Xəbər lenti


29 fevral 1988-ci il tarixli Sov.İkp MK-nın Siyasi Bürosunun Azzərbaycan SSR-nin Dağlıq Qarabağ Muxtar Vilayətində baş verən hadisələrlə bağlı keçirilən iclasının protokolunda (1994-cü ildə məxfilik qrifindən çıxarılıb) aşağıdakılar da qeyd olunub:
“Mixail Qorbaçov: Mərkəzi Komitədən Dağlıq Qarabağ Muxtar Vilayətinə ezam olunmuşlar mənə məlumat verirlər ki, Stepanakertdə ocaq qalayırlar, kabab bişirirlər, ümumilikdə heç bir qanun pozuntusu yoxdur. Amma yerli əhali şəhərin meydanını da tərk etmir. Təxminən 500 nəfərdən artıq erməni sakin gecə-gündüz meydanda qalır.

SSRİ daxili işlər naziri Aleksandr Vlasov: “Mixail Sergeyeviç Stepanakertdə meydana toplaşanların sayı 500 deyil, 1000 nəfərdən çoxdur, təxminən 1200-1300 nəfərdir...”

Heç vaxt hüquq-mühafizə orqanlarında işləməyən, partiya orqanlarından, Rostov vilayət Partiya Komitəsinin birinci katibi vəzifəsindən ümumittifaq miqyaslı bir quruma, SSRİ daxili işlər naziri vəzifəsinə təyinat alan, mülki kostyumunu çıxarıb general-polkovnik rütbəli hərbi mundir geyinən Aleksandr Vlasov nazir işlədiyi iki il ərzində, SSRİ-nin qarışıq bir dövründə ölkənin kriminogen durumunu, “qaynar ocaqlar”dakı vəziyyəti peşəkarcasına nəzarətdə saxlaya bilib, hər bir hadisə haqqında geniş informasiyalara malik olub, elə 1988-ci ilin fevral ayında Xankəndi şəhərinin baş meydanında mitinqə çıxanların sayını da dəqiq bilib.
Aleksandr Vlasovun daxili işlər naziri vəzifəsinə təyinatı isə həm onun özü, həm də Kreml məmurları üçün gözlənilməz olub.
Bir az əvvələ qayıdaq, 1980-ci illərin əvvələrindəki Kremlə.

SSRİ-də ölkənin əsas dayaq sütunları sayılan DİN və DTK-da kadr islahatları Siyasi Büronun əsas müzakirə mövzularından biri olub. Amma bu məsələlər Kreml kabinetlərində, qeyri-rəsmi şəraitdə razılaşmalardan sonra rəsmi müstəviyə çıxarılıb.
Xüsusilə, 1980-ci illərin əvvəllərindən, baş katib Leonid İliç Brejnevin səhhətində ciddi problemlər yarandıqdan sonra Kreml qruplaşmaları DİN və DTK-ya öz adamlarını yerləşdirməyə cəhd ediblər. Təbii ki, Brejnev də bu “kadr oyunlar”dan xəbərdar olub. Məhz o özü də, gələcək varis məsələsində Ukrayna Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Vladimir Şerbitskinin üzərində dayananda, onun gələcək fəaliyyəti üçün kadr islahatlarına start verib.

Yuri Andropov DTK-dan Mərkəzi Komitəyə transfer etdikdən sonra Brejnev üçün DTK rəhbərliyinə özünə və Vladimir Şerbitskiyə daha yaxın şəxsin gətirlilməsi br az da asanlaşıb. Bəlkə də Brejnevin Yuri Andropovun Mərkəzi Komitəyə katib təyin edilməsinə çox rahatlıqla razılıq verməsinin də səbəbi elə bu olub. Beləliklə, Leonid İliç 26 may 1982-ci ildə hakimiyyətdəki Ukrayna klanına daha bir nəfəri əlavə edərək Ukrayna DTK-sının rəhbəri Vitali Fyodorçuku SSRİ DTK-sının sədri təyin edib. Qeyd edək ki, Brejnevə yaxınlığı ilə fərqlənən Vitali Fyodorçuk 1970-ci ildən Ukrayna DTK-sının sədri olub.
Sözsüz ki, bu təyinat Yuri Andropovun ürəyincə olmayıb. O, Siyasi Büronun iclasındakı müzakirələrdə bu vəzifəyə öz keçmiş müavini Viktor Çebrikovu təklif etsə də, büro Brejnevin təklifinə səs verib.

Brejnev Daxili İşlər Nazirliyi tərəfindən də arxayın olub. Belə ki, həmin ərəfədə bu qurumua Ukrayna klanının əsas simalarından biri sayılan Nikolay Şelokov başçılıq edib.
Brejnevin vəfatından sonra DİN və DTK-da növbəti kadr islahatları başlanıb. Hakimiyyətə gələn Yuri Andropovun ilk sərəncamlarından biri Vitali Fyodorçukun DTK sədri vəzifəsindən azad olunması ilə bağlı olub. O, altı ay sahib olduğu DTK sədri kürsüsünü tərk edib. Andropov onun yerinə öz kadrını, Viktor Çebrikovu təyin edib. Ordu generalı rütbəsini daşıyan Vitali Fyodorçuku “birincilər sırasından” birdəfəlik çıxarmağa Andropovun gücü çatmayıb. Belə ki, Kremldə hələ ki, Ukrayna klanının mövcudluğu və onlarla yeni siyasi konfliktlərin yaranmaması üçün Andropov Fyodorçuku “zərərsizləşdirdiyi” daxili işlər naziri Nikolay Şelokovun yerinə nazir təyin edib. Bu təyinatı Fyodorçuk Andropovun ona qərəzli münasibəti kimi qiymətləndirib və sonralar yazdığı xatirələrdə nazir təyin edilməsi haqqında fikrini belə bildirib:

“Andropov Brejnevə görə mənə qərəzli münasibət bəsləyirdi. O, DTK rəhbərliyində öz adamını görmək istəyirdi. Brejnenevin vəfatından 40 gün keçməmiş istəyinə çatdı. Mənu DTK sədri vəzifəsindən azad edib ölkənin “baş milisoneri” vəzifəsinə təyin etdi.
Mixail Qorbaçov üçün də Fyodorçuk arzuolunmaz şəxs sayılıb. Onun DTK-ya təyinatını Brejnevin planlı kadr siyasətinin nəticəsi olduğunu söyləyib və sözsüz ki, hakimiyyətə gəldikdən sonra Fyodorçukun vəzifədə qalması mümkünsüz sayılıb.
24 yanvar 1986-cı ildə Qorbaçov səhər saatlarında Rostov vilayət Partiya Komitəsinin birinci katibi Aleksandr Vlasova zəng vurub. Hər ikisi uzun illər vilayət partiya komitələrində işlədiklərindən, onların arasında dostluq münasibəti olub. Qısa salamlaşmadan sonra Qorbaçov mətləbə keçib:
- Aleksandr Vladimiroviç, Siyasi Büro sizin daxili işlər naziri vəzifəsinə təyin olunmanızı məqbul sayır.

Bütün siyasi fəaliyyəti partiya orqanları ilə bağlı olan Vlasov üçün bu təklif gözlənilməz olub. O, təklifə cavab verməmiş Qorbaçov sözünə davam edib:
- Sizin arxanızca xüsusi təyyarə göndərilib. Siz bu gün Mərkəzi Komitədə olmalısınız.
Elə həmin gün, 24 yanvar 1986-cı ildə Aleksandr Vlasov SSRİ daxili işlər naziri təyin edilib.
Aleksandr Vlasov 1932-ci ildə Buryat Muxtar Respublikasının Babuşkin şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra İrkutusk Metallurgiya İnstitutunda ali təhsil alıb. İlk əmək fəaliyyətinə İrkutsk vilayətinin Çeremxovo şəhərində 5 nömrəli şaxtada başlayan Vlasov 1955-ci ildə komsomol orqanlarında işə başlayıb. 1960-1961-ci illərdə İrkutsk vilayət komsomolunun birinci katibi, 1961-1963-cü illərdə İrkutsk vilayətinin Zimininsk rayon Partiya Komitəsinin birinci katibi, daha sonra İrkuutsk vilayət Partiya Komitəsinin ikinci katibi vəzifələrində çalışıb.
1972-ci ildə Aleksandr Vlasov Moskvaya dəvət olunaraq Mərkəzi Komitədə inspektor vəzifəsinə təyin edilib. 1975-1984-cü illərdə Çeçen-İnquş vilayəti Partiya Komitəsinin, 1984-1986-cı illərdə isə Rostov vilayət Partiya Komitəsinin birinci katibi olub.
Aleksandr Vlasovun iki illik nazir fəaliyyəti bir çox hadisələrlə yadda qalıb. Daxili İşlər Nazirliyinin strukturunda Xüsusi Təyinatlı Milis Dəstəsinin (OMON) yaradılması məhz onun adı ilə bağlıdır.

Aleksandr Vlasov nazir təyin olunduqdan az sonra daxili işlər orqanlarında ciddi kadr islahatları aparıb. Onun kadr islahatlarında bir çox peşəkar zabitlər partiya orqanlarında çalışan məmurlarla əvəzlənib. 1978-ci ildən 1987-ci ilə qədər Azərbaycanın daxili işlər naziri olmuş general-leytenant Cəfər Vəliyev də məhz Vlasovun əmri ilə nazir vəzifəsindən azad olunub.
Aeksandr Vlasov 1988-ci ilin oktybr ayında Rusiya Nazirlər Sovetinin sədri vəzifəsinə təyin edilib. 1990-cı ilə qədər bu vəzifədə işləyib. Həmin il Rusiya Xalq Deputatları Sovetinin birinci qurultayında Rusiya Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsinə Vlasovun da namizədliyi irəli sürülüb. Ancaq o, Boris Yeltsindən 68 səs az alaraq, ona məğlub olub.
1990-1991-ci illərdə Vlasov Mərkəzi Komitədə sosial-iqtisadi şöbənin müdiri vəzifəsində işləyib. SSRİ süquta uğradıqdan sonra isə o, təqaüdə çıxıb.

Aleksandr Vlasov 2002-ci ildə, 70 yaşında vəfat edib. O, Moskvada, Trokurovsk qəbirstanlığında dəfn edilib.
Musavat.com



Ana səhifəyə qayıt        Baxış: 2 977          Tarix: 31-08-2020, 14:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma