Xəbər lenti


Dünən Rusiya Sülhməramlı Kontingentinə (RSK) məxsus ağır tonnajlı avtomobil karvanı Laçın yolu ilə Ermənistana doğru hərəkət edib. Ermənistan Təhlükəsizlik Şurasının katibi bunu Gorus və Sisianda RSK-nın infrastrukturu və şəxsi heyətinin mövcudluğu, onların öz fəaliyyətini yekunlaşdırmaq üçün son işlərin aparılması ilə izah edib. 

 

Belə çıxır ki, rəsmi İrəvan Azərbaycan ərazisində yerləşən RSK-nı Ermənistan ərazisində də infrastrukturla təmin edib. Bu qərar Paşinyanın RSK-nın Qarabağda uzun müddət qalacağına ümid etdiyi bir vaxtda verilib. 

 

Bununla da, Paşinyan Rusiyanın Azərbaycanda hərbi mövcudluğu üçün şərait yaradıb və eyni zamanda da Kremlin Ermənistan ərazisindəki hərbi mövcudluğunun sahəsini genişləndirib. Ümumilikdə isə baş nazir Rusiyanın Cənubi Qafqaz regionunda hərbi mövcudluğunun genişlənməsinə töhfə verib. 

 

Azərbaycan və Rusiya rəhbərliyi arasında RSK-nın Qarabağdan çıxarılmasına dair razılaşma təkcə Rusiyanın hərbi mövcudluğunun Azərbaycandan çıxarılması deyil, həm də Rusiyanın Ermənistandakı hərbi mövcudluğunun məhdudlaşdırılmasıdır. Özü də bu, avqustun 1-də İrəvan hava limanını tərk etməli olan onlarla rusiyalı sərhədçi deyil, elə indi Ermənistan ərazisindən yüzə qədər Rusiya hərbçisinin və texnikasının çıxarılmasıdır. 

 

Digər tərəfdən, məhz Qazaxın sərhəd kəndləri ilə bağlı Azərbaycanla razılaşma Paşinyanın Rusiya sərhədçilərinin Voskepardakı dayaq məntəqəsindən çıxarılmasına dair bəyanatı üçün şərait yaradıb. Bu razılaşmadan əvvəl Paşinyan bunu heç dilə gətirmirdi. 

 

Beləliklə, bütün bu üç il ərzində Bakının tezisləri öz təsdiqini tapır. Azərbaycanla münasibətlərin normallaşması Ermənistan rəhbərliyinə daha da suveren olmağa, öz məhdudlaşdırılmış subyektivliyini artırmağa imkan verir.

 

Odur ki, Qərb əslində Azərbaycana minnətdar olmalıdır. 

 

Təəssüf ki, Qərb və Paşinyan 2021-ci ildən bu yana fərqli yol tutdular, bu da vəziyyəti daha da çətinləşdirdi və çoxsaylı insan tələfatına səbəb oldu. Qərbin erməni mərkəzli yanaşması onun özünə qarşı çevrildi. Reallıqların, coğrafiyanın, Azərbaycanın maraqlarının tam olaraq inkar edilməsi Qərbi elə bir vəziyyətə gətirib çıxarıb ki, hazırda onlar regionda baş verənləri yalnız tamaşaçı kimi seyr edirlər.  

 

Regionda mühüm hadisələr baş verir. RSK-nın Qarabağ və Ermənistandan çıxarılması, sərhədlərin müəyyənləşdirilməsi prosesinin başlanmasından sonra sülh müqaviləsi üzrə danışıqların da intensivləşməsi gözlənilir.  

 

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi




Ana səhifəyə qayıt        Baxış: 5 544          Tarix: 23-04-2024, 21:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma