, 08:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma