Xəbər lenti

Bosniya serblərinin narazılığına baxmayaraq NATO-nun xarici işlər nazirləri Bosniya-Herseqovina üçün hərbi müşavirlik yardımı proqramının işə salınması barədə razılığa gəliblər.

Dekabrın 5-də Brüsseldə görüşən nazirlər Bosniyadan siyasi, iqtisadi və hərbi islahatların ilk illik hesabatını təqdim etməsini istəyiblər. NATO-ya üzv olmaq istəyən ölkələr onları alyansın standartlarına qaldıran bu islahatları həyata keçirməlidirlər.

“Azadlıq” radiosu xəbər verir ki,  NATO-nun Üzvlük üçün Hərəkət Planı (Membership Action Plan – MAP) prosesi etnik baxımdan pərakəndə ölkənin tezliklə alyansa üzv olacağı anlamına gəlmir.

Digər tərəfdən, Sarayevonun NATO-nun bu dəvətini qəbul edib-etməyəcəyi bilinmir. NATO-nun baş katibi Jens Stoltenberg Brüsseldə keçirilən görüşdən sonra jurnalistlərə deyib: “Biz qərarımızı qəbul etmişik: illik milli proqramı qəbul etməyə hazırıq”.

Alyans MAP proqramını Bosniyaya 2010-cu ildə təqdim etmişdi, lakin onu “bütün şəraitin münasib olacağı vaxta”qədər aktivləşdirməkdən imtina etmişdi.

Bu proses daşınmaz hərbi əmlakın federal səviyyədə qeydiyyatının olmamasına görə əngəllənib, çünki Bosniyanın iki vahidindən biri, əhalisinin əksəriyyəti etnik serblər olan Republika Srpska NATO üzvlüyünə qarşıdır. Buna görə də NATO müttəfiqləri Bosniya serblərinin de facto veto hüququna əl atmasından əvvəl prosesi hərəkətə gətirmək qərarına gəliblər.

Bosniyanın üçlü prezidentliyinin hazırkı rotasiyalı sədri, serb millətçisi Milorad Dodik Bosniyanın NATO üzvlüyünə açıq şəkildə etiraz edir. Bosniya müsəlmanlarının prezidenti Sefik Cəfəroviç deyib ki, NATO-nun dəvəti ölkəyə özünün ən mühüm xarici siyasət məqsədinə çatmasına imkan yaradacaq.

Cəfəroviç onu da bildirib ki, o Bosniya təsisatlarının NATO-nun istədiyi illik hesabatın hazırlanmasına dərhal başlamasını istəyir. Bu mövqeyi prezident üçlüyünün xorvat üzvü Zeljko Komisic də dəstəkləyir.

 




Ana səhifəyə qayıt        Baxış: 391          Tarix: 6-12-2018, 15:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma