Xəbər lenti

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qarabağdakı təbii ehtiyatların qanunsuz istismarını araşdırmaq üçün monitorinq qrupu yaradıb. Qrupa “AzerGold” QSC-nin mütəxəssisləri də daxildir.

Moitorinq qrupu 30 ildən sonra ilk dəfə Qarabağın dağlıq hissəsinə keçərək, hazırda Azərbaycan Respublikasının ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə görüşüb.

Dekabrın 3-də keçirilmiş müzakirələr bu gün - dekabrın 7-də Rusiya sülhməramlılarının Xocalıdakı qərargahında bu kontingentin komandanlığı ilə davam etdirilib.

Görüşdə faydalı qazıntı yataqlarına, xüsusilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarına yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi və dəymiş zərərin nəticələrinin aradan qaldırılması məsələləri müzakirə olunub.

Rəsmi məlumatda görüşün konstruktiv ruhda keçdiyi, aidiyyəti üzrə təmasların davam etdiriləcəyi bildirilib.

Bəs həmin yataqlar Qarabağın dağlıq hissəsinin harasında yerləşir?

Modern.az-ın məlumatına görə, “Qızılbulaq” qızıl yatağı hazırda Qarabağ separatçılarının nəzarəti altında olan keçmiş Ağdərə rayonu ərazisindəki eyni adlı kənddə yerləşir. Qızılbulaq kəndi hazırda Kəlbəcər rayonunun inzibati ərazisinə daxildir. Qarabağdakı separatçılar bu kəndi “Drambon” adlandırırlar.

“Dəmirli” mis-molibden yatağı isə Azərbaycanın inzibati xəritəsində Tərtər rayonuna daxildir. Vaxtilə keçmiş Ağdərə rayonuna daxil olan Dəmirli kəndi Milli Məclisin 13 oktyabr 1992-ci il tarixli qərarı ilə Tərtər rayonunun inzibati tərkibinə verilib.

Azərbaycanın ən böyük mis yataqlarından biri məhz bu kənddə yerləşir. Hələ 2019-cu ildə "Azersky" peyklərinin təsvirləri vasitəsilə “Dəmirli” mədən yatağının 740 hektar ərazisində ermənilər tərəfindən qanunsuz olaraq geoloji kəşfiyyat, qazıntı-hasilat işlərinin və yeni infrastruktur elementlərinin (yol, bina, qurğu və s.) tikintisinin aparıldığı müəyyənləşmişdi. Ermənilər bu kəndi Kaşen adlandırırlar.

Bu yataqlar Azərbaycanın gələcək iqtisadi inkişafı üçün strateji obyektlər hesab olunur.

Qeyd edək ki, “Qızılbulaq” və "Dəmirli" yataqları Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə illər öncə bağlanılan sazişə uyğun olaraq ABŞ-ın "R.V.İnvestment"in şirkəti tərəfindən istismar olunmalıdır.

Lakin həmin ərazilər uzun illərdir işğal altında olduğundan, "R.V.İnvestment"in şirkəti orada fəaliyyət qura bilmir. 

Məlumatlara görə, ermənilər işğal dövründə hər iki yatağın qanunsuz istismarına xarici şirkətləri də cəlb ediblər.

Bir-birindən 15 kilometr uzaqlıqda yerləşən “Qızılbulaq” və “Dəmirli” yataqlarında qanunsuz işlər İkinci Qarabağ Müharibəsindən sonra dayandırılmışdı. Lakin son vaxtlar – rusiyalı milyarder Ruben Vardanyanın Qarabağ separatçılarının rəhbərliyinə - qondarma “dövlət naziri” postuna gətirilməsindən sonra orada yenidən qanunsuz fəaliyyətə başlanılıb. Vardanyanın xarici tərəfdaşlarını həmin yataqların qanunsuz istismarına cəlb etməyə çalışdığı barədə məlumatlar var.

Modern.az




Ana səhifəyə qayıt        Baxış: 7 392          Tarix: 7-12-2022, 23:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma