Xəbər lenti



SÖZ UCA TANRIDIR...
Professor,tənqidçi və 
ədəbiyyatşünas
Qulu Xəilovun unudulmaz
 ruhuna.
 

Qələmi kütlərin,ağlı kütlərin
 “Dahilik” azarı tutub milləti.
 “Hamı deyən olub,yazan olubdu”
 Baxırsan, adamın tökülür əti.


 Özündən,sözündən xəbəri yoxlar,
 Durub özgələrə “ağıl” verirlər.
 Əsl həqiqəti qoyub bir yana
 Uydurma,qondarma “nağıl” deyirlər.


 Nə abır qalıbdı,nə ədəb-ərkan,
 Qapıdan qovulan girir bacadan.
 Sırıyıb özlərin “elmə”,”şeirə”,
 Nə həya qalıbdı,nə də ki vicdan.


 Anbaan çoxalır söz üyüdənlər,
 Nə sözdən qorxurlar,nə də Tanrıdan.
 Beş-üç meydangir var söz meydanında
 Sanırlar onlardır yer-göy yaradan.


 “Bir durun” deyən də tapılmır hələ,
 Deyənlər abrından qorxub cəkinir.
 Elə bununçün də əsl qələmlər
Günbəgün yoxalır,bitib tükənir.


 Söz uca Tanrıdır,Tanrı uca söz.
 Sözdən utanmayan utanmaz Haqdan.
 Dünyadan köçəndən söz sahibləri,
 Sözbazlar öldürdü sözü də çoxdan!

                                         29.04.2024


      BİR SÖZ DƏLLALINA


 Bir ömür yaşadın ağlı-qaralı,
 Hələ dərk etmədin özün özünü.
 Dişlər tökülsə də,bel bükülsə də,
 Duymadın dünyanın astar-üzünü.


 Millətdən,Vətəndən,Haqdan “yazırsan”,
 Tutmadı əməllə sözün bir-birin.
 Gündə bir havaya oynadığından,
 Hələ bilmirsən ki, hardadır yerin.


 Küləklər ağzında xəzələ dönüb,
 Gah havaya qalxdın,gah yerə endin.
 Gərəksiz məqamda bülbül tək ötdün,
 Gərəkli məqamda aradan itdin.


 Sən sözə xəyanət yolunu tutdun,
 Qoruya bilmədin bakirəliyin.
 Sözə xəyanəti söz bağışlamır,
 Sözlə açılacaq çirkin niyyətin.


 Qapılar dalında bel bükə-bükə,
 Haqlının haqqını aldın əlindən.
 Çox həşir-harayla yanan ocağın
 Dəyəri bəllidir onun külündən.


 Bir ayağın burda,biri də gorda,
 Yeddində nə idin,indi də osan.
 Bu fani dünyada kişi olmadın,
 Bəlkə o dünyada kişi olassan.


     KİM BİLİR...

  Məndən umu-küsü edən
 
bir doğmama
 Sən mənim nəyimdən küsürsən axı,
 Ələyim ələnib,xəlbirim itib.
 Bir vaxtlar gözlərim göz ovlayardı,
 İndi gözlərimdə sükunət bitib.


 Daha dəyişibdi halım,əhvalım,
 Qəlbim də əvvəlki qəlb deyil daha.
 Nə sevilə bildim,nə sevə bildim,
 Mən də belə-belə batdım günaha.


 Vaxt vardı ağacdan bir yarpaq düşcək,
 Sanırdım qırıldı bir sevgi vaxtsız.
 Sanırdım bir ömrün çırağı söndü,
 Bir tale beləcə bitdi günahsız.


 Onda təmiz idim, çiçəkdən təmiz,
 Gül ləçəyi kimi incəydi ruhum.
 Nə kinim var idi,nə də nifrətim,
 İstərdim hamının qurbanı olum.


 Daha dövran kimi dəyişdim mən də,
 Ürəyim daşlaşdı,ruhum buzlaşdı.
 Gözümün önündə mini ölsə də,
 Sanıram insan yox, quruca daşdı.


 Mən gəzərgi ruham zaman-məkansız,
 Nə gecəm bilinir,nə də gündüzüm.
 İllərdir yazıram dağdan,arandan,
 Nə dərdim tükənir,nə də ki sözüm.


 Dərdli deyingəndir,dərdli danışqan,
 Heyif ki,dərdlini dərdli də duymur.
 Qaçırsan çıxasan dərd orbitindən,
 Bu allahsız səni gözündən qoymur.


 ... Sən məndən küsmüsən, günahın yoxdur,
 Günah səni məndən küsdürəndədir.
 Kim bilir,nə vaxtsa keçmişə döndüm,
 Kim bilir, bəlkə o keçmiş öndədir.


YAXŞIDR

  Həmişə insanlıqdan
 
gileyli olan bir dostuma


 
Kölgəsiz bar ağacından
 Kölgəli söyüd yaxşıdır.
 Hayla gələn var-dövlətdən
 Faydalı öyüd yaxşıdır.


 Aranı olmayan dağdan,
 Bağbanı olmayan bağdan,
 Sənə sən olmayan çağdan
 Quruca ad-san yaxşıdır.


 Ələ gəlməz keçən gündən,
 Duyulmayan səsdən,ündən,
 Ümid yoxsa bir könüldən
 Sabaha güman yaxşıdır.


 Şirin vəddən,yalan sözdən,
 Utanmaq bilməyən üzdən,
 Haqda haqq görməyən gözdən,
 Şərəfli ölüm yaxşıdır.


 Çox “dost-tanış” gəzmə,canım,
 Özünün var adın,sanın,
 Yoxdursa qəlbdən yananın,
 Tək,tənha qalmaq yaxşıdır...
                         24.01.2024.




Ana səhifəyə qayıt        Baxış: 1 889          Tarix: 1-05-2024, 11:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma