İsrail bu gün İsfahan vilayətindəki hərbi aviabazaya raket zərbəsini təyyarə vasitəsilə endirib.
Ovqat.com-un məlumatına görə, İsrail mediası bu məlumatı yayıb.
“Jerusalem Post” qəzetinin mənbəsi açıqlanmayan xəbərində qeyd edilir ki, “cümə günü səhər erkən saatlarda İsrailin F-35 təyyarəsi İranın İsfahan şəhərinin mərkəzindəki Hərbi Hava Qüvvələri bazasına raket zərbələri endirib”.
Qeyd edək ki, ilkin məlumatlarda hücumun yerdən atılan raketlər və ya uzun mənzilli pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirildiyi barədə bildirilirdi. Son məlumat isə İran üçün daha dəhşətli faktlar ehtiva edir.
Məlum olduğu kimi, İsfahan İranın mərkəzi əyalətlərindəndir. O, İran sərhədlərindən ən azı 600 km. içəridə yerləşir. “Jerusalem Post”un bu məlumatı təsdiqlənərsə, belə çıxır ki, İsrail təyyarəsi İranın hava sərhədlərini pozaraq ən azı 600 km. içəriyə daxil olub, bombardmanını bitirdikdən sonra geri qayıdıb. Deməli, İsrail F-35-i öz əməliyyat tapşırığını yerinə yetirmək üçün İran hava sahəsində hardasa 1200 km. (600 km + 600 km) hərəkət edib. F-35-lərin sürətinin 1900 km/saat olduğunu nəzərə alsaq, bu o deməkdir ki, İsrail təyyarəsi İran hava məkanında hardasa 45 dəqiqə qalıb. Bunun ən azı 23 dəqiqəsi isə bombardmanın həyata keçirilməsindən sonraya düşür. Partlayış baş verəndən sonra belə 23 dəqiqə ərzində İranın hava hücumundan müdafiə sistemlərinin İsrail təyyarəsini müəyyənləşdirib düşürə bilməməsi onun düşməni qarşısında böyük zəifliyindən xəbər verir.
2023-cü ilin iyin ayının statistikasına inansaq, İsrailin 39 ədəd F-35 təyyarəsi vardı. Həmin dövrdən indiyədək ölkənin daha neçə eyni tipli təyyarə aldığı isə bilinmir. İsrail yetkililərinin bildirdiyinə görə, ilkin hədəfləri bu sayı 75-ə çatdırmaqdır. Böyük ehtimalla, öz hədəflərini reallaşdırıblar da.
Üstəlik, “Lockheed Martin” şirkəti yalnız İsrail üçün özəl olaraq F-35-lərin "Adir" versiyasını hazırlayıb. Bu versiyasının başqa dövlətlərə satılmadığı bildirilir. Məsələ burasındadır ki, İran hava hücumundan müdafiə sistemləri bu təyyarələri təsbit edə bilmirsə, iki dövlət arasında çıxması gözlənilən savaşda cənub qonşumuzun səmalarında eyni anda 75 ədəd F-35 qırıcısı peyda ola bilər. O da məlumdur ki, İsrail İranın ötən həftə bu ölkəyə atdığı 320-dən çox raket və silahlı dronlarının ən azı 90%-ni vura bilmişdi. Haqqında bəhs etdiyimiz iki hücum nümunəsi İranın İsrail qarşısında nə qədər həssas vəziyyətdə olduğunu göstərir.
Qeyd edək ki, bu həssas durum yalnız İrana da xas deyil. İsrail Yaxın Şərqdə radar tərəfindən aşkarlanmadan istənilən ölkənin hava sahəsini poza bilən F-35 təyyarələrinə malik yeganə dövlətdir.
Paylaş: