Xəbər lenti

Bir neçə gün sonra Brüsseldə ABŞ-nin Dövlət katibi Antoni Blinken, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək və görüşdə, elan edildiyi kimi, “Ermənistanın inkişafı” ilə bağlı bir sıra məsələlərin müzakirəsi gözlənilir.

Eyni zamanda, Azərbaycan və Rusiya qarşıdan gələn danışıqlar barədə müxtəlif səviyyələrdə narahatlıqlarını ifadə ediblər. Tanınmış rusiyalı jurnalist və ictimai xadim Maksim Şevçenko Oxu.Az-a müsahibəsində qeyd edib ki, Moskva və Bakının bu narahatlıq üçün müxtəlif səbəbləri var:

- Rusiya diplomatik cəhətdən narahatlıq keçirir, çünki əslində, Ermənistan, nə qədər qəribə səslənsə də, Rusiya üçün heç bir strateji əhəmiyyət kəsb etmir.

Azərbaycan və Türkiyə üçün isə bu, böyük əhəmiyyət kəsb edir, çünki ABŞ, Avropa İttifaqı, xüsusilə də Fransanın Ermənistanda yerlərini möhkəmləndirmələri Rusiyaya qarşı yönəlməyib. Onların vəzifəsi Türkiyə Cümhuriyyətinin şimal cinahına nəzarət etməkdir ki, Azərbaycan və Türkiyənin birləşməsinin qarşısını alsınlar. ABŞ, Aİ və İran üçün bu, hadisələrin arzuolunmaz istiqamətdə inkişafıdır.

- 5 apreldə keçiriləcək danışıqların formatı Qərbin Ermənistana xüsusi münasibətindən xəbər vermirmi? ABŞ Dövlət Departamenti bildirir ki, görüşdə Ermənistanın iqtisadi dayanıqlılığı məsələsinə diqqət yönəldiləcək...

- Ermənistanın iqtisadi dayanıqlılığı haqqında nə demək olar, bilmirəm. Ermənistanın bütün iqtisadiyyatı atom elektrik stansiyasının iki reaktorundan ibarətdir ki, onlar da “Rosatom” korporasiyası tərəfindən idarə olunur. Təbii ki, İranla “boz ixracat” və ticarət də var və ola bilər ki, Qərb bunu da nəzarətdə saxlamaq istəyir. Lakin bu amil o qədər də əhəmiyyət kəsb etmir.

Əgər Ermənistana Avropa İttifaqının maraqlarına uyğun olaraq, Hindistandan başlayaraq İran, Ermənistan, Gürcüstan və Qara dənizdən keçən Şimal-Cənub dəhlizi üçün tranzit ölkə statusunun verilməsi ideyaları varsa, bu, başqa məsələdir. Ola bilər ki, nəzərdə tutulan da məhz budur.

O ki qaldı Qərbin Ermənistana xüsusi münasibətinə, NATO Şimali Atlantika Alyansında ikinci ən böyük quru qoşunlarına sahib olan Türkiyə sayəsində artıq Cənubi Qafqazda mövcuddur. Ankara Bakının tərəfdaşı və aparıcı hərbi müttəfiqidir ki, bu da sirr deyil.

NATO ilə eynicinsli olmayan Qərbin daxilində ziddiyyətlər var. Yəni Qərb Avropa (Fransa), Britaniya, ABŞ və Türkiyəni ehtiva edir. Türkiyə Britaniya Qərbinə meyil edir, Fransa Ermənistan və Yunanıstanla əlaqələr qurur və s. NATO ölkələri olan Türkiyə və Yunanıstan yüksək səviyyədə bir-birini müharibə ilə təhdid ediblər.

Ayrılıqda İran haqqında. Avropada heç kim İrandakı rejimi dəyişmək fikrində deyil. İran Fars körfəzi və Ərəbistan dənizinə çıxışı təmin etməklə avropalılar üçün əsas tərəfdaş ola bilər.

- İrəvanın bir və ya bir neçə Qərb ölkəsi ilə aşkar yaxınlaşması Azərbaycanla Ermənistan arasındakı danışıqlar prosesinə, ölkələr arasında sülh sazişinin imzalanmasına necə təsir göstərə bilər?

- Düşünürəm ki, bütün bunlar Azərbaycanla Ermənistan arasında ziddiyyətlərin kəskinləşməsinə gətirib çıxara bilər. Elə İranla münasibətlər də yenidən gərginləşə bilər. Əgər demokratiyanın inkişafı, nəqliyyat marşrutları və s. şüarlar altında gələn Qərb faktoru varsa, o zaman müharibə təhlükəsi də artır. Müəyyən şərtlər altında İranla Azərbaycan arasında münaqişənin olması da istisna deyil. Rusiya isə bütün bu vəziyyətdən kənar dayanacaq. Eyni zamanda, İran Rusiyanın regionda aparıcı strateji tərəfdaşıdır, Rusiyaya silah tədarük edir, Fələstin müqavimətini dəstəkləyir, Qərbin diqqət və qüvvələrinin əhəmiyyətli hissəsini öz üzərinə cəlb edir və s.

Davam edək. Ermənistanın əsas himayədarı Rusiya deyil, İrandır. Və məhz Tehran həm Zəngəzur dəhlizinə (Ermənistan ərazisindən keçən - red.), həm də Bakı ilə İrəvan arasında sülh müqaviləsinə qarşı çıxır və hesab edir ki, bu, onun maraqlarına uyğun deyil. Fransa isə İranın tərəfdaşıdır və Paris də türk məkanını birləşdirən dəhlizin yaranmasının əleyhinədir.

ABŞ öz növbəsində, sadəcə olaraq, Cənubi Qafqaz regionunda mövcudluğunu nümayiş etdirmək və geosiyasi hegemon olaraq qaldığını göstərmək istəyir.

Nair Əliyev




Ana səhifəyə qayıt        Baxış: 4 268          Tarix: 1-04-2024, 13:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma