Xəbər lenti

 İsmayıl  İmanzadə: Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. 1993-cü ilin noyabr ayından müvəqqəti olaraq Mingəçevir şəhərində məskunlaşıb. 1980-ci ildən indiyə kimi 24 kitabı işıq üzü görüb. Tanınmış bəstəkarlar tərəfindən otuzdan çox şeirinə musiqi bəstələnib. 1999-cu ilin oktyabr ayında yaradılan Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin sədri, “Bənövşə” (əvvəlki adı “Mingəçevir leysanı”) ədəbi-bədii jurnalının təsisçisi və baş redaktorudur.

      

 Azərbaycan əsgəri

 

Vətənimin qüdrəti,

Xalqımın haqq səsisən.

Könlümdə qanadlanan

Bir zəfər nəğməsisən.

Yeri düşmən üstünə,

Babəkin, Xətainin

Ruhu sənə yar olsun!

Yenilməz hünərinlə

Xalqım bəxtiyar olsun!

Gözlərindən boylansın

Yurdun nurlu səhəri,-

Azərbaycan əsgəri!

 

Qarabağa nicat ver,

Laçında, Kəlbəcərdə

Zəhminlə, qəzəbinlə

Çatlat düşmən bağrını!

Əllərinlə dart, qopart

Torpağın sinəsindən

Hər dərdi, hər ağrını!

Çağır,-qisasa çağır

Səslə igidi-əri,-

Azərbaycan əsgəri!

 

Şəhidlərin yaralı

Ruhu and yerin olsun!

Qələbə əzmin hər an

Ümmandan dərin olsun!

Savaş günü halay vur,-

Düzlən dəstə-dəstə sən!

Göyçədə, Zəngəzurda

Üçrəngli bayrağımı

Qaldır basin üstə sən!

Al yağı əllərindən

Neçə kəndi, şəhəri-

Azərbaycan əsgəri!

 

Dayan düşmən önündə

Yenilməyən dağ kimi!

Yaşa ürəyimizdə

Yurd kimi, torpaq kimi!

Ucalt səsini, ucalt-

El sığınsın adına!

Son qoyaq hünərinlə

Vətənin fəryadına!

Dön işıqlı sabaha,

Yaramızın üstə yax

Sən qələbə soraqlı

Xoş müdəni, zəfəri,-

Azərbaycan əsgəri,

Azərbaycan əsgəri!

  

Axı, nə işim var mənim şəhərdə?

 

Sanmayın, bir elin tünd adamıyam,

Tanrının xoş sözə bənd adamıyam.

Köhnə əkinçiyəm-kənd adamıyam-

Axı, nə işim var mənim şəhərdə?!

 

Uzaqdan baxanda gur ocaqlara,

Bildim, çarə yoxmuş “olacaqlara”.

Bələd deyiləmsə künc-bucaqlara-

Axı, nə işim var mənim şəhərdə?!

 

Çox gördüm turşumuş boz sifətləri,

Susdurmaq çətinmiş hürən itləri...

Neynirəm yalançı məhəbbətləri-

Axı, nə işim var mənim şəhərdə?!

 

Burda ürcah oldum üzü bozlara,

Qoşula bilmədim ağlı azlara.

Müftəcə yem oldum dələduzlara-

Axı, nə işim var mənim şəhərdə?!

 

Ocağım, küllüyüm, daxmam deyil ki,

Halal duz-çörəyim, loxmam deyil ki,

Qohumum, qardaşım, doğmam deyil ki-

Axı, nə işim var mənim şəhərdə?!

 

Cavanı yarımcan, ahılı halsız,

Arısı didərgin, pətəyi balsız.

Mürgülü daşları sorğu-sualsız-

Axı, nə işim var mənim şəhərdə?!

 

Kəndin ay-ulduzlu gecəsi-gecə,

Nurlu sabahları güc qatır  gücə.

Döşümə yatmırsa burda yol, küçə-

Axı nə işim var mənim şəhərdə?!

 

Doğma el-obamdır zərim-qızılım,

Özgə kölgəsinə necə qısılım?!

Qəfəsə sığışmır enim-uzunum-

Axı, nə işim var mənim şəhərdə?!

12. 12. 2016

    

 Gedirəm

 

Bitməyib cəngim-savaşım,

Sədləri qırıb gedirəm.

Cığırları əldən salıb,

Yolları yorub gedirəm.

 

Ötən hər anım lal haray,

Həyat eşqim ən şirin pay.

Neçə könüldə gah saray,

Gah evcik qurub gedirəm.

 

Tanıdım hər ötən anı,

Xərcləmədim adı-sanı.

Bu boz sifətli dünyanı

Dişimə  vurub gedirəm.

 

Qara deməsəm də ağa,

Oldum dərd-qəmə sadağa.

Bəhanəm yoxdur qalmağa,

Səbr edin, durub gedirəm.

 

 

Dünya

 

Hər yetəndən aldın bac,

Nə toxsan, nə də ki, ac.

Qamətin qulac-qulac-

Arşının uzun, dünya.

 

Kimsəyə catmır nurun,

Dostusan zülmkarın.

Heç vaxt əskilmir qarın-

Ərimir buzun, dünya.

 

Bağlıdır bəndin-bərən,

Nizamın pərən-pərən.

Kimi yaşatdı görən-

Gecən-gündüzün, dünya?

 

Qat-qatdır çölün, için

Bilinmir “tezin-gecin”.

Geriyə dönmür köçün-

De, hanı yazın, dünya?

 

    Dedilər

 

İkini vurdum ikiyə,

Hasilə cəmdi-dedilər.

Ovcumdakı son tikəyə

Müftəcə yemdi-dedilər.

 

Nadan çıxanda qarşıma,

Mat qaldılar göz yaşıma.

Yer-göy fırlandı başıma,

“Bəxtəvər dəmdi”-dedilər.

 

Günlər-aylar gəlib keçdi,

Yetən mənə gülüb keçdi.

Söz sinəmi dəlib keçdi,

“Məlhəmin qəmdir”-dedilər.

 

Zülmət çökəndə izimə,

Hey divan tutdum özümə.

Halallıq gəzdim, üzümə

“Ağıldan kəmdi”-dedilər...

 

    

Dəyməsə

 

Toxunanda quruya yaş,

Aralığa düşər savaş.

Çat verməz nə qaya, nə daş-

Bu dağ, o dağa dəyməsə.

 

Şehli çəmən ləçək-ləçək,

Hünərin var şəklini çək...

Mayalanmaz açan çiçək-

Budaq-budağa dəyməsə.

 

Xoş sözlə könüllər abad,

Həvəs-istək ən şirin dad.

Şölə saçmaz ürəkdə od-

Dodaq-dodağa dəyməsə...

 

Adam

 

Yükünü niyə daşıyaq,

Çıx get, qoy ,rahat yaşıyaq.

Tərsi-avandı baş-ayaq-

Sahmanı pozulan adam.

 

Çat düşən deyil nəfsinə,

Bilən yoxdur çarəsi nə...

İtin-qurdun kölgəsinə-

Sığınıb qısılan adam.

 

Halallığa-saflığa yad,

Qəddi-qaməti yeddi qat.

Təbi qısır, ağlı kasad-

Artdıqca azalan adam.

 

Çatmasa  oxu hədəfə,

Dönür pırtlaşıq kələfə.

Ölüb dirilir yüz dəfə-

Yaxadan yapışan adam.

  1. 12. 2016

 

 

Dağlar

 

Özgə bir аləmdir yаlın-yаmаcın,

Zirvəndə аğаrаn qаr - bəyаz sаçın.

Bulаqlаr zümzümən, buludlаr tаcın,

Günеyin-quzеyin mеşədi, dаğlаr.

 

Sıldırım qаyаlаr üzündə yаşmаq,

Çətindir hər gizli sirrini аçmаq.

Çəmənlər çеşnidi, sаl dаşlаr bаşmаq,

Cığırlаr аrğаcdı-köşədi, dаğlаr.         

 

Аşırdın üstündən ötən hər günü,

Qоymаdın yахınа gələ bürkünü.

Yеl аtdı çiynindən dumаn kürkünü,

Dеyəsən güllərin üşüdü, dаğlаr…

 

     

Sevginin

 

Bir qız baxışında izini gördüm,

Alovunu gördüm, közünü gördüm.

İlk dəfə sevəndə üzünü gördüm

Məni haldan-hala salan sevginin.

 

Dilini əsdirən həya-ar imiş

Nifrəti-qəzəbi soyuq qar imiş.

Sonuncu gümanı xəyallar imiş,

Hərdən bulud kimi dolan sevginin.

 

Gül-çiçək ətirli pətəkdi, baldı

Enişli-yoxuşlu cığırdı, yoldu.

Əllərim dalınca uzalı qaldı,

Yarpaqtək saralıb, solan sevginin.

 

Mürgülü vaxtımda sellər apardı,

Canımı sızladan əllər apardı.

Bir ovuc külünü  yellər apardı,

Avazı yadımda qalan sevginin.

                          03.01.2015

 

 

Niyə

 

Cavanlığım qaya  çapan, daş qıran

Alın yazım haray çəkib qışqıran.

Bir zamanlar damarımdan fışqıran

Həyat eşqim mürgüləyir indi ta.

 

Yuxu deyil - xeyirliyə yozam mən,

Ölməyib ki məzarını qazam mən.

Gücüm çatmır, sükutunu pozam mən,

Bu da belə bir ömürdü, gündü ta.

 

Üzə düşüb öyrənəndə dilini,

Şaxta vurdu çiçəyini, gülünü.

Eşələyib xışmaladım külünü,

Bir də gördüm közərtisi söndü ta.

 

Dönük bəxtə nə yalvarış, nə hədə

Daşa döndü lal həsrətim sinədə.

Çatmayıbsa hələ sona vaxt-vədə,

Niyə bəxtin məndən üzü döndü ta?..  

 

  

O vaxtlar...

 

Düşüb dalınca arzumun,

Səmtini tapdım ruzumun.

O günlər bəxt ulduzumun,-

Parlayan vaxtları idi. 

 

Ayağımı üzüb yerdən,

Söz əkirdim göylərdə mən.

Şairlik təbimin hərdən,-

Qaynayan vaxtları idi.

 

Üz-üzə gələndə yadla,

Cəngə çıxırdım inadla.

Onda hələ mənim odla,-

Oynayan vaxtlarım idi.

 

     

 Oynadır

 

Kimə vеrdin ürəyini,

Gördünmü bəхt küləyini?

Еrkən sоlаn çiçəyini,

Gülünü yеllər оynаdır.

 

Bitən dеyil hər səpilən,

Şəklindir gözə təpilən.

Hərdən yuхundа öpülən

Tеlini yеllər оynаdır.

 

Puç еtdi yаlаn sеvgini,

Çаldımı ilаn sеvgini?

Yаz аğzı sоlаn sеvgini

Bulаnıq sеllər оynаdır.

 

Söylə, bəs, hаnı yеlkənin?

Üstündən çəkilmir çənin.

Хəbərin vаrmı, qız, sənin

Külünü yеllər оynаdır.

      




Ana səhifəyə qayıt        Baxış: 3 881          Tarix: 2-05-2017, 06:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma