Xəbər lenti

Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yaz sessiyasının növbəti plenar iclası keçirilib.

TNS xəbər verir ki, iclasda Naxçıvan Muxtar Respubliası Baş nazirinin təqdimatına baxılıb, Elxan Nəcəfov təhsil, Samiq Sadıxov isə səhiyyə naziri təyin edilib.

Naxçıvanda hər iki qurumun fəaliyyətindən ciddi narazılıqlar var. Həmin nazirliklərin fəaliyyətindəki nöqsanlar Ali Məclisin bundan əvvəlki komitə və plenar iclaslarında tənqid olunub. İndi həmin Ali Məclis fəaliyyətini tənqid etdiyi şəxsləri nazir təyin edib.

Cəmi bir gün əvvəl – mayın 30-da Azərbaycan Respublikası Hesablama Palatası Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi və tabeliyində olan büdcədən maliyyələşən qurumlar (seçmə qaydada) tərəfindən dövlət vəsaitinin və dövlət əmlakının istifadə olunmasının hüquqi aktlara uyğunluğunun müəyyən edilməsi məqsədi ilə apardığı uyğunluq auditinin nəticələrini açıqlayıb.

Audit 2023-cü ili əhatə edib və bu dövrdə 24 303 436,26 manat xərc icra edilib.

Məlumata görə, auditlə əhatə olunan təhsil müəssisələrində normativlərin tələblərinin gözlənilməməsi, dərs saatlarının artırılması, bir şagirdin bir neçə qrupda göstərilməklə və əvvəlki tədris ilində olmayan şagirdlər hesabına qrupların təşkil edilməsi nəticəsində artıq vəsaitlərin ödənilməsi, dövlət satınalmalarının keçirilməməsi, müqayisələr əsasında müqavilələr üzrə qiymətlərin artırılması və nəzarət ölçü qaydasında baxış zamanı avadanlıqlarda çatışmazlıqlar aşkar edilmişdir. Qeyd olunan hüquqpozmalarda cinayət tərkibinin əlamətləri olduğu ehtimal edildiyindən, həmçinin əvvəlki illərdə olan nöqsan və çatışmazlıqların cari ildə də davam etməsi nəzərə alınmaqla “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə uyğun olaraq kənar dövlət maliyyə nəzarətinin nəticələri barədə müvafiq materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Bu dövrdə Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinə 3 şəxs rəhbərlik edib. 2023-cü ilin sentyabr ayınının 12-ə qədər muxtar respublikanın təhsil naziri Rəhman Məmmədov olub. Həmin vaxtdan oktyabrın 16-dək təhsil naziri vəzifəsini nazir müavini Ovni Muradov icra edib. 2023-cü ilin oktyabr ayında Elxan Nəcəfov təhsil nazirinin müavini təyin olunub. Elxan Nəcəfov elə həmin vaxtdan nazirin səlahiyyətlərini icra edir.

Redaksiyamıza təqdim edilən məlumatlara görə, Təhsil Nazirliyi 2024-cü ilin ötən dövründə də fəaliyyətini eyni qaydada davam etdirib.

Hesablama Palatasının açıqlamasından bir gün sonra Elxan Nəcəfovun nazir təyin edilməsi bu mühüm dövlət orqanının qərarını heçə saymaqdır. Bu, Naxçıvanın Vasif Talıbov dövründə olduğu kimi, Azərbaycanın mərkəzi icra hakimiyyəti orqanları ilə hesablaşmadığının, Bakının qərarlarını saymadığının göstəricisidir. Belə olan təqdirdə ciddi suallar ortaya çıxır. Hesablama Palatası Naxçıvanın Təhsil Nazirliyində qərəzli yoxlama aparıb? Hesablama Palatasının nazirlikdə apardığı auditin nəticələrini Baş Prkororluğa göndərməsindən sonra Ali Məclis Elxan Nəcəfovu nazir təyin etməklə kimlərə mesaj verir? Bu suallara aydınlıq gətirilməlidir. Bu sualların cavabı ya Hesablama Palatasından, ya da Naxçıvanın Ali Məclisi və Nazirlər Kabinetindən soruşulmalıdır. Azərbaycan dövləti elə səviyyədə deyil ki, kimlərsə ondan öz şəxsi maraqları naminə istifadə eləsin. Bizim qüdrətli dövlətimiz və Prezidentimiz var. İnanırıq ki, bu oyunu quranlar və öz şəxsi maraqları naminə dövlətimizi çətin vəziyyətə salanlar mütləq cəzalandırılacaqdır.

Naxçıvanda ən bərbad vəziyyətdə olan sahə səhiyyədir.

Samiq Sadıxov səhiyyə nazirinin birinci müavini təyin edildikdən sonra, nazirin səlahiyyətlərini icra etdiyi dövrdə Naxçıvan Muxtar Respublikası əhalisinin keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlığının təmin edilməsi istiqamətində, demək olar ki, heç bir iş görülməyib. Muxtar respublikanın səhiyyə müəssisələri üçün tikilən bəzəkli binaların içində nə normal həkim var, nə də müasir tibbi avadanlıqlardan istifadə edə biləcək mütəxəssis. Yeni nazir əvəzi Samiq Sadıxovun vəzifəyə gələn kimi, bu sahədəki “yeniliyi” özünə 130 min manat dəyərində xidməti avtomobil almasıdır.

Muxtar respublika sakinləri yenə də müayinə və müalicə olunmaq üçün ya Bakı şəhərinə, ya da Türkiyəyə üz tuturlar. Bu da insanlar üçün problemlər yaradır. Bakıya və ya Türkiyəyə gedə bilməyənlərin sağlamlığı və həyatı ciddi risk altındadır.

Naxçıvanda səhiyyə sahəsində biabırçı vəziyyət hökm sürür. Muxtar respublikadakı əksər xəstəxanalara heç bir aidiyyəti olmayan Səhiyyə Nazirliyi qanunsuz şəkildə tibb müəssisələrinin işinə müdaxilə edir. Naxçıvanın səhiyyə sistemində baş verənlərlə bağlı bu linkdən tanış ola bilərsiniz.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 28 iyul 2023-cü il tarixli fərmanı ilə “Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsi yaradılıb.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti “Tibb Müəssisələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin nizamnaməsini və strukturunun layihəsini, o cümlədən nizamnamə fondunun miqdarı barədə təkliflərini bir ay müddətində hazırlayıb Ali Məclisə təqdim etməli idi.

Fərmanla Nazirlər Kabinetinə tapşırılmışdı ki, Tibb Müəssisələrinin İdarəetmə Birliyinin tabeliyinə veriləcək dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin siyahısını Ali Məclislə razılaşdırmaqla iki ay müddətində təsdiq etsin.

Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi fərmandan irəli gələn vəzifələrə həll etməlidi idi.

Bəs nə baş verib? Bu fərmanın imzalanmasından bir ilə yaxın vaxt keçməsinə baxmayaraq, mühüm dövlət sənədi “havada qalıb” və icra olunmayıb. Tibbi Müəssisələrinin İdarəetmə Birliyinin tabeliyində fəaliyyət göstərməli olan xəstəxanalara qanunsuz şəkildə Səhiyyə Nazirliyi rəhbərlik edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov mayın 8-də keçirilən Ali Məclisin yaz sessiyasının növbəti plenar iclasındakı çıxışında bu məsələyə diqqət çəkərək deyib: “Belə yanaşma qəbuledilməzdir. Artıq 10 aya yaxındır ki, biz muxtar respublikada ən vacib sahə olan səhiyyə sahəsində idarəetməni təmin edə bilmirik. Səbəb Səhiyyə Nazirliyinin və Tibb Müəssisələrinin İdarəetmə Birliyinin Ali Məclis sədrinin fərmanını icra etməməsidir”.

Təəssüf ki, Anar İbrahimov bugünkü iclasda mövqeyini dəyişdi, Samiq Sadıxovun nazir təyinatının əleyhinə çıxmadı. Anar İbrahimov Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinin səlahiyyətlərini icra edir. Bu baxımdan prinspiallıq göstərə, bu təqdimatı geri qaytara, müzakirəyə çıxarmaya bilərdi. Naxçıvan ictimaiyyəti ondan çox şey gözləyirdi.

Samiq Sadıxovun fəaliyyəti nəticəsində Naxçıvanın səhiyyə sahəsində acınacaqlı vəziyyət hökm sürür. Əldə etdiyimiz məlumata görə, gələn ay Hesablama Palatası muxtar respublikanın Səhiyyə Nazirliyində yoxlamalara başlayacaq. Ehtimal edirik ki, bu nazirlikdəki yoxlamaların nəticələri də Baş Prokurorluğa göndəriləcək. Amma nə faydası var. Onsuz da Naxçıvanda Hesablama Palatasının qərarlarını saya salan yoxdur.

Bir məsələni xüsusi qeyd etməliyik. Təhsil və səhiyyə strateji sahələrdir. Bu sahələr xalqın genefondu ilə bağlıdır. Səhiyyə insanların fiziki və ruhi sağlamlığını təmin edir, təhsil isə etibarlı gələcəyimizi. Təhsil və Səhiyyə nazirliklərinin rəhbərliyinə son bir il ərzində tapşırılan işin öhdəsindən gələ bilməyən, bu sahələri bərbad vəziyyətə salan şəxslərin gətirilməsi genefondumuza edilən qəsddir.

Maraqlıdır, Naxçıvanın yeni Baş naziri fəaliyyətlərində bu qədər nöqsan olan vəzifəli şəxslərin təqdimatını niyə verib? Ali Məclisin deputatları bu şəxslərin nazir təyinatına niyə səs verib? Axı onlar Naxçıvanada yaşayırlar, bu sahələrdə baş verənlərdən də xəbərdardırlar. Bu deputatların son vaxtlar xəstəxanalara yolu düşməyib? Görməyiblər ki, Naxçıvanın səhiyyə ocaqlarında hansı biabırçı mənzərə hökm sürür? İndi Naxçıvanın Ali Məcis sədrinin müavininin, Baş nazirinin, deputatların vicdanı necə rahatdır? Onlar naxçıvanlılara nə cavab verəcəklər?

Sözün bitdiyi yerdəyik...




Ana səhifəyə qayıt        Baxış: 6 385          Tarix: 31-05-2024, 13:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma