Xəbər lenti


Britaniya ordusunun yeni silahlı dron proqramına başlayacağı gözlənilir. 
Bu barədə “The Guardian” qəzeti yazıb. Qəzet yazır ki, Londonu buna həvəsləndirən Azərbaycanın Dağlıq Qarabağ müharibəsində bu texnologiyadan istifadə etməklə qalib gəlməsi olub: “Müdafiə rəsmiləri bu qənaətdədirlər ki, Azərbaycanın ucuz Türkiyə dronlarından istifadə etməsi onun 6 həftəlik payız müharibəsində Ermənistanı məğlub etməsində və əraziləri nəzarəti altına almasında həlledici rol oynayıb”.

Qəzetin yazdığına görə Britaniya Müdafiə Nazirliyindəki mənbələr əlavə ediblər ki, London beşillik müdafiə planı çərçivəsində özünün ucuz dronlarını yaratmaq istəyir. Xəbər verilir ki, rəsmilər bu planı öldürücü pilotsuz təyyarələrin qadağan olunacağı barədə xəbərdarlıqlara baxmayaraq, artıq 2021-ci ildə elan etməyi planlaşdırırlar.
Bu ayın əvvəllərində Britaniyanın müdafiə naziri Ben Uolis demişdi ki, Türkiyənin TB2 dronları başqa ölkələrin liderliyi necə ələ almasını nümayiş etdirir. O əlavə etmişdi ki, dronlar yüzlərlə zirehli maşınları və hətta havadan müdafiə sistemlərini məhv edə bilir.

“The Guardian” xatırladır ki, PUA-ların Dağlıq Qarabağda canlı qüvvəni məhv etməsini göstərən videolar da var. Qəzetin yazdığına görə, Azərbaycan Müdafiə Nazirliyinin oktyabrda paylaşdığı videoda TB2 dronlarının erməni qüvvələrinin yerini necə müəyyəşdirdiyi və informasiyanı artilleriyaya ötürdüyü görünürdü.
Məqalədə deyilir ki, ekspertlər Baykar Makina şirkətinin istehsal etdiyi TB2 dronlarının birinin 1-2 milyon dollara başa gəldiyini təxmin edirlər. Halbuki Britaniya hərbiyyəsi ABŞ-ın General Atomics şirkəti tərəfindən istehsal edilən 16 təkmil Protector dronlarının hər birinə 20 milyon dollar ödəyib. Bu da qeyd olunur ki, TB2 dronlarının uçuş mənzili xeyli qısa – 150 kilometr olsa da, onlar 24 saat havada qala bilir. Üstəlik, ucuz olduqlarına görə bəzən belə dronların itirilməsi böyük ziyan vurmur. 

  The Guardian” yazır ki, Türkiyənin TB2 dronları regiondakı hərbi balansı sürətlə dəyişir və bu dronlardan Suriya və Liviyadakı vətəndaş münaqişələrində istifadə olunub. Məqalədə iddia edilir ki, Azərbaycan müharibə ərəfəsində Türkiyədən 20-dək TB2 alıb və onlardan o qədər geniş və səmərəli istifadə edə bilib ki, bəziləri onların Türkiyə tərəfindən idarə olunduğunu iddia ediblər.

Qəzet yazır ki, bu dronların zərbə endirməsini göstərən kadrlar Bakıda geniş küçə ekranlarında nümayiş etdirilirdi. Oryx Blog saytının ekspertləri video və fotolar əsasında təxmin edirlər ki, bu müharibədə Ermənistan 224, Azərbaycan isə 36 tank itirib.
Britaniyadakı Royal United Services Institute hərbi analitik mərkəzindən professor Maykl Klark deyib ki, azərbaycanlıların dronlardan istifadəsi həlledici rol oynayıb. (Azadliq.org)



Ana səhifəyə qayıt        Baxış: 2 423          Tarix: 30-12-2020, 12:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma