Xəbər lenti

Prezident İlham Əliyev deputatların və məhkəmə hakimlərinin maaşlarının artırılması barədə qanunu təsdiqləyib.

Trend-in məlumatına görə, Prezident İlham Əliyev bu gün “Milli Məclisi deputatının statusu haqqında” Qanununda dəyişiklik edilməsi barədə” 2018-ci il 4 may tarixli 1121-VQD nömrəli Qanununun tətbiqi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” Qanununda dəyişiklik edilməsi barədə” 2018-ci il 4 may tarixli 1122-VQD nömrəli Qanununun tətbiqi haqqında” və “Məhkəmələr və hakimlər haqqında” Qanununda dəyişiklik edilməsi barədə” 2018-ci il 4 may tarixli 1123-VQD nömrəli Qanununun tətbiqi haqqında” sərəncamlar imzalayıb.

Sərəncamlarla MM-in sədri 2475 manat (indiyədək 2250 manat olub), sədrin I müavini 2227 manat (indiyədək 2015 manat olub), Milli Məclis sədrinin müavini 2103 (indiyədək 1912.5 manat), Milli Məclisin komitə sədri 1980 manat (indiyədək 1800 manat olub), komitə sədrinin müavini 1 856, sıravi deputat isə 1732 manat (indiyədək 1575 manat olub) maaş alacaq.

Ali Məhkəmənin sədrinə 2280 manat həcmində maaş veriləcək. İndiyədək bu rəqəm 2070 olub. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və apellyasiya məhkəmələrinin sədrlərinə ali məhkəmə sədrinin vəzifə maaşının 90 faizi həcmində, yəni 2052 manat maaş veriləcək. Ağır cinayətlər məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası ağır cinayətlər məhkəməsinin, hərbi məhkəmələrin və inzibati-iqtisadi məhkəmələrin sədrlərinə Ali Məhkəmə sədrinin vəzifə maaşının 80 faizi həcmində, 1 824 manat əmək haqqı veriləcək. Digər məhkəmələrin sədrlərinə Ali Məhkəmə sədrinin vəzifə maaşının 70 faizi həcmində, yəni 1 596 manat maaş nəzərdə tutulur. Bütün məhkəmələrin sədr müavinləri müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 90 faizi həcmində, yəni 1436 manat maaş alacaq.

Dəyişiklik 2018-ci il mayın 1-dən qüvvədədir.

 




Ana səhifəyə qayıt        Baxış: 638          Tarix: 12-05-2018, 16:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma