Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov müavinlərindən birinin əlil olması barədə deputatların təklifinə münasibət bildirib.
“APA-Economics”in xəbərinə görə, nazir bildirib ki, əlilli olan şəxslərə ayrıca bir kateqoriya kimi baxılmasının əleyhinədir: “Bu, yalnış bir addım olardı. Əgər hansısa bir əlilliyi olan şəxs həmin səviyyəyədək yetişə bilərsə, bu, təmin oluna bilər. Nazir müavinin təyinatını ölkə başçısı həyata keçirir. Məncə bu məsələlərə qarışmaq doğru deyil. Yaxşı, mən də sual ünvanlayıram: niyə parlament seçkilərində əlilliyi olan şəxsin namizədliyini irəli sürmürsünüz?! Əlilliyi olan şəxslərə ayrıca kateqoriyadan olan insanlar kimi baxmaq doğru deyil. O şəxslərin öz qabiliyyətlərinə, bacarıqlarına uyğun işlə təmin olunmasına nail olmalıyıq. Bir dönəm bir ifadə dəbə düşmüşdü, hamı deyirdi ki, hər bir qurumda bir qadına vəzifə verilməlidir. Bu, yanlış yanaşmadır. Çünki hər kəs bərabərdir, bərabər hüquqlara malikdir. Hər kəs öz bacarığına uyğun vəzifə tutmalıdır. Əlillər bizlərdən biridir. Onlara fərq qoyulmamalıdır. Böyük Britaniyanın Leyboristlər partiyasının bir neçə aparıcı üzvü əlildir. Onlar parlament seçkilərində qalib gəldikdən sonra bəziləri hətta nazir vəzifəsini də tutdu. Onlar səlahiyyət müddəti boyu layiqincə çalışdılar. Biz 2014-cü ildə BMT-nin Əlillərin Hüquqlarının Müdafiəsi Komitəsində hesabatımızı təqdim etdik. Bu komitənin 18 üzvünün hər biri əlilliyi olan şəxsdir. Onlar çox gözəl bir söz dedi: “Bizi özünüzdən ayırmayın, biz də sizlərdən biriyik. Mən əlim və ya ayağım yoxdursa, o demək deyil ki, sən məndən üstünsən. İnsanı insandan üstün edən onun beynidir, beyninin məhsuludur. Əgər mən səndən yaxşı düşünürəmsə, deməli səndən üstünəm”. Mən bu fikirlərlə tamamilə razıyam”.
Qeyd edək ki, Milli Məclisin dünən keçirilən plenar iclasında millət vəkili Zahid Oruc əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərindən birinin Qarabağ müharibəsi əlili olmasını təklif edib. Onun fikrincə, Qarabağ müharibəsi əlili problemlərə daha yaxından bələd olduğundan onların problemlərinin həllində yaxından iştirak edə bilər
Paylaş: