Böyük Britaniyanın xarici işlər naziri Devid Kameron cümə axşamı günü Ukraynaya səfər edib. O, Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşündə ölkəsinin Kiyevə hər il 3 milyard funt-sterlinq (3,7 milyard dollar) hərbi yardım verəcəyini və Londonun bu silahlardan Rusiyanın sərhədləri daxilində istifadə olunmasına etiraz etmədiyini bildirib.
Qeyd edək ki, NATO-nun aparıcı müttəfiqlərindən olan Böyük Britaniyanın xarici işlər nazirinin bu addımı Ukrayna-Rusiya savaşında bir yenilikdir. Bu zamanadək NATO üzvləri Ukraynaya bir şərtlə silah verirdilər: -həmin silahlar Ukraynanın dövlət sərhədləri daxilində istifadə olunacaq. İndi isə Böyük Britaniya bu şərti ortadan qaldıraraq sanki Rusiya ilə açıq döyüşlərə girir.
Digər maraqlı hadisə Fransa prezidentinin açıqlamalarıdır. Demək olar ki, Devid Kameronla eyni gündə Emmanuel Makron da növbəti dəfə NATO-nun Ukraynaya əsgər göndərməsi ehtimalından danışıb. O, “The Economist” jurnalına müsahibəsində Rusiya Ukraynanın müdafiə xəttini yaracağı təqdirdə NATO hərbçilərinin bu ölkəyə göndərilə biləcəyini istisna etməyib. Rusiya rəsmilərinin xüsusilə Böyük Britaniyanın xarici işlər nazirinin açıqlamasına reaksiyaları özünü çox gözlətməyib. Kremlin sözçüsü Dmitri Peskov Kameronun şərhlərini təhlükəli adlandırıb. “Bu, Ukrayna münaqişəsi ətrafında birbaşa gərginliyin artmasıdır və potensial olaraq Avropa təhlükəsizliyinə, bütün Avropa təhlükəsizlik arxitekturasına təhlükə yarada bilər”, - o deyib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da xordan kənarda qalmayıb. Kameronun məlum açıqlamalarını Qərbin ukraynalıların əli ilə Rusiyaya qarşı gizli müharibə apardığının etirafı olduğunu bildirən xanım diplomat vurğulayıb ki, Ukrayna Rusiya ərazisinə Britaniya silahları ilə zərbələr endirərsə, Rusiya buna cavab verəcək.
"Bu cür bəyanatların, xüsusən də nüvə silahına malik ölkələrlə bağlı nəyə gətirib çıxardığını anlamamaq üçün nə qədər məsuliyyətsiz və laqeyd olmaq lazımdır", - Zaxarova dünən keçirdiyi brifinqdə bildirib.
Ukrayna cəbhəsində yaşanan bu yeni gərginliklər nədən xəbər verir? Ukrayna rəsmiləri gələn ay İsveçrədə keçiriləcəyi gözlənilən sülh sammitinə hazırlaşdığı bir zamanda NATO ölkələrinin liderləri tərəfindən verilən bu bəyanatlar nə anlama gəlir?
Musavat.com-un suallarını cavablandıran siyasi şərhçi Heydər Oğuz deyir ki, hər dəfə sülh danışıqları gündəmə gələndə Böyük Britaniya və ABŞ-dan Ukranaya yönəlik təhdidedici açıqlamalar gəlir, sülh sazişinin bağlanmasını əngəlləyən hərəkətlilik meydana çıxır:
“Məlumdur ki, Ukrayna müharibəsi yeni başlayanda Türkiyənin vasitəçiliyi ilə İstanbulda sülh sammiti keçirilmişdi. Sammitdə iştirak edən Rusiya və Ukrayna rəsmiləri ortaq fikrə gəlməyin bir addımlığında idilər. Hətta imzalanacaq sazişin çərçivəsi belə müəyyənləşdirilmişdi. İki dövlət liderlərinin görüşüb sazişə imza atmaları qalmışdı. Bütün ümidlər yekun sazişin imzalanacağına bağlandığı bir zamanda Böyük Britaniyanın o zamankı baş naziri Boris Conson Kiyevdə peyda oldu və Zelenskiyə bu müqavilə bağlanarsa, Ukraynanın Qərbin dəstəyini itirəcəyini bildirərək onu sülh danışıqlarından yayındırdı. Bənzər yanaşma Çinin hazırladığı 12 maddəlik sülh təklifinə münasibətdə də özünü göstərdi. Təklif səslənər-səslənməz ABŞ prezidenti Co Bayden çıxış edib Çinin məqsədinin Rusiyanın tərəfini saxlamaq olduğunu bildirərək onu geri çevirdi. Halbuki, Çinin irəli sürdüyü təklifdə ölkələrin ərazi bütövlüyünə açıq şəkildə istinad yer alırdı”.
Heydər Oğuzun fikrincə, Consonun və Co Baydenin bu hərəkəti NATO ölkələrinin sülhdə maraqlı olmadıqlarını göstərir.
“Ukrayna rəsmiləri bu gün İstanbul görüşündən imtina edilməsinə haqq qazandırmaq üçün bəzi arqumentlər irəli sürürlər. Onların fikrincə, hazırlanan sülh sazişi layihəsində Ukrayna tərəfinin torpaq bütünlüyünə xələl gətirən tezislər var idi və Kiyev bu tezislərlə razılaşa bilməzdi. Təbii ki, bu fikri dilə gətirənlər haqlı ola bilərlər. Həqiqətən də İstanbulda tərəflərə təklif olunan layihədə hər iki tərəfin kompromisə getməsi nəzərdə tutula bilərdi. Amma istənilən sülh sazişi zatən qarşılıqlı güzəşt əsasında bağlanır. Birtərəfli güzəşt yalnız kapitulyasiya aktları üçün keçərlidir. Məncə, İstanbul görüşündə yalnız Ukraynanın birtərəfli güzəşti nəzərdə tutulsaydı, bu ölkənin təmsilçiləri çərçivə sazişini yaxına buraxmazdılar. Yəqin ki, bir sıra məsələlərdə Rusiya da güzəştlərlə razılaşmışdı. Amma London Ukraynanın güzəştlərini bəhanə gətirərək bu razılaşmanı pozmağa nail olmuşdu. Eyni sözləri Çinin irəli sürdüyü təkliflər barədə də demək mümkündür. Görünən budur ki, ABŞ və NATO ölkələrinin sülh anlayışları Rusiyanın tamamilə kapitulyasiya aktına imza atmasına hesablanıb. Zelenskinin 1991-ci il sərhədlərinə qayıtmaq barədə iddiaları da bundan xəbər verir”, - siyasi şərhçi belə düşünür.
Onun fikrincə, Rusiyanın kapitulyasiya aktı səviyyəsində hansısa sənədə qol çəkməsi indiki halda real görünmür:
“Hətta 44 günlük müharibədə Azərbaycan qarşısında ağır məğlubiyyətə uğrayan Ermənistan belə 8 noyabr bəyanatını kapitulyasiya aktı olması fikrini yaxına buraxmır. Azərbaycanın halal torpaqları olan 4 kəndi geri qaytarmaq belə, İrəvan üçün baş ağrısına çevrilib. Baxmayaraq ki, ermənilər Azərbaycan qarşısında hansısa uğur qazanmağa ümid etmirlər. Fəqət kapitulyasiya aktının adı o qədər ağırdır ki, onu tamamilə məğlubiyyətə uğrayan dövlətlər belə asanlıqla həzm edə bilməzlər. Məhz bu səbəbdən müasir çağımızda bağlanan sazişlər “qazan-qazan” prinsipinə əsaslanır, tərəflərin hər birinə sazişdəki bəzi maddələrin arxasına sığınıb xalqlarına “Vallah, biz də nəsə qazanmışıq” demək imkanı verilir. Hələ də döyüş qabiliyyətini tam itirməyən Rusiyanın qarşısına faktiki kapitulyasiya aktını xatırladan sülh sazişi qoymaq müharibənin davam etməsini arzulamaqdan başqa bir şey deyil”.
Heydər Oğuz iyun ayının 16-17-də İsveçrədə keçirilməsi nəzərdə tutulan Böyük Sülh sammitində hansısa nəticə əldə ediləcəyinə də inanmır:
“İlk növbədə ona görə ki, Rusiya o sammitə dəvət olunmayıb. Sazişi bağlayacaq dövlətlərdən birinin dəvət edilmədiyi toplantıda hazırlanan sənəd real sülh müqaviləsi sayıla bilməz. Yalnız kapitulyasiya aktları bu cür hazırlanar və məğlub tərəfin önünə qoyular. Maraqlıdır ki, Ukrayna rəsmiləri də məhz bunu deyirlər. Ukrayna xarici işlər naziri Dmitri Kuleba I Sülh samitindən sonra Rusiya ilə ünsiyyət qurmağı planlaşdırdıqlarını bildirib. Onun sözlərindən belə çıxır ki, ilk əvvəl Ukraynanın dostları sülh sazişinin prinsiplərini müəyyənləşdirəcəklər, sonra Rusiya ilə görüşə gediləcək. Bu, Ukraynanın dostlarının qəbul etdikləri prinsiplərin Kremlə təlqin olunması niyyətindən xəbər verir”.
Rusiyanı kapitulyasiya aktına imza atdırmağı hədəfləyən dövlətlərin hərəkətlərinin hədəflərinə uyğun olmadığına diqqət çəkən həmsöhbətimiz bildirib ki, Kremli diz çökdürmək üçün Ukrayna bu zamanadək təpədən dırnağa qədər silahlandırılmalı idi:
“Bəlkə o zaman Kremli kapitulyasiyaya məcbur etməyə ümid bağlamaq olardı. Hətta nüvə silahı olan Rusiyanın buna getməsi belə real görünmür. Bununla belə, biz Ukraynanın doğru-düzgün silahlandırılmasının da şahidi olmadıq. ABŞ Tramp və Respublikaçılar Partiyasının əngəllərini bəhanə gətirib uzun müddət Ukraynanı silahlandırmadı. Faktiki olaraq bu gün Ukrayna Rusiya qarşısında tək buraxılıb. Ukraynanın baş komandanı Aleksandr Sırski bu yaxınlarda verdiyi açıqlamada həyəcan siqnalı çalaraq, onlara silahlar tez bir zamanda verilməsə Rusiya qarşısında iki həftə dayana biləcəklərini söylədi. Ukrayna belə bir ağır vəziyyət yaşadığı halda Rusiyaya kapitulyasiya aktı imzalatmaq istəyi nə qədər real görünür” – deyə Heydər Oğuz sual edir.
Ukraynaya Rusiyanın dərinliklərinə uzaqmənzilli raketlərlə zərbə endirmək icazəsinin verilməsini məhz bu məntiqdən analiz edən siyasi şərhçi NATO ölkələrinin müharibənin miqyasını genişləndirməkdə maraqlı olduğunu bildirir: “Məqsəd Rusiyanı strateji məğlubiyyətə uğratmaqsa, bu savaş uzun müddət davam etməli və hədəf seçilən ölkə daxilən parçalanmalıdır. Məhz bu səbəbdən də Rusiyanın böyük şəhərləri hədəfə alınmalı, ictimai narazılıq artırılmalıdır. Buna isə yalnız Ukraynanın hərbi qüvvələri ilə nail olmaq mümkün deyil. NATO-nun digər dövlətləri də prosesə qoşulmalı və Ukrayna savaşı açıq şəkildə NATO-Rusiya müharibəsinə çevrilməlidir. Məsələ burasındadır ki, ABŞ-ın Ukraynaya silah yardımına 4-5 ay ara verməsi Ukrayna ordusunu həm fiziki, həm də mental olaraq sarsılmasına səbəb oldu. İndi yeni qüvvələr bu savaşa cəlb edilməsələr Rusiyanı çökdürmək imkansız hala gələcək. Fransanın tez-tez Ukraynaya hərbi qüvvələr göndərəcəklərini bəyan etməsi da bunun nəticəsidir. NATO-nun digər ölkələri Makronun bu təklifini inkar etsələr də, düşünürəm ki, proseslər oraya doğru gedir. Əslində Ukraynaya silah yardımını dayandırıb zəif salınması da bu planın tərkib hissəsi idi. Məqsəd Avropanın digər dövlətlərini də rus xofu ilə qorxudub birbaşa savaş girməyə məcbur etmək idi. Fikrimcə, yaxın zamanlarda Polşanın, Baltikyanı ölkələrin, Moldovanın, Balkanların da, hətta Cənubi Qafqazın da qarışacağını izləyəcəyik. Artıq bu istiqamətdə ciddi təşəbbüslərin ortaya çıxdığını müşahidə edirik. Balkanlarda serb-alban ziddiyyətləri alovlandırılır, Gürcüstanda rus yanlısı-Avropa yanlısı qütblər arasında vətəndaş müharibəsi çıxarılmağa çalışılır, Moldovada da vəziyyət o qədər ürək açan deyil. Yəqin ki, yaxın zamanlarda biz bu coğrafiyalarda da ciddi qarşıdurmaların yaşanacağını görəcəyik. Xüsusilə Şərqi Avropanın qarışması istər-istəməz digər ölkələrin də proseslərə qoşulmasına yol aça bilər. Məsələn, Moldovanın köməyinə Rumıniya, Baltikyanı ölkələrin imdadına Almaniya kimi ölkələr gələ bilər. Yeganə sevindirici hal odur ki, Ermınistan-Azərbaycan arasında ziddiyyətləri körükləmirlər. Çünki bu zaman Türkiyə və Fransa kimi ölkələrin arasında da ziddiyyətlər meydana çıxa bilər. Nəticədə NATO ölkələrinin özləri də parçalanar”.
E.Məmmədəliyev,
Musavat.com
Paylaş: