Kamran Məhərrəmli
NUH.az-ın baş redaktoru
Bu gün Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül bəyan edib ki, təcavüzkar kişiləri kimyəvi yolla xədim etmək lazımdır.
Bir müddət əvvəl Qazaxıstan prezidenti hörmətli Nursultan Nazarbayev pedofillərin məcburi kimyəvi axtalanması ilə bağlı qanun imzaladı.
Məlumat üçün qeyd edim ki, qardaş Türkiyədə də yetkinlik yaşına çatmayanları zorlayan kişilərin axtalanması barədə dəfələrlə qanun layihəsi müzakirə olunub.
Hətta bir neçə il əvvəl deputat, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri hörmətli Qüdrət Həsənquliyev də belə bir sensasiyalı təklif irəli sürmüşdü və təklif Azərbaycan cəmiyyətində çox müsbət qarşılanmışdı.
Mən problemdən irəli gələn bütün narahatçılıqları başa düşrəm.
Onu da qeyd edim ki, bir neçə il əvvəl İtaliyanın ozamankı baş naziri Silvio Berluskoninin kabinetində daxili işlər naziri-Polis Şefi vəzifəsini tutan şəxs də belə bir təklif irəli sürmüşdü. O da zorlanmış qadınların sayının durmadan artmasınının səbəbkarı olan kişilərin axtalanmasını təklif edirdi. İtaliyanın Polis Şefi özünün uzunmüddətli təcrübəsi əsasında bu cür cinayətkarları reabilitasiya etməyin mümkün olmadığını və bu səbəbdən də problemin qarşısını almaq üçün təcavüzkar kişiləri “axtalamaqdan” başqa bir yol qalmadığını bildirirdi.
Sözün düzü, bu sayaq metodların əksər müsəlman və bəzi müsəlman olmayan ölkələrdə tətbiq olunduğunu bilirdim. Bizə qonşu olan İranda, ərəb dövlətlərində oğurluğa görə qol kəsmək, dar ağacından asmaq, şallaqlamaq, daha ağır cinayət sayılan zorlamaq üstündə “təcavüzkar”a paz çalmaq və s. kimi cəza üsullarından istifadə olunması həmən cəmiyyətlərdə normal qəbul olunur və alqışlanır. Hətta bu cür sərt cəzaları İslam dininin tələbləri ilə əsaslandıranlar da tapılır.
Amma heç kim zorlanma hallarının durmadan artmasının səbəbi ilə maraqlanmır. Bəs görəsən, dünyada nə baş verir ki, nəinki geri qalmış ölkələrdə, hətta “yüksək dəyərlər üzərində qurulmuş” Avropa ailəsinin üzvü və xristianlığın beşiyi olan İtaliyada, Avropaya qovuşmaq istəyən qardaş müsəlman Türkiyədə zorlanmaya məruz qalanların sayı durmadan artır. Və o dərəcə də artır ki, tipik Şərq cəza metodu sayılan “axtalanma” gündəmə gəlir və qaçılmaz olur.
Bu birdən-birə, səbəbsiz baş verə bilməzdi axı...
Psixoloqlar, fizioloqlar çoxdan sübut edib ki, kiməsə əzab, işgəncə verməyin, sadizmin, mazoxizmin, yaxud kimisə zorlamağın seksual əlaqəyə dəxli yoxdur. Yəni istənilən halda zorakılıq qurşaqdan aşağının problemi deyil, daha çox qurşaqdan yuxarının, daha dəqiq desək BEYİN-in problemidir. Zorlama aktı birbaşa beyinlə bağlı məsələdir. Axı təcavüzü yalnız qurşaqdan aşağı vasitələrlə deyil, qurşaqdan yuxarı vasitələrlə də icra edənlər var. Yəqin ki, belə olan halda sabah millət vəkilləri “təcavüzkar”ın “dili qopardılsın, barmağı kəsilsin” təklifini versə, təəccüblənməyə dəyməz. Yəni zorakılıq aktının mahiyyətində başqa məsələlər durur.
Yeri gəlmişkən, İtaliyanın “axtalama” təklifini verən Polis Şefinin birbaşa “kuratsiya”sında olan bir məsələni yada salmaq istəyirəm.
Hamının yaxşı yadında olar. Bir neçə il əvvəl Neapol mafiyası ilə bağlı yazılan “Qomorro” kitabının müəllifi, Roberto Saviano barəsində İtaliya mafiyası ölüm hökmü çıxardı. Kitabın müəllifi bir müddət polis nəzarəti altında gizli yaşayırdı. Axırda “axtalanma” təklifini verən Polis Şefinin də üzv olduğu İtaliya hökuməti yazıçının təhlükəsizliyinə təminat verə bilmədiyi üçün, kitabın müəllifini İtaliyadan çıxartmağa məcbur oldu. Qorxusundan gizli yaşayan zavallı yazıçı Euronews-ə verdiyi müsahibəsində bildirmişdi ki: “Mən artıq yazdığım kitabdan iyrənirəm”
Görəsən, İtaliya polisi məşhur yazıçını “zorlayan” mafiyanı axtalaya bilərmi?
Bir nəfəri zorlayan kişini tapmaq və axtalamaq olar. Bəs on illərlə bütöv cəmiyyətləri, xalqların iradəsini, inancını, əxlaqını, mənəviyyatını, beynini zorlayanların cəzası nədir?
Tək-tək zorlanan insanlar polisə müraciət edir. Bəs kollektiv zorlanan xalqlar kimə müraciət etsin? Bəlkə BMT-yə, bəkə ATƏT-ə? Bax dünya bu gündədir. Sonra da deyirik ki, həm Qərbdə, həm də Şərqdə zorlamaların sayı durmadan artır.
Manyaklar çalışır öz “şikar”larını dalda yerdə, qaranlıqda, xəlvətdə, gizli zorlasınlar ki, kimsə xəbər tutmasın. Yəni manyaklar da “ayıb” qanır, ehtiyat edirlər. Amma siyasi rejimlər ayıb-zad qanmırlar, dünyanın gözü qarşısında öz xalqlarını zorlayırlar. Bəs dünyanın gözü qarşısında, günün günorta çağı zorakılığa məruz qalan Suriya, İraq əhalisi, Liviya xalqı dərdini kimə desin? Elə dövlətlər var ki, zorlama prosesini utanıb-qızarmadan dünyaya nümayiş etdirirlər. Təsəvvür edirsiniz bu nə deməkdir?
Bəs səhərdən-axşamacan azərbaycan cəmiyyətini murdarlayan, əslində cəmiyyətimizə manyaklıq aşılayan, cəmiyyətimizi zorlayan telekanalların dərdini kimə deyək? Hansı daha dəhşətlidir: bir qadını zorlamaq, yoxsa cəmiyyəti?
Ümumiyyətlə, unutmamalıyıq ki, cəmiyyətə tökdüklərimiz gec-tez öz qaşığımıza çıxır....
Paylaş: