Xəbər lenti
Bu gün, 19:25

18 yanvar 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının 19-cu zirvə görüşündə iştirak məqsədilə Uqanda Respublikasına səfəri çərçivəsində bu ölkənin prezidenti Yoveri Kaquta Museveni ilə görüşüb.

Bu barədə Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Görüş zamanı Azərbaycan Respublikasının Qoşulmama Hərəkatında sədrliyin Uqandaya təhvil verilməsi xüsusunda təbrikləri Uqandanın dövlət başçısına çatdırılıb, Azərbaycanın öz sədrlik təcrübəsinin Uqanda tərəfi ilə bölüşməyə hazır olduğu bildirilib.

Görüşdə iki dövlət arasında siyasi münasibətlərin müxtəlif istiqamətləri üzrə əsas gündəm mövzuları ətrafında fikir mübadiləsi aparılıb və əlaqələrin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub.

Həm ikitərəfli əsasda, həm də BMT, Qoşulmama Hərəkatı və digər çoxtərəfli əməkdaşlıq platformaları çərçivəsində əhəmiyyətli məsələlər üzrə əlaqələndirmə və qarşılıqlı dəstək təcrübəsinin davam etdirilməsinin önəmi vurğulanıb.

Azərbaycan-Uqanda ikitərəfli əlaqələrinin inkişafı, iqtisadi, sosial və humanitar sahələrdə təmasların və işgüzar münasibətlərin intensivləşdirilməsinə dair həmfikirlik ifadə olunub.

Görüş zamanı, Ermənistanın ölkəmizə qarşı təcavüzü, qaçqın və məcburi köçkün probleminə toxunularaq, keçmiş münaqişənin tarixçəsi barədə qarşı tərəfə ətraflı məlumat verilib. Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası ilə nəticələnmiş 44 günlük Vətən müharibəsini və sonrakı qısamüddətli antiterror tədbirlərini şərtləndirən amillərdən bəhs olunub. Post-münaqişə dövründə bölgədə mövcud vəziyyət barədə danışılıb. 

Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.




Ana səhifəyə qayıt        Baxış: 2 624          Tarix: 19-01-2024, 13:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma