Xəbər lenti


Paşinyan Moskvaya gedir. Nikolun seçkidən sonra hökuməti formalaşdırmadan baş nazir vəzifəsini icra edən şəxs kimi Rusiyaya səfəri bu ziyarətin məqsədini anlamağa imkan verən əsas məqamdır:

- Moskvada müzakirə mövzularından biri olsa da əsas gündəm Rusiya-Ermənistan münasibətləri deyil, əks təqdirdə, Paşinyan hökuməti formalaşdırdıqdan sonra baş nazir kimi rəsmi səfərə gedərdi;
- Əsas gündəm üçtərəfli razılaşmaların icrası və sərhəd məsələsidir: Ermənistanda seçkidən sonra Əliyev-Putin-Paşinyan-Ərdoğan xətti üzrə danışıqlar və erməni rəsmilərin açıqlamaları da bunu təsdiqləyir;
- Nikolun hökuməti formalaşdırmadan Moskvada qəbul edilməsi Putinin Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş razılaşmaların icrasında tələsdiyindən irəli gəlir: ruslar prosesin uzanmasının onların iştirakı ilə yaranmış reallığa risklər yaratdığını və üçüncü tərəfin – Qərbin müdaxiləsinə qapı açdığını anlayır; üçtərəfli razılaşmların icrasında problem yarada biləcək tərəf Ermənistandır və Paşinyanla Moskvada müzakirə məsələnin həllinə hesablanıb;
- Moskvada Putin-Paşinyan görüşündə Azərbaycan və Ermənistan arasında sərhədlərlərlə bağlı yeni müqavilənin imzalanması da müzakirə oluna bilər: istisna deyil ki, Paşinyandan sonra İlham Əliyev də Moskvaya səfər etsin və Putinlə yeni müqaviləni müzakirə etsin; bu, Rusiyanın vasitəçiliyi ilə liderlərin növbəti görüşdə yekun qərar verə bilməsi üçün lazımdır;
Paşinyanın səfərindən bir gün öncə “sərhəddə atışma” xəbəri və Qarabağda baş verənlər Moskva görüşünün gündəminə hesablanmış gedişlərdir.
“Sərhəddə atışma”: Ermənistan tərəfi iddia edir ki, Geğarnuki bölgəsinin Verin Şorja kəndi istiqamətində (Qaragöl ətrafında) atışma olub və iki erməni hərbçi yaralanıb. Bu iddianın ortaya atılmasında iki məqsəd var:
Birincisi, KTMT-nin öz öhdəliyini yerinə yetirmədiyini göstərmək: KTMT Qara göl ətrafında baş verənlərin hücum olmadığını və bununla prosesə müdaxilə etməyəcəyini açıq şəkildə elan etdi. Ermənistan hərbçilərini “yaralamaqla” hərbi ittifaqa “cavab verir”, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da iddia edir ki, “KTMT açıqlaması Azərbaycana hücum üçün imkan yaratdı”. Paşinyan “sərhəd hücumu” ilə Moskvada Putinin qarşısına fakt qoymaq gedişi edir.
İkincisi, yeni müqavilədə Kəlbəcər istiqamətindəki dövlət sərhədinin müəyyənləşməsində (hələki Qara göl ətrafında bunu istədiyini bilirik) Ermənistanın maraqlarının təmin edilməsi: İrəvan Bakını sərhəddə hücum edən tərəf kimi göstərməklə Rusiyaya Ermənistanın təhlükəsizliyinin qarantı olduğunu xatırlatmaq istəyir;
Üçüncüsü, Nikol seçkidən sonra ilk dəfə getdiyi Moskvada bu “faktlar”la əlini gücləndirmək niyyətindədir;
Qarabağda açılan atəş: Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində qanunsuz erməni silahlıları tərəfindən Ağdam rayonunun Əliağalı kəndi istiqamətində atəş açılıb.
Burada əsas ehtimal məlumdur: Moskvada əlini gücləndirmək və istəyinə nail olmaq istəyən Paşinyan “sərhəd hücumu” iddiasının ardınca Qarabağda Rusiyanın sülhməramlı missiyasının əleyhinə olacaq hücum təşkil edir.
Hərçənd, Qarabağda açılan atəşlə bağlı informasiya Bakının Moskvaya mesajlarını da əks etdirir:
1. Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələri qanunsuz erməni silahlı qruplaşmalara, ümumilikdə bölgənin təhlükəsizliyinə nəzarət edə bilmir;
2. Bu qanunsuz silahlı birləşmələr 10 noyabr razılaşmasının 4-cü bəndinə əsasən bölgədən çıxarılmalıdır, əks təqdirdə, Azərbaycan təxribat törədən cinayətkarları zərərsizləşdirəcək;
Bakı bununla üçtərəfli razılaşmaların bütün bəndlərinin icrasının vacibliyini və Türkiyə hərbçilərinin təmsil olunduğu Monitorinq Mərkəzinin fəaliyyətinin genişləndirilməsinin vacibliyini də diqqətə çatdırır.

axar.az


Ana səhifəyə qayıt        Baxış: 4 181          Tarix: 7-07-2021, 12:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma