
Çin səddindən “Bir Kəmər, Bir Yol”a
Azərbaycan Prezidenti İlham Əliyevin Çində xüsusi təmtəraqla qarşılanması, haqlı olaraq, media orqanlarımızın diqqətindən yayınmadı. Ölkə başçımızın xüsusi fəxri qarovul dəstəsi ilə qarşılanması, Çin gənclərinin onun və Mehriban xanım Əliyevanın qarşısında bayram şənliklərinə bənzər şəkildə rəqs etmələri həqiqətən də dövlətimiz adına fəxarət duyulası hadisədir. Eyni sözləri təxminən bənzər şəkildə qarşılanan qardaş Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan barədə də söyləmək mümkündür.
Bununla belə, dövlət yetkililərinə ağıl öyrətmək və ya yol göstərmək kimi qabiliyyətim və yetkim olmamasına rəğmən, məni narahat edən bəzi qayğılarımı dilə gətirmək istəyirəm. Qədim dövrlərdən ötən əsrin 70-ci illərinə qədər Çin ona görə qorxulu deyildi ki, qapalı toplum idi. Özünə məxsus dəyərləri xüsusi etina ilə qorumağa çalışır, bunun üçün də yayılmaçılıq siyasətinə çox da önəm vermir, əksinə qapı-bacalarını Çin səddi ilə hər kəsə bağlayıb yaşayırdı. Lazım gələndə, öz dəyərlərini türk xalqları vasitəsilə Çindən Avropaya qədər nəql etməyə üstünlük verirdi. Beləcə, ortaya çıxan İpək yolu ticarət marşrutu xətti ilə həm bizim, həm də özünün inkişafına şərait yaradırdı.
Dünyanın “qara dəliyi”
Çinin bu özəlliyini 1970-ci illərin ABŞ-ın cümhuriyyətçi hökumətləri dəyişdirdi. Riçard Nikson və Gerald Fordun prezidentliyi dövründə ABŞ administrasiyasının müxtəlif postlarında əyləşən Henri Kissincer Çini Rusiyadan ayırmaq üçün onu qlobal iqtisadi inkişaf layihələrinə cəlb etdi. Beləcə, Çin indiki nəhəngləşmə dövrünə qədəm qoydu və getdikcə dünyanın “qara dəliyi”nə çevrildi. Necə ki, kainatımızdakı qara dəliklər digər göy cismlərini özünə cəzb edərək udur, Çin də eyni funksiyanı dünyada həyata keçirir. Hələlik, o, bu işini yalnız iqtisadi cəhətdən icra edir deyə, dünya düzəninə vurduğu zərərlər bütün real boyutu ilə nəzərə çarpmır. Eynilə kainatdakı qara dəliklər də özünün “acgözlüyünü” ilk başdan büruzə vermir, ona yaxınlaşan ulduzlar tədricən parçalayaraq həzmi-rabesindən keçirir. Bu səs-küysüz udma prosesi o ana qədər davam edir ki, ulduzlar balacalaşıb qara dəliyin “boğazından” keçəcək vəziyyətə düşür. Həmin andan sonra ulduzların qara dəliyin boğazından keçməsi bir göz qırpımında baş verir.
Çinin “toxunan yanar” özəlliyi tarixən mövcud olub və bir çox xalqları öz qoynunda yox edib. Vaxtilə dünyaya meydan oxuyan uyğur türkləri hazırda Çinin yeminə çevrilən xalqlardandır. 20-30 il bundan əvvələ qədər milli əlifbası (ərəb qrafikasına söykənən, bizim əski əlifbamıza bənzər), universitet və milli mediası ilə öz mövcudluğunu qorumağa çalışan uyğurların hazırda yoxoluş prosesinə qədəm qoyduğu bir çox mütəxəssislər tərəfindən də etiraf olunur. Bəzi iddialara görə, yaxın 10 illiklərdə Mərkəzi Asiya türklərini də eyni tale gözləyə bilər.
Kissincer “bombası”
Yeri gəlmişkən, Kissincerin təşviqi ilə həyata keçirilə sosial-iqtisadi siyasətlər Çinə təkcə tərəqqi də gətirməyib (əslində, belə olması təəccüb doğurardı). Həm də bu siyasətlər bətnində adına şərti olaraq “Kissincer minası” dediyimiz gizli bir bomba daşıyırdı. Söhbət Çinin keyfiyyətli inkişafı üçün həyata keçirilən ailə planlaması strategiyasından gedir. Doğrusu, bu strategiyanın məhz Kissincerin ağlının məhsulu olduğunu demək də çətindir. Biz ona görə, bu proqramı Kissincerlə əlaqələndiririk ki, Çinin ABŞ-la diplomatik əlaqələrinin başlanması ilə ailə planlaması siyasəti eyni dövrə düşür. Mümkündür ki, bu iki siyasət arasında üzvi əlaqələr var.
Belə ki, Kissincerin səyləri nəticəsində 1979-cu ildə ABŞ Pekində səfirlik açdıqdan sonra diplomatik əlaqələr başladı. Bu da öz növbəsində ABŞ sərmayəsinin ucuz işçi bazarı hesab olunan Çinə axışına səbəb oldu. Nəticədə Çin inkişaf edə-edə indiki səviyyəyə yüksəldi.
Maraqlıdır ki, Çində həyata keçirilən ailə planlaması da ilk dəfə 1979-cu ildə gündəmə gəlmiş və 1980-ci ildən etibarən ardıcıl şəkildə həyata keçirilməyə başlamışdı. Çin bunun hansı ağır nəticələrə gətirib çıxaracağını yalnız 36 il sonra başa düşmüş və 2016-cı ildə səhvini düzəltməyə çalışmışdır. Əhalinin zəif artımı və qocalması ilə əlaqədar olaraq 2016-cı ildə tək uşaq siyasəti iki uşaq siyasətinə dəyişdirilmiş, 2021-ci ildə ölkədə doğum səviyyəsini artırmaq məqsədinə üç uşaq siyasətinə keçilmişdir. Fəqət Çində demoqrafik kiçilmənin qarşısını almaq mümkün olmamışdı. Bunu statistik rəqəmlər də təsdiqləyir. Məlumata görə, 2012-ci ildə 16-59 yaşlarında əmək qabiliyyətli 937 milyon əhali vardısa, 2018-ci ildə bu rəqəm 40 milyon azalaraq 897 milyona geriləmişdi. 2012-ci ildə 194 milyon olan 60 yaş üstü əhali isə 2018-ci ildə 55 milyon artaraq 249 milyona yüksəlmişdi.
6 ildə bu qədər azalma Çinin ən böyük problemi hesab olunur. Və əhali yaşlandıqca problem də böyüyür. Çin alimlərinin iddialarına görə, 2022-ci ildən etibarən bu düşüş daha kəskin xarakter alacaq və əhalinin sayı durmadan azalacaqdı. Həqiqətən də, ötən il Çində ilk dəfə ölüm sayı doğum sayını üstələmişdi. Statistik məlumatlara görə, 2024-cü ildə doğum nisbəti mində 6,77, ölüm nisbəti isə mində 7,76 olaraq qeydə alınmışdı. Bu, demoqrafik qeydlərin aparıldığı 1949-cu ildən bəri ən aşağı doğum-olüm nisbətidir. Ölkədə əhalinin azalması tendensiyası davam edir və əhalinin qocalması isə demoqrafik böhran daha da dərinləşir.
BMT-nin proqnozlara görə, 2050-ci ilə qədər Çində əhalinin sayı 109 milyondan çox azalaraq 1 milyard 300 milyon civarlarına düşəcək. Onun da 430 milyonu 60 yaşın üzərində olacaq. Yəni kapitalist cəmiyyətlərin “parazitləri” sayılan pensiyaçılar. Belə çıxır ki, əhalinin hardasa 3-də birini təşkil edən iş qabiliyyətli çinlilər həm ailələrini dolandırmalı, həm də pensiya fondlarına daha çox vəsait ayırmalıdırlar. Bu isə Çində sosial sabitliyin pozulmasına gətirib çıxara bilər.
Mete xanın Çin strategiyası
Sözümün canı odur ki, Çin 2022-ci ildən etibarən 1970-80-ci illərin yanlış demoqrafik siyasətlərinin ağrılı nəticələrinə qədəm qoyub. Yəqin ki, bu vəziyyətdən ən azı 50 il çıxa bilməyəcək. Bu mənada Çin əvvəlki kimi qorxulu görünməyə bilər. Amma unutmamaq lazımdır ki, qədim türklər belə, Çinlə münasibətlərdə ehtiyatı əldən verməmiş və onunla yaxın təmasda bir fayda görməmişdilər.
Fikrimin ən bariz nümunəsi Türk dünyasına dövlətçilik şüuru qazandıran Mete xanın Çinlə münasibətləridir. Bilirsiniz ki, Mete xan eramızdan 300 il əvvəl Çinlə girdiyi müharibədə tam və qəti qələbə qazanmasına baxmayaraq, onu fəth etmədi, sadəcə hər il xərac almaqla yetindi. Tarixçilər bunu Metenin uzaqgörən siyasəti ilə əlaqələndirirlər. Onların fikrincə, “bu gün olduğu kimi, o dövrdə də Çin əhalisinin kifayət qədər çox idi. Orada məskunlaşan türklər Çin mədəniyyətindən təsirlənib assimilyasiyaya uğraya bilərdilər. Buna görə də Mete xan Çini təzyiq altında saxlamaq və vergiyə bağlamaqla kifayətləndi” (Qaynaq: H. BURAN. “Mete Han’ın Çin Politikası”).
Ümid edirəm, Türkiyə və Azərbaycan siyasi iradəsi də Metenin bu uzaqgörən siyasətindən nəticə çıxaracaq, Çinlə münasibətlərdə bacardıqları qədər ehtiyatlı olmağa çalışacaqlar. Və Pekinin onları xoş qarşılamasının altında yatan hikməti düzgün oxuyacaqlar.
Heydər Oğuz,
Ovqat.com
Paylaş: