Xroniki damar xəstəliyi olan ateroskleroz bütün dünyada infarkt və insult nəticəsində ölümün əsas səbəbidir.
Ateroskleroz zamanı damarlar iltihablaşır, daxilində piyə oxşar maddələr (xolesterin, lipidlər) yığılmağa başlayır. Nəticədə damar daralır, tıxanır. Belə damar asanlıqla partlaya və ya tam qapana bilər. Bu isə insult və ya infarkta səbəb ola bilər.
Ateroskleroz gizli və simptomsuz inkişaf edir və bu da onu vaxtında aşkar etməyə mane olur.
Diyetoloqların fikrinə görə, qidalanma aterosklerozun profilaktikasında böyük rol oynayır. Bəzi məhsulların qidalanmada daim olması aterosklerozun inkişafını ləngidir.
Belə ki, rusiyalı həkim-diyetoloq Oksana Skitalinskaya aterosklerozun qarşısını almaq üçün tez-tez müxtəlif sıyıqları (düyü, arpa, yulaf, darı, qarabaşaq, buğda, kinoa) yeməyi tövsiyə edir.
Sıyıqlar liflərlə zəngindir. Bu liflər orqanizmdən artıq xolesterini çıxartmağa yardım edir.
Saglamolun.az zdr.ru-ya istinadla xəbər verir ki, diyetoloqun fikrinə görə, göyərti də aterosklerozun qarşısını alan ən faydalı məhsullardan biridir. Göyərtilərin istehlakı orqanizmdə homosistein aminturşusunun səviyyəsini aşağı salır. Homosisteinin səviyyəsi yüksək olduqda aterosklerozun riskini xeyli artır.
Azot oksidi ilə zəngin olan qarpız və çuğundur da aterosklerozun riskini azaldır. Orqanizmdə azot oksidinin sintezinin azalması aterosklerozun inkişafını sürətləndirir.
Ateroskleroz sağlam damarlarda deyil, iltihablaşmış damarlarda inkişaf edir. Zeytun yağı və qoz-fındıq bu iltihabın qarşısını almağa kömək edir.
Paylaş: