Xəbər lenti

Məlum olduğu kimi, Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi ilə bağlı sərəncam imzalayıb.

3 il bundan öncə isə Bakı Dövlət Universitetinin 95 illiyi qeyd olundu. Bu münasibətlə hətta rektor Abel Məhərrəmov kitab da yazıbmış. Bugünlərdə təsadüfən tanış olduğumuz kitab 2014-cü ildə çap olunub və “Bakı Dövlət Universiteti-95” adlanır.

Bu iri həcmli və nəfis tərtib olunmuş kitabın BDU-dan daha çox, bu universitetin rektoru Abel Məhərrəmova həsr olunduğunu desək, yəqin ki, çox da şişirtməyə yol vermiş olmarıq. Hətta bir qədər də irəli gedib, kitabı rektor Abel Məhərrəmovun bioqrafiyası da adlandırmaq olar.

Məsələ ondadır ki, 100 illik tarixi olan, Azərbaycana yüzlərlə, minlərlə böyük şəxsiyyətlər, hətta dahilər bəxş etmiş bir universitetin tarixi ilə bağlı yazılmış kitabda, hazırki rektorun nə az-nə çox, düz 98 ədəd fotosu yer alıb!

Bakı Dövlət Universitetinə Əziz Əliyev, Abdulla Qarayev, Cəfər Xəndan, Mehdi Əliyev, Yusuf Məmmədəliyev, Şəfayət Mehdiyev, Faiq Bağırzadə, Yəhya Məmmədov, Murtuz Ələsgərov kimi nüfuzlu şəxsiyyətlər rəhbərlik ediblər. Bununla yanaşı, bu ali məktəbdə çox nüfuzlu alimlər çalışıblar. Ancaq buna baxmayaraq, kitabda Abel müəllim yalniz öz fəaliyyətini önə çəkməyə çalışıb. Özünün 98 şəklinin olduğu bu kitabda, məsələn, görkəmli alim, universitetin 1993-96-cı illərdə rektoru və 1996-2005-cı illərdə Milli Məclisin sədri olmuş Murtuz Ələsgərovun cəmi 3 fotosu yer alıb!

Diqqət edin: kitabın 53-cü səhifəsində Murtuz Ələsgərovun rektor təyin olunması haqqında bir cümləlik məlumat verilib. Dərhal sonra – 54-cü səhifədə yenidən Abel Məhərrəmovun 2000-ci ildə çəkdirdiyi bir şəkil yer alıb…

“Bakı Dövlət Universiteti – 95″ kitabında ən diqqətçəkən məqamlardan biri isə Abel Məhərrəmovun “Narxoz”un məzunu Eldar Mahmudov və Naxçıvan Dövlət Universitetinin məzunu Vasif Talıbovun fotolarını BDU-nun “Hüquq fakültəsinin məzunları sırasında Respublikanın ali dövlət strukturlarında yüksək vəzifədə çalışanlar” sırasında ən başda göstərməsidir.

Məlumat üçün bildirək ki, Eldar Mahmudov 37, Vasif Talıbov isə 38 yaşında ikinci ali təhsil diplomu kimi BDU-nun Hüquq fakültəsinin diplomlarına yiyələniblər. V. Talıbovu hardasa başa düşmək olar, ölkənin siyasi rəhbərlərindən biridir deyə, fotosunun başda verilməsi normaldır. Deyək ki, siyasi etika belə tələb edib. Bəs 37 yaşında formal olaraq, bir gün, bir saat belə auditoriyada oturmadan BDU-nun Hüquq fakültəsinin diplomuna yiyələnmiş E. Mahmudovun fotosunun, məsələn, Hüquq fakültəsinin həqiqi məzunu və ölkənin Baş prokuroru olan Zakir Qaralovdan öndə verilməsi nə ilə izah oluna bilər? Ölkənin üçüncü hakimiyyət qolunun rəhbərinin, yenə də BDU-nun həqiqi məzunu olan Ali Məhkəmənin sədrinin fotosunun BDU-ya ciddi tellərlə bağlılığı olmamış MTN başçısından aşağıda verilməsi, görəsən, E. Mahmudova dərin hörmətdən qaynaqlanıb, yoxsa başqa səbəbləri olub?… 

Ümumiyyətlə, araşdırsaq, görərik ki, yuxarı və orta məmur təbəqəsinin, deputatların, iş adamlarının əksəriyyəti öz bioqrafiyalarına zənginlik qatmaq üçün 30-40 yaşlarında BDU-nun Hüquq, Beynəlxalq Hüquq və digər prestijli fakültələrinin diplomlarını alıblar. Bəli, məhz ALIBLAR! Bu diplomların onların bioqrafiyalarını, bilik və bacarıqlarını nə dərəcədə zənginləşdirdiyi şübhəli olsa da, bəzi şəxslərin öz böyük bizneslərinin bir qolu kimi, ikinci ali təhsil diplomlarının alınıb-satılması işindən əməlli-başlı zənginə çevrildikləri heç bir şübhə doğurmur…

Yuxarıda da qeyd etdiyimiz kimi, hazırda isə BDU-nun 100 illik yubileyinə ciddi hazırlıq gedir. Şübhəsiz ki, bu münasibətlə də kitablar yazılacaq, silsilə yubiley tədbirləri keçiriləcək. Əgər hörmətli Abel Məhərrəmovun “təvazökarlığı” 100 illikdə də eyni şövqlə “aşıb-daşsa”, onda elə bəri başdan keçiriləcək tədbirlərin adında bir balaca dəqiqləşdirmə aparmaq zərurəti var…

Heydər Əliyevin “milli sərvətimiz” adlandırdığı Bakı Dövlət Universiteti haqqında belə urvatsız kitablar universitetin təhsil tariximizdəki rolunu kiçildir.

F. Əliheydərov
AzPolitika.info




Ana səhifəyə qayıt        Baxış: 1 316          Tarix: 19-12-2017, 16:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma