Xəbər lenti


Naxçıvan şəhərindəki 1 saylı məktəbin direktoru Asudə Məmmədova işdən çıxarılıb.

 

Ovqat.com-a bu barədə məlumatı Naxçıvandakı adının açıqlanmasını istəməyən mənbə verib.

 

Mənbə xatırladıb ki, Naxçıvan şəhərindəki 1 saylı məktəbin direktorunun adı bundan əvvəl başqa qalmaqallarda da çəkilirdi. Məktəbdə bədən tərbiyəsi dərsini tədris edən Səriyyə Qənbərova dərs bölgüsünün düzgün aparılmamasına etiraz etdiyi üçün işdən çıxarılmış və bu hadisə ikili arasında ciddi qalmaqallara yol açmışdı. 

 

Bundan əlavə, Səriyyə müəllimə direktorunu ötən illərdə ona artıq dərs saatı yazıb pulunu mənimsəməkdə ittiham etmiş və iddialarını təsdiqləyən maddi dəlillər ortaya qoymuşdu. Di gəl ki, onun ortaya qoyduğu dəlillər Naxçıvan Prokurorluğu tərəfindən maddi sübut kimi qəbul olunmamışdı. Prokurorluqdan Səriyyə müəlliməyə göndərilən məktubda deyilirdi ki, məktəb direktorunun əməlində müəyyən nöqsanlar aşkarlanmış və onun “intizam məsuliyyətinə cəlb olunması üçün Naxçıvan Şəhər Təhsil Şöbesinə təqdimat verilmişdir”. Qısası, Asudə Məmmədovanın əməlində hər hansı cinayət tərkibi yoxdur, bu nöqsanlara görə, o, yalnız intizam məsuliyyəti daşıya bilərdi. 

 

Naxçıvan MR Prokurorluğu “ölü canları” cinayət predmeti saymır

 

Məlumatı dəqiqləşdirmək üçün müraciət etdiyimiz Naxçıvan MR Təhsil Nazirliyindəki mənbəmizin bildirdiyinə inansaq, Asudə Məmmədova vəzifəsindən uzaqlaşdırılmayıb, sadəcə işində yol verdiyi və prokurorluq orqanları tərəfindən aşkarlanan nöqsanlara görə töhmətə layiq görülüb. Doğrusu, Naxçıvan MR Prokurorluğunun aşkarladığı nöqsanların nədən ibarət olduğu bilinməsə də, hər halda bu əməldə cinayət tərkibinin bulunmaması iddiası bizə xeyli maraqlı gəldi. Əlaqə saxladığımız Səriyyə müəllimə Prokurorluğun mövqeyi ilə razılaşmadığını və məhkəməyə müraciət etdiyini bildirdi. Səriyyə müəllimənin iddiasına görə, direktor onu əməlli-başlı döymüş və hər ay ona yazdığı artıq dərs saatının pulunu almışdır: “Əgər bu əməllərdə cinayət tərkibi olmadığı vurğulanırsa, belə çıxır ki, Naxçıvan Prokurorluğu təhsildə korrupsiyaya və fiziki zorakılığa yaşıl işıq yandırır. Təbii ki, mən bu iddia ilə razılaşa bilməzdim və öz hüququmu məhkəmə yoluyla bərpa etməyə çalışacağam”.

 

Səriyyə Qənbərova da etiraf edir ki, Asudə Məmmədovanın işdən çıxarılması və yaxud inzibati qaydada cəzalandırılması barəsində irəli sürülən korrupsiya və zorakılıq faktı ilə bağlı deyilmiş: “Asudə Məmmədovanın son cəzasının iki mötivi var: Bunlardan biri məktəbin psixoloqu Könül Kərimovaya heç bir əsas olmadan Bakıya getməsinə icazə verməsi imiş. Təsəvvür edin, məni üzrlü səbəbdən işə gəlmədiyimə görə, Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndinə əsasən, işdən çıxaran Asudə müəllimə heç bir tutarlı əsası olmadan işdən yayınan psixoloqun bu hərəkətinə göz yumub. Bununla da kifayətlənməyib, faktı Təhsil Nazirliyindən gizləmək üçün Könül Kərimovanın əvəzinə tabelə ya özü qol çəkib ya da tabeçiliyindəki işçilərə qol çəkdirib. Faktiki olaraq, sənədlərin saxtalaşdırılmasında birbaşa iştirak edib”. 

 

Asudə Məmmədovanın ikinci ən böyük “cinayət”inə gəlincə, sən demə, o, məktəb müəllimlərinə əlavə hazırlıq dərsləri keçməsinə şərait yaradırmış. Bu isə Elxan Nəcəfovun bərk acığına gəlib və nazir bu böyük “günah”ı sərt şəkildə cəzalandırmağa qərar verərək direktoru işdən çıxarıb. 

 

Əldə etdiyimiz məlumatları dəqiqləşdirmək üçün Naxçıvan Təhsil Nazirliyindəki mənbələrimizə müraciət etdik. Qaynağımız 1 saylı məktəbin direktoru Asudə Məmmədovanın işdən uzaqlaşdırılması faktını inkar etdi: “Direktoru yalnız nazir işdən çıxara bilər. Nazir isə hələ də məzuniyyətdədir. Bununla belə, bir neçə gün əvvəl nazirlikdə keçirilən məktəb direktorlarının toplantısına 8 saylı məktəbin direktoru ilə yanaşı Asudə xanım da dəvət olunmamışdı. Ola bilər ki, bu hadisə əslində Asudə xanıma “ərizəni yaz, fərmanını gözlə” mesajıdır. Əgər bu ehtimal doğrudursa, nazir məzuniyyətdən qayıtdıqdan sonra məktəb direktoru barədə gözlənilən əmri imzalayacaq ”.

 

Bəs, 1 saylı məktəbin direktorunun suçu nə imiş ki, məktəb direktorlarının mübahisə doğuran fəaliyyətinə  adətən mərhəmət hissilə yanaşan nazir Elxan Nəcəfov ona bu qədər qeyzlənib?

 

Qaynağımızın bildirdiyinə görə, həm 1 saylı, həm də 8 saylı məktəbin direktorlarının məlum toplantıya çağrılmamasının, dolayısıyla cəzalandırılmasının bir səbəbi ola bilər – məktəb müəllimlərinə əlavə dərs keçməsinə şərait yaratmaq. Belə ki, bir müddət əvvəl hər iki məktəbdə aparılan araşdırmalar zamanı müəllimlərin həmin təhsil ocaqlarında dərsdən sonra əlavə dərs demələri aşkarlanmışdı. Mümkündür ki, məhz bu səbəbdən hər iki məktəbin direktoru işdən çıxarılıb.

 

Bəs, “mərhəmətli” nazirin bu əsrarəngiz qəzəbini hansı davranış kodeksinə və ya ədalət prinsipinə şamil etmək olar?

 

"Mərhəmətli" nazirin “çörək haqqı” andı

 

Adının çəkilməsini istəməyən bir müəllim bu sualımıza belə cavab verdi: 

 

“Adı kifayət qədər ciddi qalmaqallarda hallanan bir məktəb direktorun bu hadisələrə görə yox, müəllimlərin şagirdlərinə əlavə dərs keçməsinə şərait yaratdığına görə cəzalandırılması yəqin ki, sizə  qəribə gələcək. Amma təəccüblənməyin. Naxçıvan MR-ın Təhsil naziri Elxan Nəcəfov Azərbaycanın ən məşhur hazırlıq kurslarından birinin yaradıcısıdır. Hətta müəllimlərlə söhbətində hazırlıq kurslarında keçirilən dərslikdəki müəlliflərdən biri kimi təqdim olunan adını bütün həmsöhbətlərinə göstərib qürrələnməsi ilə ün çıxarıb. Görünür, hər kəs kimi, onun da “cinayət və cəza” barədə təsəvvürlərini məhz illərlə içərisində olduğu işgüzar münasbətləri formalaşdırıb. Zira insan oğlunun ən önəmli xüsusiyyətlərindən biri budur ki, “çörək ağacı”ni özünün müqəddəsatı kimi görür və ona toxunanı düşmən elan edir. Təsadufi deyil ki, biz də çörəyi və çörək ağacını müqəddəsləşdirmiş, hətta onu and yerimizə çevirmişik. Dilimizdə “çörək haqqı” andı da bunun bariz nümunəsidir. Yəqin, Elxan Nəcəfovun da aləmində təhsildə ən böyük problem müəllimlərə əlavə dərs saatları yazıb  pulunu mənimsəmək, yaxud rəhbərlik etdiyi müəssisədə öz işçiləri ilə saçyoldusuna çıxmaq deyil, ən böyük və bağışlanmaz cinayət və ya günah hazırlıq kurslarının çörək ağacına göz dikməkdir. Bu da təəccüblü deyil. Axı müəllimlər şagirdlərini özləri hazırlayacaqsa, onda hazırlıq kurslarına nə ehtiyac var? Bəlkə də Elxan Nəcəfov bu ehtiyacın aradan çıxmasını istəmədiyi üçün 1 saylı məktəbin direktorunu əfv etməyib”.

 

Doğrusu, bir müəllimin öz naziri barədə söylədiyi bu fikirlərə “Halal olsun, Elxan müəllimə”, - deməkdən başqa çarəmiz qalmadı. Həqiqətən də o, təmsil olunduğu komandaya tam layiqli bir kadr imiş. Necə deyərlər, elə “canişin”in belə də naziri olar.




Ana səhifəyə qayıt        Baxış: 5 872          Tarix: 24-11-2024, 18:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma