
Azərbaycan və Türkiyə təkcə bəyanatlar səviyyəsində deyil, həm də yayımladıqları xəritələrlə “Zəngəzur dəhlizi” adlandırılan layihəni inkişaf etdirməyə davam edirlər. Bu xəritələrdə dəhlizin İran sərhədi boyunca cənub hissədən keçərək Meğri və Aqarak şəhərlərinə toxunduğu aydın görünür.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan Respublikası Respublikaçılar Partiyasının üzvü, revanşist müxalifətçi deputat Tiqran Abramyan “Facebook” səhifəsində paylaşım edib.
O vurğulayıb ki, tərəflər bunu “koridor” yoxsa “kəsişmə” adlandırmasından asılı olmayaraq, məsələnin mahiyyəti hüquqi tənzimləmədən asılı olacaq. “Hazırda danışıqlar logistika məsələlərinin hansısa özəl şirkətə verilməsi istiqamətində aparılır. Amma burada əsas məsələ budur: bu şirkətin arxasında kimlər dayanır? Yəni daha sadə dillə desək, bu marşrutu kim idarə edəcək?” – deyə Abramyan qeyd edib.
Deputat həmçinin bildirib ki, Türkiyə və Azərbaycandan yayımlanan sızmalar və optimist məlumatlar planlaşdırılan razılaşmanın təfərrüatları barədə artıq müəyyən ipucları verir.
Paylaş: