Azərbaycanda uşaq cərrahiyyəsi üzrə daha bir çətin əməliyyat həyata keçirilib. Əməliyyatı Mərkəzi Klinikanın həkimi, Uşaq Cərrahiyyəsi və Urologiyası Uzmanı Fuad Hüseynov həyata keçirib.
Ovqat.com xəbər verir ki, həkim əməliyyat barədə lent.az-a məlumat verib. O bildirib ki, valideynləri xəstəxanaya çarəsiz və ümidləri kəsilmiş şəkildə gəliblər: "Bətndaxili çəkilmiş ultrasəs müayinəsində hər iki böyrəyində ciddi genişlənmə görülən körpə doğulduqdan 3 gün sonra 39-40 temperatur, yeməkdən imtina, çəki itirmə, halsız, süst halda ailəsi tərəfindən yaşadığı rayon xəstəxanasına aparılıb. Xəstəxanada valideynlərə deyiblər ki, hər iki böyrəyində ciddi problem olduğu üçün uşaq yaşamayacaq, boşuna həkimləri gəzdirməyin. Ailə ümidsiz olsa da, bizə müraciət etdi.
Apardığımız müayinələr nəticəsində məlum oldu ki, uşaqda ikitərəfli 5-ci dərəcəli vezikoüreteral reflüks (Sidiyin sidik kisəsindən böyrəyə geri qaçması) mövcuddur. Davamlı ağır sidik yolu infeksiyası keçirən körpənin ilk növbədə infeksiyası təmizləndikdən sonra müvəqqəti böyrəkləri qorumaq üçün vezikostomiya əməliyyatı icra edildi, yəni sidiyin rahat boşalıb, geriyə qaçmaması məqsədilə".
F.Hüseynovun sözlərinə görə, körpə hazırda 3 aylıqdı, normal yeyir, çəkisini artırır, sidiyində infeksiyası yoxdur, USM müayinəsində genişlənmə geriləyib. 1 yaşından sonra üreteroneosistostomiya əməliyyatı planlaşdırılır.
Paylaş: