Keçmiş səhiyyə naziri Əli İnsanovun kassasiya şikayəti ilə bağlı növbəti məhkəmə iclası yanvarın 16-da saat 10.25-ə təyin edilib.
Bu barədə vəkil Toğrul Babayev “Amerikanın Səsi”nə bildirib. Əli İnsanovun kassasiya şikayətinə baxış 2017-ci il noyabrın 14-də Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə başlayıb və dövlət ittihamçısı Rizvan Şəmmədovun xahişi ilə proses qeyri müəyyən vaxtadək təxirə salınıb. Vəkil Toğrul Babayev kassasiya şikayətinə baxılmasının yubadılmasını siyasi qərar adlandırıb. “Əli İnsanov hesab edir ki, işə baxılmasının süni şəkildə yubadılması onun Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verməsini əngəlləmək məqsədi daşıyır”, vəkil qeyd edib.
Keçmiş səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhddə ittiham olunaraq həbs edilib. O sonradan iqtisadi cinayətlərdə ittiham edilərək 11 il azadlıqdan məhrum edilib. 2016-cı ilin oktyabrında həbsdən çıxmasına bir neçə gün qalmış ona qarşı yeni ittihamlar irəli sürülüb: 234.1 (narkotik maddənin əldə edilməsi və saxlanması), 315.2 (xidməti vəzifəsini yerinə yetirərkən hakimiyyət nümayəndəsinə müqavimət göstərmək), 317. 2.1 (qadağan olunmuş əşyaların hazırlanması, saxlanması və gəzdirilməsi).
2016-cı il oktyabrın 11-də Qaradağ Rayon Məhkəməsi həbsdə olan sabiq nazirə yeni həbs qərarı çıxarıb.
2017-ci il aprelin 26-da Bakının Qaradağ rayon Məhkəməsinin hökmü ilə İnsanov 7 il 5 gün azadlıqdan məhrum edilib.
Paylaş: