Göz qapağının qeyri-ixtiyari atması (tik, spazm) kifayət qədər yayılmış haldır.
Tibbdə bu hal "miokimiya" adlandırılır. Əksər hallarda spazm bir gözün aşağı göz qapağında olur, lakin bəzən bu yuxarı göz qapağında da mümkündür.
Tik qəfildən başlayır və tez də qurtarır. Əksər hallarda belə tik heç bir ciddi xəstəliyin əlaməti deyil, heç bir xüsusi müalicə tələb etmir və özü özündən keçir. Lakin bəzən tik bir neçə həftə, hətta bir neçə ay ərzində davam edə bilər. Bu halda həkimə müraciət etmək lazımdır.
Əgər göz qapağında olan tik uzun müddət ərzində davam edirsə, mütləq oftalmoloqun və nevroloqun müayinəsindən keçin. Nadir hallarda olsa da göz qapağında tik ciddi göz və nevroloji xəstəliklərinin əlaməti ola bilər.
Göz qapağında tikin səbəbləri:
- İlk və ən yayılmış səbəb stresdir. Uzunmüddətli stress orqanizmdə bir çox pozulmalara səbəb olur. Belə stresin fonunda insanda, o cümlədən, miokimiya inkişaf edə bilər. Adətən insan stress vəziyyətdən çıxdıqda tik da yox olur.
- Yorğunluq, yuxunun az olması. İnsan uzun müddət ərzində kifayət qədər yatmazsa və dincəlməzsə, bu da göz qapağında tikin əmələ gəlməsinə səbəb ola bilər.
- Göz yorğunluğu. Bu xüsusilə kompüterdə işləyən insanlara aiddir. Göz uzun müddət ərzində gərgin vəziyyətdə olur və bu da miokimiyaya səbəb ola bilər. Mütəxəssislər uzun müddət ərzində kompüterdə işləyən insanlara belə məsləhət verir - 1 saat işlədikdən sonra gözlərinizə 5-10 dəqiqə ərzində dincəlməyə imkan yaradın (uzağa baxın, gözlərinizi tez-tez yumun və açın və s. göz üçün olan gimnastika edin).
- Kofein və alkoqol. Mütəxəssislərin fikirinə görə, çoxlu miqdarda kofein (çay, qəhvə, "enerji içkilərin" tərkibində var) və alkoqol gözdə tikin inkişafına səbəb ola bilər.
- Quru göz sindromu. Bu sindrom yaşlı, uzun müddət ərzində kompüterdə işləyən, kontakt linzaları taxan insanlarda inkişaf edir.
- Qidalanmada maqnezium və kalsium kimi mikroelementlərin çatışmazlığı tikin səbəbi ola bilər.
- Düzgün seçilməmiş eynəklər və kontakt linzaları gözdə gərginliyin artmasına və nəticədə göz qapağının atmasına səbəb ola bilər.
- Allergiyadan əziyyət çəkən insanlarda da miokimiya inkişaf edə bilər.
Miokimiyadan tez-tez əziyyət çəkən insanlar kifayət qədər yatmalı və dincəlməli, gözə olan gərginliyi məhdudlaşdırmalı, stress vəziyyətlərindən uzaq olmalıdır. Həkim belə insanlara kalsium və maqnezium preparatları, B qrupu vitaminləri, yüngül sakitləşdirici preparatları təyin edə bilər.
Paylaş: