Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində ayrı-ayrı Azərbaycan Respublikası vətəndaşlarının ölkə ərazisini tərk edərək xarici dövlətlərdə "siyasi sığınacaq" adı altında "oturum icazəsi" almaq məqsədilə guya Azərbaycan Respublikasında hüquqlarının pozulması, siyasi baxışlarına, sosial mənsubiyyətlərinə görə təqib olunmaları haqqında hüquq verən rəsmi sənədlərin istifadə məqsədilə saxtalaşdırılması, qanunsuz miqrasiyanın təşkili və sair faktlar üzrə başlanmış cinayət işinin istintaqı davam etdirilir.
Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətindən Ovqat.com-a verilən məlumata görə, cinayət işi üzrə hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən həyata keçirilmiş tədbirlərlə 4 may 2017-ci il tarixdə Azərbaycan Respublikası ərazisini tərk etmiş Bakı şəhər sakini Hüseynov Rauf Faiq oğlunun barəsində hər hansı araşdırma və cinayət təqibi aparılmadığı, cinayət məsuliyyətinə cəlb olunmadığı halda, guya hüquq-mühafizə orqanları tərəfindən təqib olunması, barəsində Nəsimi rayon Polis İdarəsi və struktur qurumlarında araşdırma materialı və cinayət işinin mövcudluğu, həyat yoldaşı Seyidova Amaliya Rafiq qızı ilə birlikdə polis idarəsinə çağırılmaları, şübhəli şəxs qismində istintaqa cəlb olunaraq ona qarşı ittiham irəli sürülməsi barədə məzmununa yalan məlumatlar daxil edilmiş, blank, möhür əksləri və imzaları saxtalaşdırılmış 24 oktyabr 2015-ci il və 9 mart 2017-ci il tarixli hüquq verən rəsmi sənədlərin texniki qurğular vasitəsilə qanunsuz hazırlayıb, məskunlaşdığı xarici ölkənin yerli miqrasiya orqanlarına təqdim etməsinə əsaslı şübhələr yarandığından R.Hüseynov Cinayət Məcəlləsinin 320.1 (Rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və 320.2-ci maddələri ilə təqsirləndinrilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilməklə barəsində "İnterpol" xətti ilə beynəlxalq axtarış elan edilmişdir.
Hazırda cinayət işi üzrə R.Hüseynovun tutulması, eləcə də təqib olunmalarına, təzyiqlərə məruz qalmalarına dair qanunsuz hazırlanmış saxta sənədlərdən istifadə etməklə xarici ölkələrdə "oturum izni" alan şəxslərin əməllərinin müəyyənləşdirilməsi istiqamətində kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirlərinin icrası davam etdirilir.
Paylaş: