Bakı Nəqliyyat Agentliyi (BNA) parklanma siyasətinə yenidən baxacaq.
BNA-nın Mətbuat xidmətinin rəhbəri Mais Ağayev Trend-ə bildirib ki, dayanıqlı proqram təminatına söykənən avtomatlaşdırılmış sistemin qurulması nəzərdə tutulub: “Bu istiqamətdə həm sərnişindaşımaya, həm də paytaxt nəqliyyatına təsir edəcək siyasəti təkmilləşdirmək niyyətindəyik. Əsas məqsədimiz vətəndaşa müasir, keyfiyyətli və ən əsası şəffaflıq prinsiplərinə əsaslanan xidmətin göstərilməsidir”.
M.Ağayev həmçinin deyib: “Bəzi sürücülərin nəqliyyat vasitəsinin qadağan olunan yerdə, o cümlədən, səkidə, piyada keçidinin üzərində, fiziki imkanları məhdud şəxslər üçün nəzərdə tutulan pandusun qarşısında saxlaması təəssüf doğurur. Yol hərəkəti haqqında qanunun müvafiq tələbini pozan bu cür sürücülərə qarşı inzibati tədbirlər nəzərdə tutulub. Lakin müsbət nəticəyə nail olmaq üçün ilk öncə geniş maarifləndirmə işləri aparılmalıdır. Sürücülərə digər hərəkət iştirakçılarına qarşı anlayışlı və son dərəcədə diqqətli olmalarının vacibliyi izah edilməlidir”.
M.Ağayev əlavə edib ki, Bakı Nəqliyyat Agentliyi bu məqsədlə geniş maarifləndirmə tədbirləri həyata keçirməkdədir.
Paylaş: