Xəbər lenti


Qarabağ münaqişəsi bitdikdən sonra bölgədə yaranmış yeni geosiyasi və iqtisadi reallıq regional əməkdaşlığın yeni fazaya keçməsini şərtləndirir.

İndi Azərbaycan Zəngəzur dəhlizini reallaşdırmaq üçün regional səylərin birləşdirilməsinə çalışır.

Zəngəzur dəhlizi vasitəsilə Ermənistanın Rusiya ilə quru əlaqəsi yaranacaq və bu, Azərbaycan üzərindən keçən dəmir yolu vasitəsilə reallaşacaq.

Eyni zamanda Ermənistanın qonşusu İranla dəmir yolu əlaqəsi yarana bilər – bu isə əlavə iqtisadi imkanlar yaradır.
İran da Zəngəzur dəhlizinin reallaşmasında maraqlıdır, çünki sanksiyalar altında qalan bir ölkə yeni regional əməkdaşlıq platformasından özünə pay götürmək istəyir.

Azərbaycan, Türkiyə, Rusiya, İran postmüharibə dövrünün regional əməkdaşlığı məsələsində eyni mövqeni nümayiş etdirir.
Bir neçə il öncə Ermənistandan İrana dəmir yolunu inşa etmək üçün bir qeyri-real plan var idi.
Prezident İlham Əliyev aprelin 13-də ADA Universitetindən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” konfransında deyib:

“Onlar hesablamalar aparıb bunun 3 milyard dollara başa gələcəyini anladılar. Yaxşı layihədir, lakin onun pulunu kim ödəyəcək? Bu, sualdır. Beləliklə, onlar bu layihədən artıq vaz keçdilər”, - deyə Prezident əlavə edib.

Ona görə də İran üçün də, Ermənistan üçün bir-birini bağlayan iqtisadi telləri gücləndirmək məhz Zəngəzur dəhlizi vasitəsilə mümkün ola bilər.

Maraqlıdır ki, regional əməkdaşlıqda Gürcüstan qeyri-müəyyən mövqedədir. Gürcüstan üçün bu məsələdə potensial qazanc hələ aydın deyil, ölkə hələlik Ermənistanla Rusiya arasında quru yolu keçidi olmaqdan faydalanır. İşğalda olan Abxaziya üzərindən Rusiya-Ermənistan dəmir yolu əlaqəsinin yaradılması isə etirazlar səbəbindən baş tutmayıb.

İndi Gürcüstan üçün alternativlər təqdim edilir, bu isə təbii ki, ölkənin tranzit gəlirlərini müsbətə doğru dəyişə bilər.
Lakin hələlik Gürcüstan ehtiyat edir, amma bunun aydın və konkret cizgiləri yoxdur.

Prezident İlham Əliyev Gürcüstanın yeni regional əməkdaşlıqda cari mövqeyi ilə bağlı bunları qeyd edib:

“Gürcüstanın ehtiyat etməsi ilə bağlı eşitmişəm, mən bu haqda heç nə söyləyə bilmərəm. Mən baş nazirlə danışmalıyam, onun mövqeyini dinləməliyəm. Lakin bizim üçün Gürcüstan təkcə strateji tərəfdaş deyil, həm də qardaş və çox yaxın ölkədir. Bu gün Gürcüstan və Azərbaycan Avropanın enerji təhlükəsizliyi üçün çox önəmli rol oynayır. Beləliklə, hesab edirəm ki, əməkdaşlığın müvafiq formatını tapa bilərik, bizim niyyətimiz belədir”.

Tbilisi Rusiya ilə dəmir yolu əlaqələrinin qurulmasını nəzərdən keçirə bilər, ancaq bunun mümkünlüyü sual altındadır. Gürcüstan Rusiya ilə Abxaziya vasitəsilə dəmir yolu bağlantısı qura bilər ki, bu da real deyil, çünki həmin ərazilərdə qondarma qurum yaradılıb və Gürcüstanın ərazi bütövlüyünə təhdiddir.

Bunu nəzərə alaraq, Gürcüstanın Cənubi Qafqazda yaranan geniş əməkdaşlıq formatında iştirakı ölkəyə ciddi dividend gətirə bilər.   

/oxu.az



Ana səhifəyə qayıt        Baxış: 3 180          Tarix: 14-04-2021, 22:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma