Xəbər lenti


“Bugünkü Rusiyanı Sovet İttifaqı ilə müqayisə edirəm. Bununla müqayisədə Rusiya daha demokratikdir. Ancaq bizim demokratiya ilə bağlı fikirlərimizə uyğun gəlmir. Bir şeyi unutmamalıyıq: Rusiyada heç vaxt demokratiya olmayıb”.
Teleqraf.com alman deputat, Sol Partiyanın üzvü Qreqor Gizinin Almaniyanın “Deutschlandfunk” saytına müsahibəsini ixtisarla təqdim edir.
- Rusiyada keçirilən referendumu necə qiymətləndirirsiniz?

- Putin ağıllı bir hiylə işlətdi, dedi ki, iki prezidentlik müddəti olacaq, ancaq keçmişlərim sayılmır. Tramp yəqin ki, ona həsəd aparacaq. Həm də əbədi prezident qalmaq istəyərdi. Ancaq bu, mümkün deyil. Buna baxmayaraq bir neçə yeni sosial qaydalar tətbiq edilib. Məni ən çox düşündürən məqam hakimlərin təyin olunması və vəzifədən uzaqlaşdırılması ilə bağlıdır. Əslində hakimləri “vurmaq” olmaz. Baş prokurorun təyin edilməsi problem deyil, amma hakimlərdən çox narahat oldum, çünki bu, hüquq sisteminin müstəqilliyini daha da məhdudlaşdıracaq.
- Bu səsvermə nə qədər azad və ədalətli oldu?
- Əlbəttə, müəyyən pozuntular oldu. Ancaq xəyal qurmağa ehtiyac yoxdur. Putinin tərəfdarları kifayət qədərdir, mütləq əksəriyyəti Moskvadadadır, Sankt-Peterburqda deyil. Ancaq kəndlərə, kiçik şəhərlərə gedirsən, vəziyyət tamamilə fərqlidir. Orada vəziyyət mübahisəlidir.

- Referendum öncəsi təbliğat-təşviqat kampaniyasında sosial müavinətlərə vurğu edildi: uşaq müavinətlərinin və pensiyaların orta səviyyədə artması. Buradan belə bir nəticə çıxarmaq olarmı ki, yeni şüar siyasi passivlik müqabilində rifahdır?
- Bugünkü Rusiyanı Sovet İttifaqı ilə müqayisə edirəm. Bununla müqayisədə Rusiya daha demokratikdir. Ancaq bizim demokratiya ilə bağlı fikirlərimizə uyğun gəlmir. Bir şeyi unutmamalıyıq: Rusiyada heç vaxt demokratiya olmayıb. Əvvəl çar imperiyası vardı, sonra qısa müddətə Kerenski, sonra Lenin və nəhayət Stalin. Bundan sonra nə oldu, bilirsiniz. Başqa sözlə, böyük şəhərlər istisna olmaqla, demokratiya hələ də ictimai şüurun içinə girməyib. Hələ çox şey baş verməlidir: təlim, təhsil, demokratik ənənələrdə tərbiyə, demokratik dövlətlərlə tanışlıq. Bütün bunlar mənim üçün çox vacib görünür.
- Putin Rusiyanın əvvəlki gücünü bərpa etmək istəyir. Suriya, Liviya və digər bölgələrdə keçirdiyi hərbi əməliyyatlara baxmaq lazımdır. İndi isə Putin daha da gücləndi.

- O, 2001-ci ildə Bundestaqda idi. Çıxışını eşitdim. Sonra xüsusi xidmət orqanları, hərbi, polis, iqtisadiyyat, elm və mədəniyyət sahələrində əməkdaşlıq təklif etdi. Lakin Qərb təkəbbürlü davranırdı. Buna ehtiyac olmadığını bildirdi. O vaxtdan bəri Putin dəyişdi, o, təsir dairələrini daha da daraltmasına imkan verməyəcəyini söylədi. Buna görə də, bundan sonra onun tələblərində daha da sərt olacağını düşünməliyik.
Sanksiyalara görə ruslar artıq bəzi mallar ala bilmədikləri üçün yeni istehsal müəssisələri yaradırlar. İqtisadi problemləri həll edərsə və bu səbəbdən bir sıra sosial problemlər yaransa, daha enerjili və güclü mövqedən çıxış etməyə başlaya bilərlər. Obama onu sadəcə “regional bir gücün başçısı” adlandıraraq səhv etdi. Bu tip siyasətçiləri tanıyıram; bir şey onlara zərər verərsə, ölkələrinin böyük bir güc olduğunu sübut etməyə başlayırlar.
Başqa sözlə, danışıqlar, intensiv danışıqlar lazımdır. Biz Putini müəyyən şeylər barədə xəbərdar etməliyik, amma əmin olmalıdır ki, biz artıq onu arxa plana keçirməyəcəyik, hərbçilərimizi daima öz sərhədlərimizdə və digər istiqamətlərdə yerləşdirməyəcəyik. Güvənə əsaslanan münasibət yoxdur.

- Sual budur ki, bu güvən əlaqəsi necə yaranmalıdır?
- Fikrimcə, yalnız bir yol var: bəzi məsələlərin aradan qaldırılması və aydınlaşdırılması şərti ilə Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarının qaldırılması barədə razılığa gəlməliyik. Başqa bir imkan yoxdur. Bu vəziyyətdə, məncə, güzəştlərə hazır olacaq.
- Bu sanksiyalar Krıma görə tətbiq olundu...
- Bəli, bilirəm. Yalnız bir şeyi unutmamalıyıq: Qərb Kosovanı beynəlxalq qanunlara və BMT Təhlükəsizlik Şurasının qərarına zidd olaraq ilk növbədə rədd etdi. İndi hamı bu presedentdən istifadə edir. Puçdemon Kosovaya, Bərzani da İraqdakı “Kosova”ya aiddir və ruslar da belə edirlər. Buna baxmayaraq, bu, beynəlxalq hüququn pozulmasıdır. Biz yekdilliklə ona bir şey təklif etməyə başlamırıqsa - əlbəttə ki, onun müəyyən şeylərdən imtina etməsi şərtilə, onda heç yerə gedə bilməyəcəyik. Vəziyyət gərginləşməyə davam edəcək, lakin buna imkan verə bilmərik. Düşünürəm ki, Rusiya da buna imkan vermir.

- Bütün bu hadisələrin fonunda, məsələn, Suriya, Liviya və digər bölgələrdə silahsız insanlara əhəmiyyət verməyən Putinin Qərblə anlaşacağına ümid edirsiniz?
- Qərb onunla görüşməyə gedirsə, o zaman Qərbə tərəf getmək məcburiyyətində qalacaq, çünki Suriyada baş verənlər onsuz da onun gücündən kənardır. Etiraf etməliyəm: Liviyaya qarşı müharibə əlbəttə ki, böyük bir səhv idi. Nəticədə sabit bir nizam yox, fəlakət yaratdıq.
Bilirsiniz, mənim fikrimcə, bütün tərəflər hərbi əməliyyatlara çox, diplomatik və siyasi səylərə az əhəmiyyət verirlər. Siyasət və diplomatiyaya qayıtmasaq, uğur qazana bilməyəcəyik. Hərbi vasitə dünyaya hakim ola bilməz.



Ana səhifəyə qayıt        Baxış: 2 584          Tarix: 7-07-2020, 14:11      


Paylaş:   

Ən çox oxunanlar