Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
"Report"un xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdəzərərçəkmiş Rafiq Rəsulov ifadə verib.
O, dindirilərkən H.Vəliyevi bir dəfə gördüyünü söyləyib.
Bildirib ki, Hacıqabulda əmisi oğlu ilə aralarında obyekt üstündə mübahisələri olub: "Onun qohumu "Gündəlik Bakı" qəzetində onu biabır edəcəyini dedi. Mən də maraqlandım ki, bu qəzet kimindir. Məlum oldu ki, Habil Vəliyevindir. Mənim sənədlərim qaydasında idi. Heç bir problem yox idi. Habil Vəliyevin otağına daxil olanda masasının üstündə sənədlər var idi. Habil söylədi ki, "sizin işlər, alqı-satqı saxtadır". Sənədi aidiyyəti qurumlara göndərəcəyini dedi. 10 min dollar istədi. Biz razılaşmayıb çıxdıq. Tanışım Rabillə getmişdik. Rabilə dedim ki, min dollar verə bilərəm. Rabilə 780 manata yaxın pul verdim ki, Habil Vəliyevə versin. O, əmim oğlu ilə razılığa gəldi".
H.Vəliyev isə zərərçəkmişi tanımadığını, onu görmədiyini qeyd edib.
Daha sonra digər zərərçəkmiş Laçın Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ramiz Cəbrayılov ifadə verib. O qeyd edib ki, H.Vəliyevlə heç bir tanışlığı, əlaqəsi yoxdur və olmayıb. Zərərçəkmiş təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirib: "Mənə 15 min manat mənəvi zərər dəyib, qəpiyinə qədər ödənilib".
Məhkəmədə zərərçəkmiş qismində Beyləqan Rayon Təhsil Şöbəsinin müdiri Tofiq Abbasov da dindirilib. O, Təhsil Nazirliyinin əməkdaşı olub. T.Abbasov söyləyib ki, H.Vəliyev onunla bağlı şantaj xarakterli yazılar yazacağını deyib və ondan pul tələb edib. T.Abbasov Habil Vəliyevə 500 manat verdiyini bildirib.
Zərərçəkmiş 500 manatının ödənildiyini və şikayətinin olmadığını deyib.
Məhkəmə prosesi yanvarın 18-də davam etdiriləcək.
Xatırladaq ki, H.Vəliyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı tutulub. DTX-nın İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumata görə, qabaqcadan əlbir olan bir qrup şəxsin gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə qadınları digər şəxslərlə görüşdürüb münasibətlərinin gizli videoçəkilişlərini aparması, onları şantaj etməsi, habelə ayrı-ayrı şəxslər barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mütəmadi olaraq mətbu orqanlarında dərc etdirib bu fəaliyyətin dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb edilməsi və alınması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılması barədə daxil olmuş müraciətlər Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılarkən Azərbaycan Respublikası ərazisində “reket” nəşrlər yaradıb, bu nəşrlərin jurnalistləri adı altında fəaliyyət göstərən bir qrup şəxs və onlarla şəbəkə halında əlbir olan digər şəxslərdən ibarət cinayətkar dəstənin silsilə cinayət əməlləri ifşa edilib, qanunsuz fəaliyyətlərinin qarşısı alınıb.
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılan araşdırmaların nəticələri üzrə hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə belə tədbirlərin keçirilməsi faktları üzrə cinayət işi başlanılıb.
Cinayət işi üzrə təqsirləndirilən "Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və onun müavini Hikmət Nəcəfli barəsində aparılan ibtidai istintaq başa çatıb və onların cinayət işi H.Vəliyevlə bağlı cinayət işindən ayrılıb. Həmin şəxslərin də cinayət işinə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
Paylaş: