Xəbər lenti

Amerikanın qəbul etməyəcəyi təklif

Zəngəzur dəhlizi ətrafında məkrli çevrələrin körüklədiyi intriqa bitmir. Xüsusən də cənub qonşumuz İranın radikal şovinist dairələri Ağ Evdə əldə olunan tarixi razılaşmanı hələ də sabotaj edir, hətta Pezeşkian hökumətinin rəsmi, praqmatik mövqeyinə zidd münasibət sərgiləyirlər.         

Bu arada İran parlamentinin sədri, seçkilərdə Pezeşkianın rəqibi olmuş Məhəmməd Baqir Qalibaf ikibaşlı şəkildə bəyan edib ki, İran və Türkiyə regionun sabitliyini və bütövlüyünü birgə təmin etməyə qadirdir. Ermənistan KİV-i və ekspert icması isə bu açıqlamanı Tehranın Zəngəzur dəhlizinə birgə nəzarətlə bağlı Ankaraya təklifi kimi şərh edir.

Erməni türkoloq Akop Çakryan Qalibafın açıqlamasını şərh edərkən söyləyib: “Əlbəttə, burada ABŞ-da baş verən hadisələr fonunda Zəngəzur dəhlizi nəzərdə tutulur. Görünən budur ki, Donald Trampın gəlişindən sonra ”tostlar şirinləşir" və Zəngəzur dəhlizi ilə bağlı yeni inkişaflara işarə edilir. Təbii ki, ABŞ-nin superdövlət kimi bəzi imkanları var. Türkiyə və İran da iki qüdrətli siyasi qüvvə kimi rəqabət aparır, amma bu halda da onları “ortaq düşmən”in birləşdirdiyini də qeyd etmək lazımdır. İran Zəngəzur dəhlizinə Türkiyə ilə birgə nəzarət etmək istəyir".

Onun sözlərinə görə, Zəngəzur dəhlizi sıradan bir dəhliz deyil, nəzarəti qlobal əhəmiyyət kəsb edən regional transformasiyanın kəsişmə nöqtəsidir:  “Çin, ABŞ - hamı maraqlanır. Amerikalılar üçün çox vacibdir. Ancaq burada sual yaranır ki, bura bizim suveren ərazidirsə, bəs niyə Amerika Birləşmiş Ştatlarına verilir? Bunun müqabilində nə alacaqlar?” - erməni ekspert qeyd edib.

Başqa bir erməni politoloq Arman Abovyan isə deyib ki, Zəngəzur dəhlizi Azərbaycan və Türkiyənin nəzarətində olacaq. Onun fikrincə, dəhlizə avqustun 8-də Vaşinqtonda ABŞ prezidenti Donald Trampın şahidliyi ilə Bakı və İrəvan arasında imzalanmış razılaşma əsasında Türkiyə və Azərbaycan nəzarət edəcək (“Teleqraf”).

Erməni ekspert əmindir ki, dəhliz Türkiyə-Azərbaycan tandeminə təhvil verilib: “Trampın özü də Vaşinqtonda keçirilən görüşdə dəfələrlə Sünikdən (Qərbi Zəngəzur) keçən yoldan dəhliz kimi danışmışdı. Yəni ABŞ prezidenti faktiki olaraq söhbətin adi yoldan yox, Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında açılacaq dəhlizdən getdiyinə işarə eləmişdi. Ola bilsin, kimlərsə unudub ki, rəsmi olaraq ”Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) adlandırılan layihə ABŞ-a tranzit dəhlizinin inkişafı üçün müstəsna hüquqların verilməsini nəzərdə tutur. Başqa sözlə, bu, ekstraterritorial dəhlizdir".

Artıq xəbər verildiyi kimi, gələn həftə ABŞ nümayəndə heyəti Zəngəzur dəhlizi layihəsini müzakirə etmək üçün Ermənistana gələcək. Məlumatda bildirilir ki, onlar marşrutun təkcə texniki və siyasi detallarını deyil, həmçinin investisiyaların həcmini, prioritet istiqamətləri və tikinti işlərinin başlama tarixini müzakirə edəcəklər. Görüşlərin bağlı qapılar arxasında keçiriləcəyi deyilir. 

Bəs bu iki erməni ekspertdən hansı haqlıdır? ABŞ imkan verərmi ki, dəhlizə İran da hansısa şəkildə nəzarət etsin?

Politoloq Xəyal Bəşirov “Yeni Müsavat”a bildirdi ki, keçmiş Dağlıq Qarabağ münaqişəsini həll etməkdə məqsədimiz həm də kənar qüvvələri regiondan çıxarmaq idi. Azərbaycan Prezidenti II Qarabağ müharibəsindən dərhal sonra 3+3 əməkdaşlıq formatını təklif etdi: “Yəni regiona aid 6 dövlətin əməkdaşlığından söhbət gedirdi. Regionla bağlı məsələlərin həllini nəzərdə tutan bir əməkdaşlıq formatı kimi düşünülürdü. Çox təəssüflər olsun ki, beş ilə yaxındır müharibə bitib, lakin Ermənistan bir sıra məsələlərlə bağlı, o cümlədən Zəngəzur dəhlizi məsələsində öz öhdəliklərini yerinə yetirməyib. Ona görə də bundan istifadə edən ayrı-ayrı qüvvələr regionda yeni problemlər yaratmağa çalışırlar. Bunlardan biri də əslində Azərbaycanın təşəbbüsü nəticəsində gündəmə oturmuş, bölgəyə rifah, sülh, inkişaf gətirəcək Zəngəzur dəhlizinə maneələrdir. Zəngəzur dəhlizinin açılmasına Ermənistan neçə ildir imkan vermir. Onlar Zəngəzur dəhlizinə dəhlizdən başqa hər formada baxırlar, özü də Zəngəzur dəhlizinin açılmasını vahiməli təhlükə sayırlar. Əslində isə Zəngəzur dəhlizinin əsas məqsədi, mahiyyəti yeni loqistika, kommunikasiya xətlərinin açılmasına, iqtisadiyyatın inkişafına şərait yaratmaqdır. Ermənilər yavaş-yavaş bunu anlamağa başlayırlar. Zəngəzur dəhlizinin istifadəyə verilməsi regionun bütün dövlətlərinə, ən çox da Ermənistana iqtisadi dividentlər gətirəcək. O dəhlizi hansı ölkənin şirkətinin işlətməsindən asılı olmayaraq dəhliz hər kəsə faydalı olacaq. İranda bəzi qüvvələr isə hələ də məsələni yanlış istiqamətə yönləndirərək tamamilə siyasiləşdirirlər, Ermənistana təsir göstərirlər”.

Politoloq hesab edir ki, 8 avqustda Vaşinqtonda əldə edilmiş razılaşmadan sonra isə İrandakı dairələr dəhlizə nəzarətlə bağlı yarışa giriblər: “Dəhlizə Türkiyə və İranın nəzarət etməsindən daha çox bu dəhlizin beynəlxalq bir yol kimi işləməsindən yana olmaq lazımdır. Azərbaycan dövləti məsələyə həm bu cür yanaşır, həm də o yolu Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirən maneəsiz istifadə edilməli olan quru yolu kimi baxır. Çünki bu yol SSRİ dövründə də mövcud olub. Amma müxtəlif qüvvələr bu yolun açılmaması üçün çalışırlar, qəbul edilməsi mümkün olmayan təkliflərlə çıxış edirlər”.

Politoloq qeyd etdi ki, hazırda Zəngəzur dəhlizinə ABŞ, Türkiyə-İran və ya başqa hansısa dövlətlərin nəzarət edəcəyi ilə bağlı razılaşma yoxdur: “42 kilometrlik həmin yol Ermənistanla ABŞ arasında imzalanmış razılaşmaya əsasən ABŞ şirkəti tərəfindən tikiləcək və həmin ərazi beynəlxalq səviyyədə Ermənistanın ərazisi kimi tanındığı üçün yolun təhlükəsizliyi təminatını Ermənistan ABŞ-la razılaşdırıb. Bu, İrana aid olan məsələ deyil, bu, Ermənistana aid olan məsələdir. ABŞ-ın da 8 avqustdan sonra İranın o yola nəzarət etməsinə razılaşması mümkün deyil. İranın bu məsələdə pozucu addımlarına ABŞ imkan verməz.  İrana sual oluna bilər ki, sən öz ərazindən keçən Araz dəhlizinə nəzarəti, məsələn, Türkiyəyə və başqa bir ölkəyə verirsənmi? Azərbaycan üçün isə əsas məsələ o yolun açılması və təhlükəsizliyinə təminat verilməsidir. Hansısa qüvvələr bu məsələdə pozuculuq mövqeyindən çıxış edirlərsə, bu onların regionda sülhə yanaşmasından irəli gəlir”.




Ana səhifəyə qayıt        Baxış: 35          Tarix: Bu gün, 09:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma