Xəbər lenti

 Vaşinqtonda ətraf mühit mühafizəçilərinin "Xalq iqlim yürüşü" keçirilib.

Ovqat.com AZƏRTAC-a istinadən xəbər verir ki, təxminən 15 min nəfərin iştirak etdiyi yürüşün təşkilatçıları ictimaiyyətin diqqətini iqlim dəyişikliyi ilə əlaqədar problemlərə və bu sahədə Donald Tramp administrasiyasının qeyri-adekvat siyasətinə yönəltməyə çalışıblar. Yürüşdə akademik dairələrin üzvləri, alimlər, dini qrupların nümayəndələri, həmkarlar ittifaqı təşkilatlarının əməkdaşları və sadə amerikalılar iştirak ediblər.

Kapitoli binasının yanından başlanan yürüş Ağ Evin qarşısında başa çatıb və burada Prezident Donald Trampın siyasətinə qarşı etiraz aksiyası keçirilib. Nümayişçilər yanacaq hasilatı ilə bağlı Donald Trampın siyasətinə və onun qlobal istiləşməyə etinasız münasibətinə qarşı çıxış ediblər. Yürüş ərəfəsində ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyi elan edib ki, o, öz saytını yenidən qurmağa başlayıb və iqlim dəyişikliyi haqqında elmə həsr edilmiş, hazırda "yenidən baxılır" yazılmış bölməni yığışdırmaq niyyətindədir. Nümayişçilərin çoxsaylı plakatlarında iqlim fəlakəti, okeanların çirkləndirilməsi, əkin sahələrinin məhvi və planetin deqradasiyası barədə məlumatlar əksini tapıb. Nümayişçilər Ağ Evin 190-dan çox ölkənin imzaladığı Paris İqlim Sazişindən çıxmaq planına da hiddətlərini bildiriblər.




Ana səhifəyə qayıt        Baxış: 821          Tarix: 30-04-2017, 13:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma