Xəbər lenti

Azərbaycan tərəfi sentyabrın 2-də separatçı-terrorçu rejimin qondarma “müstəqillik günü”nün 30 illiyini qeyd etmək istəyənlərlə bağlı ciddi addım atmalıdır.

Bunu Axar.az-a açıqlamasında politoloq Tofiq Zülfüqarov deyib.

“Xüsusilə bu məsələdə Rusiya sülhməramlılarına ciddi xəbərdarlıq edilməlidir. Əvvəla ona görə ki, belə bir günün “qeyd edilməsi” həm 10 noyabr bəyanatının kobud şəkildə pozulması, həm də Rusiya sülhməramlılarının vəzifə səlahiyyətlərini yerinə yetirməməsi deməkdir.

 Xankəndi və ətrafı müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarətindədir. Yəni ermənilərin burada edəcəyi istənilən insidentdən onlar cavabdehlik daşıyır. Buna görə də nə olur-olsun, Rusiya sülhməramlıları belə bir günün keçirilməsinə icazə verməməlidir.

Rəsmi Bakı məsələ ilə bağlı həm Moskvaya, həm də Rusiya sülhməramlılarının komandalığına xəbərdarlıq etməlidir. 

Bundan əlavə, Azərbaycan Rusiya sülhməramlıları ilə birlikdə Laçın dəhlizinə nəzarəti həyata keçirməlidir. Qarabağa heç bir xarici ölkə vətəndaşı qanunsuz keçə bilməz. Ermənistan vətəndaşları da xarici ölkə vətəndaşı sayılır və eyni qaydada onlar da Qarabağa rəsmi Bakının icazəsi olmadan buraxılmamalıdır”.

T.Zülfüqarov onu da qeyd edib ki, 44 günlük müharibədən sonra çətin ki, Ermənistandan hansısa rəsmi şəxs qondarma qurumun ”müstəqillik günü”ndə iştirak etməyə cəsarət etsin.



Ana səhifəyə qayıt        Baxış: 3 435          Tarix: 28-08-2021, 09:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma