"ABŞ-ın Azərbaycanla bağlı siyasəti güclü, çiçəklənən, müstəqil dövlət olmaqda Azərbaycana kömək etməkdir".
APA-nın xəbərinə görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib. Səfir bildirib ki, ABŞ-ın Azərbaycanla ümumi fəaliyyəti iqtisadiyyat, təhlükəsizlik, qanunun aliliyi, insan haqları və demokratiya sahələrini əhatə edir.
Diplomat qeyd edib ki, ABŞ ötən əsrin 90-cı illərinin əvvəlindən Azərbaycanda məcburi köçkünlərə 125 milyon dollardan artıq maddi yardım göstərib.
Azərbaycanda aprelin 11-i keçiriləcək prezident seçkilərinə toxunan R. Sekuta vurğulayıb ki, ABŞ üçün vətəndaşların seçkidə azad iştirakı, seçkilərin ədalətli keçirilməsi vacibdir.
Səfir Xocalı qətliamı da münasibət bildirib və onu XX əsrdə baş vermiş ən dəhşətli hadisələrdən biri adlandırıb.
O qeyd edib ki, tarixi öyrənmək vacib olduğu kimi, bu cür hadisələrin bir daha təkrarlanmaması üçün çalışmaqla yanaşı, parlaq gələcək üçün birgə işləmək lazımdır.
ABŞ-ın Minsk qrupunun üzvü olaraq, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını daim diqqətdə saxladığını deyən səfirin fikincə, ölkəsi tərəfləri bir araya gətirərək, həlli uzanmış bu məsələnin tez bir zamanda həlinə çalışır:
"ABŞ nizamlanma prosesinə daim sadiq olub. Dağlıq Qarabağ münaqişəsi nəticəsində hələ də insanlar həyatını itirir. Bu münaqişənin tez bir zamanda həlli vacibdir".
Paylaş: