“Ümumiyyətlə, qayda-qanun yaratmaq gərəkdirsə, yas mərasimlərindəki qaşıq-boşqab-çəngəl tıqqıltısından başlamaq lazımdır. İfrat ehsan verilməsinə, qəbirüstü abidələrin standart olmasına diqqət yetirmək lazımdır. Bu sahədə həddən artıq problemlər var. Başsağlığı məsələsi isə sonrakı problemlərdəndir”.
Bu sözləri Publika.az-a açıqlamasında “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid deyib.
Milli Məclisin iki deputatı – Siyavuş Novruzov və Bəxtiyar Sadıqovun “Azərbaycan” qəzetində başsağlığı tipli yazıların dərc edilməsi ilə bağlı mübahisəsi haqqında danışan baş redaktor bildirib ki, dünyanın bütün nöqtələrində başsağlığı vermək ənənəsi mövcuddur: “Məşhur insanlar öləndə qəzetlərdə hətta yarım səhifəlik başsağlığı mətni dərc olunur. Bu, problem deyil. Problem bunun rəsmi qəzetdə dərc olunmasıdır. Siyavuş müəllim doğru deyir. Fikrimcə, rəsmi qəzet, ümumiyyətlə, olmamalıdır. “Rəsmi qəzet” ifadəsi yalnız Azərbaycanda mövcuddur. Başqa ölkələrdə “rəsmi qəzet” anlayışı yoxdur. İkincisi, əgər başsağlığının rəsmi qəzetdə verilməsi qadağan olunursa, bu zaman tender elanları da yığışdırılmalıdır. Mülki məcəllədə qeyd olunub ki, dövlət qurumlarının elan etdiyi tenderlər rəsmi qəzetlərin birində dərc edilməlidir. Bu məsələdə də dəyişikliyə gedilməlidir. Dövlət əhəmiyyətli yazılarla başsağlığı tipli yazıların eyni qəzetdə nə işi var? Yekun fikrim bundan ibarətdir ki, Azərbaycanda rəsmi qəzetlər ləğv olunmalıdır. Çünki dünyanın heç bir yerində bu anlayış yoxdur”.
Rəşad Məcid YAP üzvü olan iki millət vəkilinin bir-birinə qarşı sərt ittihamlarla çıxış etməsinə belə münasibət bildirib: “Hesab etmirəm ki, bu polemika ictimai motivlidir. Mənə elə gəlir ki, bu YAP-çıların arasında olan mübahisə şəxsi zəmində baş verən narazılıqdan doğub”.
Bəxtiyar Sadıqovun həm millət vəkili, həm də baş redaktor kimi fəaliyyət göstərməsi ilə bağlı fikirlərini bölüşən R.Məcid qeyd edib ki, bu məsələyə çıxışlarında dəfələrlə yer verib: “Həm dövlət qurumlarının şirkət rəhbərləri, həm də digər vəzifəli şəxslər, qanuna əsasən, deputat seçilə bilməzlər. Məsələn, əvvəllər universitet rektorlarının əksəriyyəti deputat idi. Lakin son seçkidə onların sayı bir xeyli azaldı. Bununla yanaşı, artıq dövlət müəssisəsində işləyən şəxslərin də millət vəkili kimi fəaliyyət göstərməsi qanunla qadağandır, o cümlədən rəsmi qəzetin baş redaktorunun da”.
Baş redaktor bildirib ki, bir rəsmi qəzetdə yalnız dövlətin əhəmiyyətli elanlar, sərəncamlar, fərmanlar və qərarlar dərc edilməlidir: “Məsələn, Türkiyədə rəsmi qəzet bu istiqamətdə fəaliyyət göstərir. Ümumilikdə isə qəzet müstəqil olmalıdır. Bu, bütün dünyada belədir. Hakimiyyət qurumları özü qəzet yarada bilməz. Təəssüf ki, Azərbaycanda təkcə Milli Məclisin deyil, bütün nazirliklərin, Prezident Aparatının belə mətbu orqanı var. Əslində, bu da mülki məcəllə ilə qadağandır. Çünki bu qurumlar təsərrüfat obyektləri yarada bilməzlər. Arzu edirik ki, Azərbaycanda hökumət qurumlarının mətbuat orqanları ləğv olunsun və media müstəqil fəaliyyət göstərsin”.
Qeyd edək ki, Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacağı gözlənilən “Dini etiqad azadlığı və dini qurumlar haqqında” qanun layihəsindəki bəzi yeniliklərlə bağlı deputatlar arasında narazılıq yaranıb. Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov “Azərbaycan” qəzetində başsağlığı tipli yazıların qadağan olunacağını deyib. Deputat, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov isə hakim partiyanın icra katibinin müavininin dediklərinə sərt reaksiya verib. O bildirib ki, başsağlığı yazıları qəzetin əsas gəlir mənbələrindən biridir. Bu yazılar olmasa, qəzetin əməkdaşlarına maaş vermək olmaz.
Paylaş: