Xəbər lenti
                              
    Bu ilin baharı bahar olmadı
Qışdan qar qalmadı, qarı əridə,
Qəlblərə bənövşə ətri dolmadı.
Gətirdi özüylə dərdi-səri də,
Bu ilin baharı bahar olmadı.
 
Bu ilin baharı bahar olmadı,
Novruz tonqalları çatılmadı da.
Üzlərə təbəssüm, gülüş qonmadı,
Evlərə heybələr atılmadı da.
 
Dağlara, düzlərə yağan yağışlar,
Dönüb göz yaşına qəlblərə axdı.
Tanrıya dikilən çaşqın baxışlar,
Sinələr odlayıb, ürəklər yaxdı.
 
Dünyanı ram edən koronavirus
Bürüyüb cənginə bəşəriyyəti.
Tanımır ingilis, tanımır urus,
Hər yerə yayılıb ölüm niyyəti.
 
Hələ ki, nazıyla oynayır dünya,
Hələ ki, önünə kimsə çıxammır.
Bir də ümid qalıb od saçan yaya,
Bu bahar havası onu qırammır.
 
Qadağa qoyulub toya-düyünə,
Yaslar izdihamsız yola salınır.
Baxıb xoş çağırışa, müdrik sözünə,
Yaşamaq naminə Evdə qalırıq.
 
...Böyük dəyanətlə, dözüm, səbrlə
Bu mənfur bəladan sovuşacağıq.
Hamı bir nəfərtək verib əl-ələ,
Gözəl baharlara qovuşacağıq.
 
                          05. 04. 2020
 
        Qovuşacaqdı...

Hələ sərt xəbərlə açılır səhər,
Hələ qəlb ovutmur qəmli halımız.
Günləri vururuq başa birtəhər,
Hələ qüvvədədi “Evdə Qal” ımız.
 
Eyvandan baxıram dalğın Xəzərə,
Görürəm tək-tənha qalan dənizi.
Çılğın qağayılar dəymir nəzərə,
Ağarıb dənizin mavi bənizi.
 
Bir kimsə görünmür sahil boyunca,
Açılan çiçəklər ətir saçmayır.
Arılar gülləri qucmur doyunca,
Qızılgül bülbülə qucaq açmayır.
 
İtirib şuxluğun sərv ağacları,
“Yallı” çalınmayır, “Vağzalı” dinmir.
Səkini dolaşan Qumru quşları
Bu gün kətillərə, kərdiyə enmir.
 
Görünmüş bu yerin göyərçinləri
Çeşmədən su içib dimdik duranlar.
Vardı içlərində dikbaş, şənləri,
Arabir otlara dimdik vuranlar.
 
Uzaq səfərlərdən dönmür gəmilər,
“SOS” ları yanmayır, fitləri gəlmir.
Dəniz kənarında gün keçirənlər,
Özləri yoxsa da, itləri gəzmir.
 
... Eyvandan baxıram dalğın Xəzərə,
Bu küskün halına yovuşacaqdı.
İnsan gəlişiylə, insan əliylə
Yenə xoş günlərə qovuşacaqdı.
                                                                                     25. 04. 2020
Çətin olacaqdı bu payız sənə
 
Daha sısqa-sısqa yağışlar yağır,
Yağışa qarışan qarğışlar yağır,
Qarğışa qarğıyan şimşəklər çaxır,
Yolların bürünür dumana, çənə -
Çətin olacaqdı bu payız sənə.
 
Sevdiyin çiçəklər, güllər solacaq,
Pəncərən önündə tüllər solacaq,
Hər solan gününə gözün dolacaq,
Saçların bələnir qırova, dənə -
Çətin olacaqdı bu payız sənə.
 
Heyin qalmayıbdı çağlamağına,
Ürəkdən hönkürüb ağlamağına,
Sonuncu düyməni bağlamağına,
Taqətin yenibdi yarıya-tənə -
Çətin olacaqdı bu payız sənə.
 
Bu payız gününü görəydin gərək,
Sevginə bir qəsir hörəydin gərək,
Dizinə-başına döyəydin gərək,
İndi köks ötürmə keçib-gedənə -
Çətin olacaqdı bu payız sənə.
 
Payız Dədə Qorqud libası geyib,
Hər ömrün payını, adını verib,
Sənəsə nə ana, nə nənə deyib,
Tənhalıq çökübdü solmuş çöhrənə -
Çətin olacaqdı bu payız sənə.
                      10.12.2019
 
          Barışma
             Ömür-gün yoldaşları
        tərəfindən atılmış qadınlara
Qızılgülsən, dörd bir yanın tikandı,
Pardaxlanıb, tikanlara qarışma.
Elə bilmə hamı səni duyandı – 
Bəhsə düşüb gözəlliklə yarışma.
 
İstəyini gözlərindən oxudum,
Dərd əlindən sən yamanca toxudun.
Baxışınla qəmli nəğmə oxudun,
Taleyinə odsuz yanıb-alışma.
 
Yamancana çatılıbdı qaşların,
Çox kişilər itiribdi başların.
Süfrəsində bəyənmirlər aşların,
Dönük olan bir dönüklə barışma.
 
Mən bilirəm küskünlüyün nədəndi,
Yad diyarda yal axtaran “gədə” ndi.
Sığal üçün sızıldayan bədəndi – 
O dönüklə qovuşmağa çalışma!
 
Ana adı müqəddəsdi, mətindi,
Bu zamanda baş saxlamaq çətindi.
Vallah, sənə oğlun, qızın bəsindi,
Dönük olan ata ilə barışma!
     
      Ən kövrək şeir
              Məncə ən kövrək şeir                                                                                                                               
          ömür-gün yoldaşına yazılır
Bu həyat yolunda, arzu yolunda
Saçımız ağ dənə boyanır daha.
Ömrün müdrikləşən kövrək anında
Şirin xatirələr oyanır daha.
 
Baş alıb yol gedir xəyal karvanı,
Biz də oturmuşuq kəcavəsində.
Nədir ovsunlayan qoca sarvanı?!
Kövrəklik duyulur onun səsində.
 
Dünyanın qiymətli daş-qaşlarını
Necə alım sənə, bilə bilmədim.
Taleyin ucundan göz yaşlarını
Nəmli yanağından silə bilmədim.
 
Dərib ulduzları aylı gecələr
Sənə boyunbağı bağışlamışam.
Demişik, ruzumuz Tanrıdan gələr,
Belə bir gəlişi alqışlamışam.
 
Bu  ömür yolunda xatirələr çox
Düşür yadımıza, daha neyləyim?!
Yaşadıq bir ömrü gözü-könlü tox,
Qulaq as, sənə bir şeir söyləyim...

Özümdən qorxmuram, səndən qorxuram

Otları saralmış, gülləri solmuş
Çəmənəm, qırovdan, çəndən qorxuram.
İnadkar gözəltək gözləri dolmuş
Buluddan qorxmuram, səndən qorxuram.
 
Qorxuram, adına söz gələr axı,
Sözlər sinən üstə köz ələr axı.
Közlər ürəyini pöşələr axı –
Qəlbinə çökəcək nəmdən qorxuram.
 
Gözlərin göy kimi durudu, duru,
Yanağın yaş deyil, qurudu, quru,
Üzündə günəşin nurudu, nuru –
Saçına ələnən dəndən qorxuram.
 
Bəd nəzər dikilib boyuna sənin,
Qoymaram, salalar oyuna səni.
Özüm gələcəyəm toyuna sənin –
Yoluma ələnən qəmdən qorxuram.
                             
                                
 Sən özün istətdin özünü mənə

Ömrümün payıza çatan çağında,
Verdin ürəyinin közünü mənə.
Sözləri saralmış könül bağında,
Gözlərin söylədi sözünü mənə.
Sən özün istətdin özünü mənə.
 
Sən bilə bilmədin necə baxırsan?
Necə yandırırsan, necə yaxırsan.
Dönüb damarımda qana, axırsan,
Çatdı ürəyinin öz ünü mənə,
Sən özün istətdin özünü mənə.
 
Mən səni bu halda duya bilərdim,
Şıltaq istəyinə uya bilərdim.
Kədəri sevinclə yuya bilərdim,
Bəxş etdin sevginin özünü mənə -
Sən özün istətdin özünü mənə.


Ana səhifəyə qayıt        Baxış: 2 658          Tarix: 28-04-2020, 21:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma