Xəbər lenti

Vladimir Putinin Ukrayna ərazisindəki qondarma respublikaları rəsmən tanıdığını elan etməsi beynəlxalq birlik üçün gözlənilməz qərar olsa da, əksər ekspertlər Ukrayna ətrafındakı gərginliyin bununla da kulminasiya nöqtəsinə çatdığını və bundan sonra nisbətən səngiməyə başlayacağını güman edirlər.

Bununla yanaşı, dünyanı Putinin bu açıq işğal qərarına Qərb ölkələri və NATO-nun, eləcə də Ukraynanın reaksiyası maraqlandırır.

Hələlik ABŞ-ın elan etdiyi sanksiyalar və Avropa ölkələrinin nəzərdə tutduğu addımlar təsirli hesab olunmur və Rusiyanın bölgədəki davranışlarına adekvat deyil. Ancaq ekspertlər bunu onunla izah edirlər ki, Qərb vəziyyətin daha da kəskinləşməsini istəmir və prosesin danışıqlar masasına daşınmasına meyllidir.

Putinin məlum qərarından dərhal sonra Ukrayna xalqına müraciət edən Volodimir Zelenskinin də çıxışından belə aydın oldu ki, Rusiyanın bütün təxribatlarına rəğmən Kiyev özünü təmkinli aparmağa çalışır və hərbi münaqişənin genişlənməsinə imkan vermək istəmir.

Zelenskinin çıxışını Putinin müraciətilə müqayisə edən dünya KİV-ləri bildirirlər ki, Ukrayna Prezidentinin müraciəti Putinin uzun-uzadı monoloqundan düz 11 dəfə qısa və lokonik olub. Yeri gəlmişkən, Zelenski müraciətinə Putinin çıxışını nəzərdə tutaraq, “Bizim tarix haqqında uzun leksiya danışmağa vaxtımız yoxdur” ifadəsilə başlayıb. O, bildirib ki, Ukrayna sakitdir və öz yoluna sadiq olaraq qalır. Rusiyanın hərəkəti isə sadəcə, işğal olunmuş ərazilərdəki silahlı qüvvələrini leqallaşdırmaq cəhdidir.

“AzPolitika.info” xəbər verir ki, Rusiya mətbuatına açıqlama verən Ukrayna Radasının deputatı Aleksey Qonçarenko bildirib ki, Putin xeyli vaxtdır başlatdığı oyunu sona çatdırmış hesab oluna bilər: “Putinin şantajı bitdi, çünki bu şantaj keçmədi. Qərb Putini saymadı və onun NATO ilə bağlı tələblərini rədd etdi. İndi isə Rusiya nəyisə qələbə kimi göstərməli idi. Bunun üçün də Göbbels stilində belə ucuz təxribatlar yaradırlar, Putinin bədbəxt etdiyi Donbass əhalisini ora-bura sürüyürlər ki, guya Ukrayna nəsə edir və harasa hücum hazırlayır. Lakin Ukrayna heç yerə hücum etmir. Rusiyanın hərəkəti isə Ukraynaya qarşı işğal aktıdır. Eyni qaydada da Ukrayna Tatarıstanın və Çeçenistanın Rusiya ərazisi olmadığını elan edə bilər.

Bu, beynəlxalq hüququn aşkar pozulması və işğal aktıdır. Lakin bu, həm də Putinin yarım ildir başladığı oyunun sonu sayıla bilər. Putinin Donbassdan sonra digər ərazilərə soxulacağı inandırıcı deyil. Ukrayna özünü qorumağa hazırdır və ona görə də o, buraya girməyəcək. Putinin asan müharibələrdə qələbə qazanmaqdan xoşu gəlir. Burada isə onun asanlıqla qələbə çalacağı müharibə olmayacaq. Bunun qiyməti çox yüksək olacaq və Putin bunu başa düşür”.

Ukraynalı siyasətçi deyib ki, ölkəsi üçün de-fakto dəyişən bir şey yoxdur: “De-fakto Ukrayna üçün heç nə dəyişmədi. Donbass Rusiya Federasiyası, Putin tərəfindən işğal olunub. Putin 8 il idi deyirdi ki, bu, həqiqət deyil. İndi isə bu qurumları dövlət elan edir. De-fakto heç nə dəyişməsə də, de-yure bu, çağırışdır, özü də Ukraynaya yox, beynəlxalq nizama qarşı çağırışdır. Bəlkə sabah Putin Bavariyanın Almaniyadan müstəqilliyini tanıyacaq, yaxud Mayamidə, Floridada çoxlu ruslar yaşayır. Sabah məsələn, “Florida xalq respublikası” elan edib, onu da tanıya bilər...”



Ana səhifəyə qayıt        Baxış: 3 365          Tarix: 22-02-2022, 14:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma