Ukraynaya Qərb silahlarından istifadə edərək Rusiyanın dövlət sərhədləri daxilindəki hədəfləri vurmaq icazəsi verilib.
Ovqat.com-un məlumatına görə, Latviyanın xarici işlər naziri Bayba Braze bu iddianı irəli sürüb.
Nazir “European Pravda” qəzetinə müsahibəsində bildirib ki, artıq bəzi ölkələr Ukraynanı bu cür məhdudiyyətlər olmadan silahla təchiz ediblər.
O, eyni zamanda bu faktın bəzi səbəblərdən hələ ki, ictimaiyyətə açıqlanmadığını vurğulayıb.
“Əsas odur ki, döyüş sahəsinə təsir göstərmək mümkün olsun. Qarşıda isə bir seçim var: nəyisə yüksək səslə bəyan etmək, ya da sadəcə lazım olanı həyata keçirmək”, - Braze qeyd edib.
Xatırladaq ki, Qərb ölkələri Moskvanı qəzəbləndirməmək üçün Ukraynaya uzunmənzilli raketləri Rusiya ərazisinə atmamaq şərti ilə verirdilər. Hətta Almaniya kansleri Olaf Şols məhz bu səbəbdən Ukraynaya uzunmənzilli “Taurus” raketləri verməkdən imtina etmişdi. O demişdi ki, bu raketlərin veriləcəyi təqdirdə Ukrayna Moskvanı vura bilər. Nəticədə Rusiya-Almaniya arasında savaş çıxar. Sözügedən təhlükədən qaçmaq üçün Almaniya gərək Ukraynaya həmin raketləri atəşləndirən mütəxəssis də göndərsin. Bu isə alman əsgərlərini rus atəşi altına atmaq mənasına gəlir.
Latviya Xarici İşlər nazirinin sözlərinə inansaq, bəzi Qərb ölkələri Ukraynaya tətbiq edilən bu qadağanı ortadan qaldırıb. Bundan sonra Kiyev Rusiyanın daxilini də heç kimdən icazə almadan vura biləcək.
Paylaş: