
İsmayıl İmanzadə: Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. 1993-cü ilin noyabr ayından müvəqqəti olaraq Mingəçevir şəhərində məskunlaşıb. 1980-ci ildən indiyə kimi 24 kitabı işıq üzü görüb. Tanınmış bəstəkarlar tərəfindən otuzdan çox şeirinə musiqi bəstələnib. 1999-cu ilin oktyabr ayında yaradılan Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin sədri, “Bənövşə” (əvvəlki adı “Mingəçevir leysanı”) ədəbi-bədii jurnalının təsisçisi və baş redaktorudur.
Azərbaycan əsgəri
Vətənimin qüdrəti,
Xalqımın haqq səsisən.
Könlümdə qanadlanan
Bir zəfər nəğməsisən.
Yeri düşmən üstünə,
Babəkin, Xətainin
Ruhu sənə yar olsun!
Yenilməz hünərinlə
Xalqım bəxtiyar olsun!
Gözlərindən boylansın
Yurdun nurlu səhəri,-
Azərbaycan əsgəri!
Qarabağa nicat ver,
Laçında, Kəlbəcərdə
Zəhminlə, qəzəbinlə
Çatlat düşmən bağrını!
Əllərinlə dart, qopart
Torpağın sinəsindən
Hər dərdi, hər ağrını!
Çağır,-qisasa çağır
Səslə igidi-əri,-
Azərbaycan əsgəri!
Şəhidlərin yaralı
Ruhu and yerin olsun!
Qələbə əzmin hər an
Ümmandan dərin olsun!
Savaş günü halay vur,-
Düzlən dəstə-dəstə sən!
Göyçədə, Zəngəzurda
Üçrəngli bayrağımı
Qaldır basin üstə sən!
Al yağı əllərindən
Neçə kəndi, şəhəri-
Azərbaycan əsgəri!
Dayan düşmən önündə
Yenilməyən dağ kimi!
Yaşa ürəyimizdə
Yurd kimi, torpaq kimi!
Ucalt səsini, ucalt-
El sığınsın adına!
Son qoyaq hünərinlə
Vətənin fəryadına!
Dön işıqlı sabaha,
Yaramızın üstə yax
Sən qələbə soraqlı
Xoş müdəni, zəfəri,-
Azərbaycan əsgəri,
Azərbaycan əsgəri!
Axı, nə işim var mənim şəhərdə?
Sanmayın, bir elin tünd adamıyam,
Tanrının xoş sözə bənd adamıyam.
Köhnə əkinçiyəm-kənd adamıyam-
Axı, nə işim var mənim şəhərdə?!
Uzaqdan baxanda gur ocaqlara,
Bildim, çarə yoxmuş “olacaqlara”.
Bələd deyiləmsə künc-bucaqlara-
Axı, nə işim var mənim şəhərdə?!
Çox gördüm turşumuş boz sifətləri,
Susdurmaq çətinmiş hürən itləri...
Neynirəm yalançı məhəbbətləri-
Axı, nə işim var mənim şəhərdə?!
Burda ürcah oldum üzü bozlara,
Qoşula bilmədim ağlı azlara.
Müftəcə yem oldum dələduzlara-
Axı, nə işim var mənim şəhərdə?!
Ocağım, küllüyüm, daxmam deyil ki,
Halal duz-çörəyim, loxmam deyil ki,
Qohumum, qardaşım, doğmam deyil ki-
Axı, nə işim var mənim şəhərdə?!
Cavanı yarımcan, ahılı halsız,
Arısı didərgin, pətəyi balsız.
Mürgülü daşları sorğu-sualsız-
Axı, nə işim var mənim şəhərdə?!
Kəndin ay-ulduzlu gecəsi-gecə,
Nurlu sabahları güc qatır gücə.
Döşümə yatmırsa burda yol, küçə-
Axı nə işim var mənim şəhərdə?!
Doğma el-obamdır zərim-qızılım,
Özgə kölgəsinə necə qısılım?!
Qəfəsə sığışmır enim-uzunum-
Axı, nə işim var mənim şəhərdə?!
12. 12. 2016
Gedirəm
Bitməyib cəngim-savaşım,
Sədləri qırıb gedirəm.
Cığırları əldən salıb,
Yolları yorub gedirəm.
Ötən hər anım lal haray,
Həyat eşqim ən şirin pay.
Neçə könüldə gah saray,
Gah evcik qurub gedirəm.
Tanıdım hər ötən anı,
Xərcləmədim adı-sanı.
Bu boz sifətli dünyanı
Dişimə vurub gedirəm.
Qara deməsəm də ağa,
Oldum dərd-qəmə sadağa.
Bəhanəm yoxdur qalmağa,
Səbr edin, durub gedirəm.
Dünya
Hər yetəndən aldın bac,
Nə toxsan, nə də ki, ac.
Qamətin qulac-qulac-
Arşının uzun, dünya.
Kimsəyə catmır nurun,
Dostusan zülmkarın.
Heç vaxt əskilmir qarın-
Ərimir buzun, dünya.
Bağlıdır bəndin-bərən,
Nizamın pərən-pərən.
Kimi yaşatdı görən-
Gecən-gündüzün, dünya?
Qat-qatdır çölün, için
Bilinmir “tezin-gecin”.
Geriyə dönmür köçün-
De, hanı yazın, dünya?
Dedilər
İkini vurdum ikiyə,
Hasilə cəmdi-dedilər.
Ovcumdakı son tikəyə
Müftəcə yemdi-dedilər.
Nadan çıxanda qarşıma,
Mat qaldılar göz yaşıma.
Yer-göy fırlandı başıma,
“Bəxtəvər dəmdi”-dedilər.
Günlər-aylar gəlib keçdi,
Yetən mənə gülüb keçdi.
Söz sinəmi dəlib keçdi,
“Məlhəmin qəmdir”-dedilər.
Zülmət çökəndə izimə,
Hey divan tutdum özümə.
Halallıq gəzdim, üzümə
“Ağıldan kəmdi”-dedilər...
Dəyməsə
Toxunanda quruya yaş,
Aralığa düşər savaş.
Çat verməz nə qaya, nə daş-
Bu dağ, o dağa dəyməsə.
Şehli çəmən ləçək-ləçək,
Hünərin var şəklini çək...
Mayalanmaz açan çiçək-
Budaq-budağa dəyməsə.
Xoş sözlə könüllər abad,
Həvəs-istək ən şirin dad.
Şölə saçmaz ürəkdə od-
Dodaq-dodağa dəyməsə...
Adam
Yükünü niyə daşıyaq,
Çıx get, qoy ,rahat yaşıyaq.
Tərsi-avandı baş-ayaq-
Sahmanı pozulan adam.
Çat düşən deyil nəfsinə,
Bilən yoxdur çarəsi nə...
İtin-qurdun kölgəsinə-
Sığınıb qısılan adam.
Halallığa-saflığa yad,
Qəddi-qaməti yeddi qat.
Təbi qısır, ağlı kasad-
Artdıqca azalan adam.
Çatmasa oxu hədəfə,
Dönür pırtlaşıq kələfə.
Ölüb dirilir yüz dəfə-
Yaxadan yapışan adam.
- 12. 2016
Dağlar
Özgə bir аləmdir yаlın-yаmаcın,
Zirvəndə аğаrаn qаr - bəyаz sаçın.
Bulаqlаr zümzümən, buludlаr tаcın,
Günеyin-quzеyin mеşədi, dаğlаr.
Sıldırım qаyаlаr üzündə yаşmаq,
Çətindir hər gizli sirrini аçmаq.
Çəmənlər çеşnidi, sаl dаşlаr bаşmаq,
Cığırlаr аrğаcdı-köşədi, dаğlаr.
Аşırdın üstündən ötən hər günü,
Qоymаdın yахınа gələ bürkünü.
Yеl аtdı çiynindən dumаn kürkünü,
Dеyəsən güllərin üşüdü, dаğlаr…
Sevginin
Bir qız baxışında izini gördüm,
Alovunu gördüm, közünü gördüm.
İlk dəfə sevəndə üzünü gördüm
Məni haldan-hala salan sevginin.
Dilini əsdirən həya-ar imiş
Nifrəti-qəzəbi soyuq qar imiş.
Sonuncu gümanı xəyallar imiş,
Hərdən bulud kimi dolan sevginin.
Gül-çiçək ətirli pətəkdi, baldı
Enişli-yoxuşlu cığırdı, yoldu.
Əllərim dalınca uzalı qaldı,
Yarpaqtək saralıb, solan sevginin.
Mürgülü vaxtımda sellər apardı,
Canımı sızladan əllər apardı.
Bir ovuc külünü yellər apardı,
Avazı yadımda qalan sevginin.
03.01.2015
Niyə
Cavanlığım qaya çapan, daş qıran
Alın yazım haray çəkib qışqıran.
Bir zamanlar damarımdan fışqıran
Həyat eşqim mürgüləyir indi ta.
Yuxu deyil - xeyirliyə yozam mən,
Ölməyib ki məzarını qazam mən.
Gücüm çatmır, sükutunu pozam mən,
Bu da belə bir ömürdü, gündü ta.
Üzə düşüb öyrənəndə dilini,
Şaxta vurdu çiçəyini, gülünü.
Eşələyib xışmaladım külünü,
Bir də gördüm közərtisi söndü ta.
Dönük bəxtə nə yalvarış, nə hədə
Daşa döndü lal həsrətim sinədə.
Çatmayıbsa hələ sona vaxt-vədə,
Niyə bəxtin məndən üzü döndü ta?..
O vaxtlar...
Düşüb dalınca arzumun,
Səmtini tapdım ruzumun.
O günlər bəxt ulduzumun,-
Parlayan vaxtları idi.
Ayağımı üzüb yerdən,
Söz əkirdim göylərdə mən.
Şairlik təbimin hərdən,-
Qaynayan vaxtları idi.
Üz-üzə gələndə yadla,
Cəngə çıxırdım inadla.
Onda hələ mənim odla,-
Oynayan vaxtlarım idi.
Oynadır
Kimə vеrdin ürəyini,
Gördünmü bəхt küləyini?
Еrkən sоlаn çiçəyini,
Gülünü yеllər оynаdır.
Bitən dеyil hər səpilən,
Şəklindir gözə təpilən.
Hərdən yuхundа öpülən
Tеlini yеllər оynаdır.
Puç еtdi yаlаn sеvgini,
Çаldımı ilаn sеvgini?
Yаz аğzı sоlаn sеvgini
Bulаnıq sеllər оynаdır.
Söylə, bəs, hаnı yеlkənin?
Üstündən çəkilmir çənin.
Хəbərin vаrmı, qız, sənin
Külünü yеllər оynаdır.
Paylaş: