Xəbər lenti

"Siz hamımızın dəyər verdiyi sağlam düşüncə və ənənələri ABŞ-nin istər daxili, istərsə də xarici siyasətinə qaytarmaq üçün göylər tərəfindən göndərilən böyük lider və dövlət xadimisiniz. Buna görə də milyonlarla insan sizə minnətdardır".

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ağ Evdə bu sözlərindən bir neçə gün sonra Kremldə Rusiya prezidenti ilə görüşüb. Görüş fonunda Tokayev "Rossiyskaya qazeta"dakı məqaləsində Vladimir Putin haqqında "ölkəmizdə sarsılmaz hörmətə malikdir" deyib:

"İkitərəfli əməkdaşlıqdakı bütün nailiyyətlər Prezident Vladimir Putinin bu sahədəki enerjili və məhsuldar işi ilə ayrılmaz şəkildə bağlıdır. Qazaxıstanda o, qlobal dövlət xadimi kimi sarsılmaz hörmətə malikdir və onun adı, demək olar ki, ölkədə hər bir siyasətçinin və adi insanların dilindədir".

Tramp və Putin haqqında deyilən bu xoş sözlər bir-birinə əks qütbdə olan şəxslərə aiddir. Tokayevin Vaşinqtona səfəri zamanı Qazaxıstanın "İbrahim Sazişləri"nə qoşulması reallaşmışdı. Deməli, bundan qısa müddət sonra Putinin Tokayevlə Moskvada görüşməsi Qazaxıstanın ABŞ-nin dəstəklədiyi sazişlərə qoşulmasından narahatlığı ilə bağlıdır.

Kremlin sözçüsü Dmitri Peskov nə qədər desə də ki, Putin və Tokayev qaz layihələrini və ABŞ-nin Rusiya neft şirkətlərinə qarşı sanksiyalarının nəticələrini müzakirə ediblər, bu, sadəcə, bir məsələdir. İki liderin qeyri-rəsmi görüşünün 2 saatdan çox çəkməsi başqa mətləblər barədə ipucu verir.

Həmçinin Peskov bildirib ki, Putin Tokayev və digər Orta Asiya liderlərinin ötən həftə Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla apardıqları danışıqlar barədə eşitməkdə maraqlıdır. Nəzərə alsaq ki, Putinin Tokayevlə görüşü fonunda Rusiya prezidenti Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə də telefonla danışıb, deməli, əsas maraq elə Ağ Evdəki danışıqlardır. Axı Mirziyoyev də noyabrın 6-da Tokayevlə birlikdə Ağ Evdə olmuşdu. İndi Putin Tokayevdən Vaşinqton görüşü barədə nə eşitmək istəyib?

Analitik Yeganə Hacıyeva bildirib ki, Mərkəzi Asiyada Qazaxıstanın ABŞ-dən daha çox Rusiya ilə dərinləşmiş münasibətləri var:

"ABŞ Qazaxıstanı Mərkəzi Asiyanın Çinin nəqliyyat ambisiyalarının keçid regionu olduğu üçün vacib sayır. Qazaxıstanın bu sazişə qoşulması və bu məsələni Moskva ilə dəqiqləşdirməsini Qazaxıstan dövləti üçün gələcəkdə ola biləcək risklərlə bağlı atdığı addım kimi dəyərləndirmək lazımdır".

Oxu.az




Ana səhifəyə qayıt        Baxış: 3 978          Tarix: Dünən, 20:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma