Xəbər lenti

Azərbaycanlı iş adamına görə ABŞ-dan ŞOK QƏRAR: eks-nazir və “Xalq Bank”ın sabiq rəhbəri HƏBS OLUNACAQ - FOTO

ABŞ-ın Nyu-York şəhər prokurorluğu Azərbaycan əsilli iş adamı Rza Zərraba qarşı açılan cinayət işi çərçivəsində Türkiyənin 4 vətəndaşının həbsi barədə qərar qəbul edib.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, onların arasında Türkiyənin keçmiş iqtisadiyyat naziri Zəfər Çağlayan da var.

Barəsində həbs qərarı qəbul edilən digər Türkiyə vətəndaşları “Xalq Bank”ın (Türkiyə) keçmiş rəhbəri Süleyman Aslan, “Xalq Bank”ın rəhbərinin köməkçiləri Levent Balkan və Abdullah Happanidir.

Z.Çağlayan ABŞ-ın İrana qarşı tətbiq etdiyi embarqonu ləğv etmək üçün qurulan “şəbəkə”nin üzvü olaraq göstərilir. O, həmçinin İran iqtisadiyyatının inkişafına dəstək göstərməkdə, çirkli pulların yuyulmasında və bu əməliyyatların əsl xarakterini gizlədərək müxtəlif maliyyə təşkilatlarını aldatmaqda ittiham olunur.

Digər şübhəlilərin də beynəlxalq pul əməliyyatları haqqında yalan məlumat verdikləri bildirilir.

Qeyd edək ki, Rza Zərraba qarşı açılan cinayət işində 9 şübhəli var, onlardan ikisi hazırda həbsdədir.

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) baş müşaviri Hidayət Vahaboğlu isə Nyu-York şəhər prokurorluğunun Z.Çağlayanla bağlı qərarına maraqlı bir şərh verib.

“ABŞ görəsən, Zəfəri alaraq, Fəthullahı vermək istəyir?” – o sosial şəbəkədəki səhifəsində yazıb.

Əlavə edən ki, Türkiyədə 15 iyul 2016-cı il dövlət çevrilişinin təşkilində ittiham olunan Fəthullahçı Terror Təşkilatının (FETÖ) rəhbəri Fəthullah Gülən hazırda ABŞ-dadır. ABŞ onun Türkiyəyə təhvil verilməsi ilə bağlı Ankaranın bütün müraciətlərini rədd edib.




Ana səhifəyə qayıt        Baxış: 865          Tarix: 9-09-2017, 15:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma