Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov istefa verdikdən sonra yerli sakinlər yeni dövrün başlayacağına ümid edirdilər.
Görəsən, Talıbovdan sonrakı Naxçıvanda vəziyyət necədir?
Globalinfo.az-a danışan tanınmış siyasi şərhçi, əslən Naxçıvandan olan Heydər Oğuz Vasif Talıbovun dövründəki Naxçıvan ilə indiki Naxçıvan arasında bir sıra dəyişikliklərin olduğunu bildirib.
Onun sözlərinə görə, bu dəyişiklikləri yaxşı və pis kateqoriyalara bölmək olar:
“Yaxşı hal odur ki, Vasif Talıbovun dövründəkindən fərqli olaraq bugünkü Naxçıvanda insanların problemlərini dilə gətirmək hüququ var. İndi danışan adamları həbsxanaya və ya dəlixanaya atmırlar. O başqa məsələdir ki, dərdini dilə gətirənlərin problemlərini də həll etmirlər. Yəni Naxçıvanda artıq ürəyin istədiyi qədər danışa, keçmiş günlərin nostalgiyasına dala və yeri gələndə “xan” həzrətlərinin atasına rəhmət oxuya bilərsən. Sənin səsini isə özündən başqa heç kim dinləməyəcək. Digər müsbət cəhət odur ki, Naxçıvan müəllimləri və tələbələri indi Şimali koreyalı həmkarları kimi uniforma geyinib məktəbə, universitetə getmirlər. Amma yenə əvvəlki qaydalarda təhsil alır, rüşvətlə kursdan-kursa keçib, məzun ola bilirlər. Qısası, Naxçıvanda baş verən bəzi formal dəyişikliklər var, fəqət bu dəyişikliklər insanların həyat şəraitinin yaxşılaşmasına yönəlməyib. Sadəcə, gözdən pərdə asmaq üçündür”.
O ki qaldı mənfi cəhətlərə, Heydər Oğuz bunu da iki kateqoriyaya bölür:
“Biri odur ki, bir çox mənfi təcrübələr yenə də olduğu kimi davam edir. Məsələn, Naxçıvan insanı hələ də icbari iməciliyə çıxarılır. Üstəlik, keçmişdən fərqli olaraq iməcilik bütün məmurların rejim qarşısındakı öhdəliyi də deyil. Xüsusilə Bakıdan gətirilib müxtəlif vəzifələrə qoyulan bəzi imtiyazlı şəxslər bu öhdəliklərdən azad olunublar. İməciliyə yalnız yerli sakinlər cəlb olunur. Naxçıvanda insanlar sanki aşağı və yuxarı təbəqələrə bölünüblər”.
Fuad Nəcəfli və Vasif Talıbov
Həmsöhbətimizin iddiasına görə, Naxçıvanda yenə də dövlət vəsaitləri mənimsənilir, korrupsiya halları var:
“Hər halda Hesablamalar Palatasının vaxtaşırı açıqladığı hesabatlardan və bəyanatlardan belə anlaşılır. Palatanın apardığı audit yoxlamaları nəticəsində məlum olmuşdur ki, Naxçıvanda 2023-cü ilin ilk 6 ayı dövründə dövlət büdcəsinin 94.5 milyon manat vəsaiti ya düzgün xərclənməyib, ya da rəsmən mənimsənilib. Ən çox korrupsiya əməlinə yol verən isə Muxtar Respublikanın Kənd Təsərrüfatı Nazirliyi olub. Nazirlik fermerlərin inkişafı üçün ayrılmış 8.4 milyon manatlıq subsidiya pulunu əsassız və qeyri-qanuni istiqamətlərə yönəldib. Bu isə açıq-aşkar korrupsiya deməkdir. Di gəl, Naxçıvanda rəsmən bəyan olunmuş bu korrupsiya faktına görə heç kim cəza almayıb. Halbuki Vasif Talıbovun dövründə bu ittihamlar ortaya çıxsaydı, mütləq bir “günah keçisi” tapıb, cəzalandırardılar”.
H.Oğuz deyib, digər mənfi hal yerlibazlığın davam etməsidir:
“Vasif Talıbovun dövründə bütün yağlı vəzifələrə şərurlular təyin olunurdu. İndi isə onlar işdən çıxarılır və yerlərinə şahbuzlular qoyulur. Bunun ən bariz nümunəsi bu yaxınlarda yaşandı. Naxçıvanın Vasif Talıbov dövründən qalma Baş naziri Səbuhi Məmmədov çıxarıldı, yerinə Ceyhun Cəlilov adlı bığ yeri yenicə tərləmiş cavan bir oğlan gətirildi. Təsadüfi deyil ki, Səbuhi Məmmədov şərurlu, Ceyhun Cəlilov isə şahbuzludur. Digər əksər orqanlarda da eyni dəyişikliklər aparılıb”.
Heydər Oğuz, pis idarəetmə kateqoriyasının ikinci növünə Vasif Talıbov dövründə görünməmiş əməlləri aid edir:
“Mən buna “Fuad Nəcəflinin innovativ tədbirləri” deyərdim. Bu innovativ tədbirlərin siyahısı xeyli uzundur. Çox vaxt almamaq üçün onlardan bir neçəsini diqqətə çatdırmaq istərdim. Məsələn, Vasif Talıbov Naxçıvana ayrılan bütün dotasiyaları lazım gəldi, gəlmədi tikinti sektoruna yönəldərdi. Nəticədə yollar hər il yenidən çəkilər, binalar təkrar təmir olunardı. Fuad Nəcəflinin dövründə isə hətta tikinti sektoruna ayrılan vəsaitlər belə istifadə olunmadan qalır. Bildiyimə görə, Azərbaycan hakimiyyəti bu il Naxçıvanda tikinti sektoruna 245 milyon manat vəsait ayırıb. Yəqin ki, məqsəd Zəngəzur yolunun açılması üçün tələb olunan hədəflərin reallaşdırılmasındakı bir sıra nöqsanları aradan qaldırmaqdır. Bu məbləğ Naxçıvanda tikinti sektoruna indiyədək ayrılmış ən böyük vəsaitdir. Amma bu günə qədər bir layihə belə qəbul olunub, həyata keçirilməyib. Bəzi layihələr isə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən geri qaytarılıb. Çünki tender qanunauyğun şəkildə keçirilməyib. Bu da Naxçıvanda böyük işçi kütləsinin etirazına yol açır və sosial narazılıq durmadan artır”.
Heydər Oğuz
H.Oğuzun sözlərinə görə, Naxçıvanda bir sıra mühüm vəzifələrə o sahədə heç bir təcrübəsi olmayan insanların gətirilməsi kimi neqativ hallar da var:
“Məsələn, 14 il Vasif Talıbova ombudsmanlıq edən və bu müddət ərzində bir nəfərin belə hüququnu qorumayan, varlığı ilə yoxluğu arasına heç bir fərq olmayan bir xanım Doğum Mərkəzinə baş direktor təyin edilib. Eyni şəkildə Naxçıvanın Respublika xəstəxanası, bütün rayon xəstəxanaları, Təcili Yardım müəssisəsi iqtisadçının, sığortaçının ixtiyarına verilib”.
H.Oğuz deyib ki, Naxçıvanda əhalinin ən çox narazılığına yol açan hadisələrdən biri isə Bakıdan gətirilən kadrlara xüsusi imtiyazların verilməsidir:
“Muxtar Respublikanın bir çox idarələri yerli mühiti tanımayan bu şəxslərə həvalə edilib. Hətta bəzi müəssisələrdə adi vəzifələrə gətirilən kadrlar belə, öz yerli həmkarlarından bəzən 5, bəzən 10 qat artıq maaş alırlar. Halbuki onlarla eyni işi görürlər”.
O. bildirib ki, Naxçıvanda indiyədək islahatlar prosesi düzgün aparılmayıb:
“Muxtar Respublikada faktiki ikihakimiyyətlilik hökm sürür. Köhnələrlə yenilər bir-birinə mane olur, yürüdülən siyasəti sabotaj edirlər. Nəticədə Naxçıvanda hansısa dəyişikliklər getmədiyi kimi, köhnə qaydada idarəetmə də tənəzzülə uğrayıb. Naxçıvanlılar Əli aşından da olub, Vəli aşından da”.
Siyasi şərhçi hesab edir ki, Naxçıvanı bu vəziyyətdən xilas etmənin ən optimal yolu siyasi hakimiyyətin planlaşdırdığı islahatlar paketinin dərhal həyata keçirilməsidir:
“Məncə, hakimiyyət əvvəl-axır, Naxçıvanın muxtar səlahiyyətlərini ləğv edib onu ölkənin digər inzibati əraziləri ilə eyni hüquq müstəvisinə gətirəcək. Beləcə, heç olmasa Naxçıvanda ikihakimiyyətliliyə son qoyulacaq və bölgə birbaşa paytaxtın nəzarətin altına keçəcək. Şəxsən mənə qalsa, yaxın günlərdə referendum keçirib digər məsələlərlə yanaşı, Naxçıvanın hüquqi statusunu da müzakirəyə çıxararam”.
Zaira Akifqızı
Paylaş: