Xəbər lenti

  

“Azadlıq” radiosu Kənd Təsərrüfatı Nazirliyinin Bakının müxtəlif yerlərində təşkil etdiyi yarmarkalarla bağlı süjet hazırlayıb.

Ovqat.com xəbər verir ki, əsasən Bakı sakinlərinin rəylərinin səsləndirildiyi video-araşdırmada respondentlərin böyük əksəriyyəti yarmarkaların təşkilindən və qiymətlərdən narazılığını bildirib.

Rəyi soruşulanlardan bəziləri istər bazarlarda, istərsə də yarmarkalarda qiymətləri cib yaxan yeyinti məhsullarının bahalığında monopolist maraqların mühüm rol oynadığını iddia ediblər. Halbuki, KTN bu yarmarkaları təşkil edərkən məqsədinin süni bahalaşmanın qarşısını almaq olduğunu açıqlamışdı. Yarmarkalardakı bahalıq göstərir ki, ya KTN bu məqsədinə nail ola bilməyib, yaxud kimlərsə həqiqətən də “süni qiymət artımı” bəhanəsini əldə rəhbər tutaraq öz inhisarını yaratmağa çalışır. Hər idarə başçısının rəhbərlik etdiyi sahəni inhisarına aldığı Azərbaycan reallığında KTN-nun bu təşəbbüsü təəccüblü görünməsə də, hər halda nazir İnam Kərimovun islahatçı imicinə kölgə salır. Bir daha sübut edir ki, hansısa mətbuat konfransında tərsinə sancılmış bayrağı düzəldərək və ya qucağına quzu alaraq ucuz reklam dalınca düşməklə nə vətənpərvər olmaq mümkündür, nə də idarəçilik təcrübəsi  qazanmaq. Həqiqi patriot nazir həqiqi vətənpərvəliyini öz işində göstərməli, ölkə iqtisadiyyatını iflic vəziyyətə salan monopoliyalara qarşı mübarizə apararaq inkişafına təkan verməlidir. Bunu bacarmadıqda isə heç olmasa, saxta tərəqqi görüntüsü yaratmamalı, susmalıdır.

Yarmarkalarla bağlı fikrini bildirən Aqrar İslahatlara Dəstək İctimai Birliyinin rəhbəri Vahid Məhərrəmli də qiymətlərin bazardan fərqlənmədiyini deyib. O, həmçinin keyfiyyətli məhsulların Rusiyaya daşındığını, keyfiyyətsiz məhsulların isə Azərbaycan xalqına yedizdirildiyini vurğulayıb. Bu da patriot nazirin Azərbaycan sevgisi!

Video-araşdırmanı təqdim edirik:




Ana səhifəyə qayıt        Baxış: 736          Tarix: 4-09-2019, 20:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma