Halitosis - ağızda əmələ gələn xoşagəlməz qoxuya deyilir. Əksər insanlar halitosislə bağlı yanlış bilgilərə sahibdir.
Ovqat.com halitosislə bağlı çox insanın xəbərsiz olduğu bilgiləri təqdim edir.
Ovucumuza üfləyərək ağız qoxusunu təsbit edə bilərikmi?
Bu üsulla ağız boşluğunda qoxunun olub-olmamasını bilmək qeyri-mümkündür. Çünki üfləyərkən verdiyimiz nəfəs danışarkən çıxan nəfəslə eyni deyil. Biz üfləyərkən dilin arxasında əmələ gələn qazların qoxusu çıxmır, yalnız danışarkən çıxır.
Həkimlər ağız qoxusunu bir neçə formada təsbit edə bilir:
1. Xəstənin nəfəsini 5 sm uzaqdan qoxlamaq.
2. Dilin üstünü arxadan önə doğru qaşıqla sıyıraraq qaşığı qoxlamaq.
3. Bal mumuna batırılmamış ipi dişlərin arasında keçirdikdən sonra ipi qoxlamaq.
Ağız qoxusu başqa bir xəstəliyin simptomu ola bilərmi?
Ağızdakı pis qoxu əksər vaxtlarda uçucu sulfur birləşmələrindən qaynaqlanır. Çürük yumurta ilə hidrogen sulfur, çürük kələm ilə etil merkapt birləşimi ağızda qoxu yaradan ən pis qazlar hesab edilir.
Dilin arxasında yemək qalığı və bakteriya yığılarkən bu birləşimlər ortaya çıxır. Lakin bu qoxular keçici olur.
Qalıcı ağız qoxusunu əmələ gətirən ən önəmli səbəblər diş və diş ətində yaranan problemlərdir. Həmçinin, böyrək, ağ ciyər, burun, boğaz, qulaq və bağırsaqlarda yaranan problemlər də ağız qoxusuna səbəb ola bilər.
Kimyəvi məhsullar ağız qoxusunu aparırmı?
Ağız qoxusu problemi olan insanlar dərhal ağız boşluğunu yaxalamaq üçün istifadə edilən məhsullara əl atır. Bu sulardakı nanə və mixək dadı bir müddətlik də olsa, qoxunu aradan qaldırır. Lakin bəzən bu məhsullarda olan spirt ağız boşluğunun quruluğuna və dolayısı ilə qoxunun daha da artmasın səbəb olur.
Ağız qoxusunun öhdəsindən gəlmək üçün gün ərzində bol miqdarda su içmək lazımdır. Bununla həm ağızdakı yemək qalıqları gedir, həm də ağızdakı quruluq aradan qalxır.
İnsanın ağız boşluğunda 100-200 arası fərqli növdə bakteriya mövcuddur. Lakin bu bakteriyaların hamısı zərərli deyil, əksinə bəzilərinin olması zəruridir. Mütəxəssislər ağız boşluğundakı bakteriyaların hamısından qurtulmaq yerinə, zərərli bakteriyaları hədəf almağı tövsiyə edir. Buna görə də ağız təmizləyici sulardan istifadə edərkən içindəki maddələrə diqqət yetirmək lazımdır.
Ağız qoxusuna qalib gəlməyin ən yaxşı yolu dişləri hər gün nizamlı olaraq fırçalamaq, bol su içmək, siqaretdən mümkün qədər istifadə etməmək və mütəmadi olaraq damaqları həkim yoxlamasından keçirməkdir. (publika.az)
Paylaş: