Xəbər lenti

“Moskva təəssüf edir ki, İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qarşı əsassız ictimai tənqidlərə yol verməkdə davam edir”.

Oxu.Az-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə Baku TV-nin əməkdaşı Səbinə Dadaşovanın İrəvanın KTMT-nin mövqeyini tənqid etməsini şərh edərkən deyib.

O, Ermənistan hökumətinin KTMT-yə qarşı ictimai tənqidə davam etməsindən təəssüfünü bildirib.

“Təkcə tənqid yox, əlbəttə, tənqid etmək olar, lakin burada söhbət əsassız tənqiddən gedir”, - deyə Zaxarova vurğulayıb.

Onun sözlərinə görə, təşkilatın katibliyi KTMT-nin nizamnamə məqsəd və prinsiplərinə tam uyğun olaraq respublika qarşısında bütün öhdəliklərin qorunduğunu təsdiqləyib.

XİN sözçüsü təşkilatın 30 il ərzində Cənubi Qafqazda effektivliyini sübut etdiyini və Qərb hərbi-siyasi bloklarının fəaliyyətinin əksinə KTMT-nin milli suverenliyi nəzərə aldığını xatırladıb.

“Ermənistan-Azərbaycan sərhədi məsələsində, bildiyimiz kimi, həm Bakı, həm də İrəvan 1991-ci il Alma-Ata Bəyannaməsini rəhbər tutmağa razılaşıblar. Ermənistan rəhbərliyinin özü də etiraf edir ki, delimitasiya danışıqları çərçivəsində yerlərdə Azərbaycanla sərhəd xəttini dəqiqləşdirmək lazımdır. İrəvan mübahisəli ərazilər və anklavlarla bağlı məsələlərin həll edilməli olduğunu qəbul edir”, - deyə Zaxarova əlavə edib.

O, bildirib ki, Ermənistan rəhbərliyinin özü müəyyən yaşayış məntəqələrini Azərbaycana qaytarmaq qərarına gəlib və burda KTMT-ni edəcəyi bir iş yoxdur.

XİN sözçüsü həmçinin regionun təhlükəsizliyi məsələsinə toxunub və bildirib ki, Qərbin ayrı-ayrı ölkələrinin regiona girmə cəhdləri var. Zaxarovanın sözlərinə görə, onlar Cənubi Qafqaz regionuna sülhməramlı niyyətlə deyil, əksinə sabitliyi pozmağa, dövlətçiliyə qarşı informasiya toplamağa və iqtisadi mənfəət qazanmaq üçün regiondakı vəziyyəti izləmək üçün girirlər, regionda casusluq fəaliyyəti həyata keçirirlər.

O vurğulayıb ki, Rusiya Azərbaycan və Ermənistan sərhədində Avropa İttifaqı missiyasının əsl motivlərinə heç vaxt şübhə etməyib. 

“Bu cür tendensiyalar, şübhəsiz ki, artıq regionda qüvvələr balansını pozur və müvafiq razılaşmalar əsasında qurulmalı olan sülh nizamlanmasına xələl gətirir”, - deyə Zaxarova vurğulayıb.

“Qərb sülhməramlı şüarı altında hansı ölkədə görünübsə, nəticə kədərli olub - yeni münaqişələr yaranıb, köhnələri yenidən alovlanıb. Təəssüf ki, başqa nümunələr yoxdur”, - deyə Zaxarova sözlərini yekunlaşdırıb.




Ana səhifəyə qayıt        Baxış: 3 333          Tarix: 25-04-2024, 15:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma