Xəbər lenti

Sumqayıtda 5 nəfərin ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən şəxsin məhkəməsi keçirilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən qəza törətməkdə təqsirləndirilən 1977-ci il təvəllüdlü İlham Həsənovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən İ.Həsənov 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə mayın 10-da saat 19 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində baş verib. Şəhər sakini İlham Həsənov sərxoş vəziyyətdə idarə etdiyi “İveco” markalı yük avtomobilini Şabran rayon sakini İlham Qasımovun idarə etdiyi “Mercedes” markalı minik avtomobilinə çırpıb.

Nəticədə “Mercedes” markalı avtomobilin sürücüsü və sərnişinləri, həmyerliləri Saleh Musayev, Məhəbbət Musayeva, Amil Məmmədov və Vidadi Nuriyev hadisə yerində ölüblər.

Elan olunmuş ittihamla İlham Həsənov özünü təqsirli bilib və əməlindən çox peşman olduğunu deyib: "Burada ölənlərin ailəsindən üzr istəyirəm, baş əyirəm. Mən başqa söz deyə bilmirəm. O qədər peşman ki... Mən həmin gün atamın qəbrini ziyarətə gedirdim. Həmin gün elə bil ki, Allah mənim ağlımı aldı. Qarşınızda baş əyirəm, üzr istəyirəm".

Suallara cavab verən İlham Həsənov içkili olmadığını söyləyib. Amma hakim xatırladıb ki, istintaqda içkili olduğunu təsdiqləyib: "Mən onda özümdə olmamışam. Ağlım başımda deyildi. Amma içkili olmamışam".




Ana səhifəyə qayıt        Baxış: 343          Tarix: 11-09-2019, 13:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma