Xəbər lenti


Cavad Nəvaian Rudsəri
“Xorasan” qəzeti, 01.06.2020
 
Belə məlum olur ki, portuqaliyalılar Fars körfəzinə ayaq başladıqdan sonra hicri-qəməri 913 (hicri-şəmsi 886-ci il) il və hicri 10-cu əsrin ortalarında İrana ilk dəfə tütün idxal edilib və tütündən istifadə geniş hal alıb. I Şah Abbas hakimiyyətə gələndə, tütün və tənbəki vərdiş olmaqdan başqa, hətta əl sənətləri və rəngkarlıqda da öz yerini tapmışdı. O dövrdə tütünün sağlamlığa zərəri hələ insan cəmiyyətinə məlum deyildi, buna görə də, ümumi rəğbət günbəgün artırdı.

Məlum olduğu kimi, dünyada ilk tütün əleyhinə birliklər Avropada XIX əsrin sonlarında yaranıb. Ancaq tarixi araşdırmalar bu bilgini şübhə altına alır. Belə ki, I Şah Abbasın hakimiyyəti dövründə və hicri 1000-ci illərdən bəri tütün və tənbəki əleyhinə kampaniya mövcud olub.
Bu yazıda mövzunu araşdıraraq vacib bir tarixi sirr açmaq niyyətindəyik.
 
Qəlyanbaz əyanlar və at peyini
Çubuq və qəlyan şəklində tütün və tənbəkidən istifadə I Şah Abbasın dövründə geniş yayılmış olsa da, hökmdar tütünə nifrət edir və müəyyən hallar istisna olmaqla, onun qoxusuna dözə bilmirdi. “Müəyyən hallar”a, məsələn, Hindistan kimi, dost bir ölkənin səfiri İrana təşrif gətirməsi daxil idi və təbii ki, həmin şəxsin tütündən çox asılılığı üzə çıxırkən, qeydə alınırdı.

Şah Abbas belə hallarda dinib-danışmaz və tüstüyə qıcığı olduğundan müxtəlif bəhanələrlə sarayın görüş otağını tez tərk edərdi.
O, əyanlarının çubuq və qəlyan çəkməsinin qarşısını almaq üçün dəfələrlə çalışdı, amma bu mümkün olmadı və Səfəvi şahı səyində çox da dərinə getmək istəmədi.

Amma bir gün hökmdarın səbri tükəndi və necə deyərlər, kasa daşdı!
Məşhur fransız səyyahı Şarden öz səyahətnaməsində I Şah Abbasın qeyri-adi sayılacaq addımına işarə edir. O yazır ki, padşah əyan-əşrəfin saraya çağırılmasını və hamı üçün çubuq və qəlyan hazırlanmasını əmr etdi. Ancaq tütünün əvəzinə, çubuq və qəlyanı at peyini ilə doldurdular!
Əyan-əşrəf ya ifrat tütün alılığından, ya da qorxu və dəhşətdən, içindəkinin nə olduğunu bilə-bilə, at peyininin tüstüsünü ciyərlərinə çəkdi.
Şah Abbas məclisində iştirak edənlərdən qəlyan və çubuqlardakı tənbəkinin keyfiyyəti barədə soruşduqda, hamı bir ağızdan hökmdarı mədh edib “peyinə oxşar tənbəki”nin ləzzətini özləri üçün “kəşf etdilər”.

Padşah onlardan biri olan qorçubaşını yanına çağırıb dedi: “İstəyərəm ki, bu tənbəki haqqında tərifsiz fikir söyləyəsən!”
Qorçubaşı dedi: “Mübarəkə and içirəm ki, o, min çiçəkdən daha ətirlidir!”
Şah Abbas qaşqabağını tökdü: “Səni mürdəşir yusun, peyin iyini tənbəki iyindən ayıra bilmədin!?”
 
Tütün istifadəsinə qadağa


Şah bu minvalla bir müddət tütün həvəskarlarına qarşı nisbi dözümsüz oldu. Ancaq alman səyyahı Adam Olearinin sözlərinə görə, hicri 1027-ci ildə Səfəvilərin Osmanlılar üzərində qələbəsindən sonra Şah Abbasın qəzəb qazanı qaynayaraq daşdı.

Qələbədən çox məmnun olaraq, o, orduya birillik məvacibinin ödənməsini əmr etdi. Ancaq tezliklə qulağına xəbər çatdı ki, məvacibi dolanışıqlarına xərcləmək əvəzinə, əsgərlər tütün almağa başlayıblar və tütün qoxusu bütün qoşun düşərgələrini doldurub!
Bundan çox qəzəblənən padşah bir dəstə yaradıb, orduda tütün və tənbəkinin istifadəsinə qoyulan qadağanın icrasını ona tapşırdı. Bu, tarixdə ilk anti-tütün kampaniyası idi.

Hökmdar əmr etdi ki, hərbi düşərgələrdə qəlyan və çubuq çəkən hər kəsin dodaqları və burnu kəsilsin. O, orduya tütünün girişini tam qadağan etdi və hətta Şah Abbasın tütün qadağasını guya bilmədiyini bəhanə gətirərək düşərgəyə girən tacir öldürüldü, malları yandırıldı!
Bundan əlavə, I Şah Abbasın ölümünə qədər tütün idxalı qadağası qüvvədə qaldı və günahkarlar ağır cəzalandırıldı.
Ancaq son nəticə nə oldu? Qüdrətli Səfəvi şahının ölümündən sonra tütün vəbası yenə iranlıların həyatına qədəm qoydu və həmişəlik qaldı!

Tərcümə: Strateq.az





Ana səhifəyə qayıt        Baxış: 2 518          Tarix: 1-07-2020, 18:21      


Paylaş:   

Ən çox oxunanlar